Dünən sosial şəbəkələrdə aeroport yolunda küçəni süpürərkən maşın vurması nəticəsində dünyasını dəyişən yaşlı qadının fotosu ictimai qınağa səbəb olub.
Deyilən iradların çox hissəsi sürət həddi yüksək olan belə avtomobil yollarında insanların, əsasən də qadınların işləməsi ilə bağlı idi. İstifadəçilər buna etiraz edərək, bu cür durumlarda yolların texnika ilə deyil, belə yaşlı işçilər tərəfindən təmizlədilməsinə görə aidiyyəti qurumları qınayıb.
ÇıxışYolu.Com olaraq ötən gün sosial şəbəkələrdə bəzi istifadəçilərin bu məsələyə yaş məhdudiyyəti nəzərindən baxaraq, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, millət vəkili Musa Quliyevin fikirlərini öyrəndik.
Lakin onun söylədiyi fikirlər cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. Hətta cəmiyyətin ciddi iradına tuş gəldi.
Bəs, görəsən, surət həddi yüksək olan yollarda insanların təhlükəsizlik tədbirləri görülmədən işlədilməsi nə dərəcədə doğrudur?
Məsələ ilə bağlı ÇıxışYolu.Com-a açıqlama verən yol nəqliyyatı üzrə ekspert Ərşad Hüseynov bildirib ki, sürət həddi yüksək olan yollara piyadaların buraxılması qadağan olunmalıdır. Əks halda bu, çoxsaylı insan ölümlərinə gətirib-çıxara bilər:
“Əvvəla, onu bildirmək istərdim ki, yol hərəkəti qaydalarının 43-cü maddəsinə əsasən, avtomagistrallarda piyadanın olması və onların yol keçməsi birmənalı olaraq qadağandır. Çünki magistrallara tətbiq olunan sürət həddi 110 km saatdır.
Ona görə də belə yollarda piyadaların olması çox təhlükəli vəziyyətlər yaradır. Baş verən hadisə hava limanı yolunda olub. Oradakı sürət həddi avtomagistraldan çoxdur. Yəni, 120 km saatdır. Həmçinin kommunal təsərrüfat işlərini görən adamlar da yolda olmamalı və həmin yollar texnika ilə yığışdırılmalıdır. Bu qaydalara dünyanın bir çox ölkələrində riayət edilsə də, bizdə edilmir”.
Ekspert açıqlamasında bədbəxt hadisələrin qarşısının alınması məqsədilə təhlükəsizlik tədbirlərinin görülməsindən də danışıb:
“Belə durumlarda yolda təmizlik işi aparan şəxsin paltarının üzərində işıq qaytarıcısı olmalıdır. Məsələn, yol polislərində olduğu kimi. Onların formalarının fosforlu olması nəticəsində görmək, qaranlıqda seçmək daha asandır.
Əks halda belə yol-nəqliyyatı hadisələrinə dair standart cavab yoxdur. Bu cür hadisələrə fərdi qiymət verilir. Əgər sürücü həmin hadisənin qarşısını almaq üçün öz nəqliyyat vasitəsini sürət həddini azalda biləcəyi təqdirdə dayandırmayıbsa, sürücünün təqsiri böyükdür. Yox, həmin şəraitdə qadını görməyibsə, gördükdən sonra sürəti azaldıbsa, o zaman sürücünün təqsiri yoxdur”.