904839d8-41e9-47fe-a9b9-66c92d38576a..jpg

Suqovuşanda “Prezident Kuboku-2023” beynəlxalq reqatasının rəsmi açılışı olub – FOTO

Baxış sayı: 574 dəfə baxılıb.

Suqovuşanda “Prezident Kuboku-2023” beynəlxalq reqatasının rəsmi açılışı olub
– FOTO

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr
edilən “Prezident Kuboku-2023” beynəlxalq reqatasının açılış mərasimi keçirilib.

“Report”un məlumatına görə, Suqovuşanda təşkil olunan tədbirdə gənclər və
idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Qarabağ iqtisadi
rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna
olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini
Bəşir Hacıyev, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) prezidenti
Vüqar Əhmədov, federasiyanın baş katibi Fərhad Əliyev, “Azərreyl” Voleybol
Klubunun prezidenti Fərid Xəlilov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin
rəisi, Milli Olimpiya Komitəsinin üzvü Raqif Abbasov, digər federasiyaların
rəsmiləri və qonaqlar iştirak ediblər.

Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra söz çıxış üçün Vüqar Əhmədova verilib. Qonaqları salamlayan AKAF
prezidenti yarışda 20-dək ölkə idmançılarının iştirak etdiklərini xatırladıb. O
bildirib ki, reqatanın ilk günü məhz ümummilli lider Heydər Əliyevin tapşırığı
ilə inşa olunmuş Suqovuşan su anbarında keçirilir. V.Əhmədov bütün iştirakçı
ölkələrə uğurlar arzulayıb.

Ardınca danışan Bəşir Hacıyev turnirin əhəmiyyətindən söz açıb. O qeyd edib
ki, reqatanın ulu öndərin 100 illik yubileyinə həsr olunması xüsusi önəm
daşıyır:

“Qarabağa həyat qayıdır, işğaldan azad olunmuş torpaqlar önəmli beynəlxalq
tədbirlərə ev sahibliyi edir. Biz qalib ölkənin vətəndaşlarıyıq. Bu, hər zaman
bizə doğru yolu göstərəcək. İştirakçılara uğurlar arzu edirəm”.

Sonda isə Fərid Qayıbov çıxış edərək iştirakçıları salamlayıb. Nazir üçüncü
dəfə təşkil olunan beynəlxalq yarışda hər dəfə iştirakçı ölkələrin sayının
artdığını vurğulayıb:

“Tədbirimiz ən yüksək səviyyədə keçir. Buna görə nazirlik adından federasiyaya
təşəkkürümü bildirirəm. Təşkilatçılıq dövlətin dəstəyi olmadan mümkün deyil”.

F.Qayıbov deyib ki, idmançılar Prezident İlham Əliyev və Birinci
vitse-prezidentMehriban Əliyevanın diqqət və qayğısını daim hiss edirlər:

“Bu il “Heydər Əliyev İli”ni qeyd edirik. Müxtəlif federasiyalar beynəlxalq
tədbirlər keçirirlər”.

İdmançılara uğurlar arzulayan nazir yarışı açıq elan edib.

Açılış mərasiminin sonunda iştirakçı ölkələr təqdim olunublar.

Qeyd edək ki, mayın 7-dək davam edəcək reqatada 20-dək ölkədən avarçəkmənin
akademik, kayak və kanoe növlərində 100-dən çox yerli və xarici idmançı
qüvvəsini sınayacaq.

Yarışın ilk mərhələsi Suqovuşanda, növbəti mərhələləri Mingəçevirdəki “Kür”
Olimpiya Tədris-İdman Mərkəzində, mükafatlandırma və bağlanış mərasimləri isə
Bakıda keçiriləcək.

Source link