Bu gün Günəşli qəsəbəsi, D yaşayış sahəsində yeni şahmat məktəbi açılıb.
ÇıxışYolu.Com xəbər verir ki, yeni şahmat məktəbi iki mərtəbəlidir və SSRİ vaxtında tikilmiş bir mərtəbəli Cəlaləddin Naxçıvani adına şahmat məktəbinin yerində tikilib.
Açılış mərasimində Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şahmat Federasiyasının vitse-prezidentləri Mahir Məmmədov və Faiq Həsənov iştirak edib. Mərasimdə lent olsa da, İlqar Abbasovun istəyi ilə lent kəsilməsi mərasiminə ehtiyac duyulmayıb.
Abbasov çıxışında bildirib ki, Azərbaycan Şərq ölkəsidir və şahmat məhz şərqdə yaranıb:
“Şahmat məktəbləri Azərbaycanda çoxaldılmalıdır. Çünki bu torpaqdan çoxlu istedadlı şahmatçılar çıxıb. Təəssüf ki, sonradan bu torpaqdan çıxıb Azərbaycanın çörəyini danan şahmatçılar olub (Qarri Kasparovu nəzərdə tutur – S.M.).
Mən onların adlarını açıqlamaq istəmirəm. Ulu öndər Heydər Əliyev həmişə şahmat idman növünə xüsusi diqqət və qayğı göstərib. İlham Əliyev də həmin siyasəti davam etdirir”.
Suraxanı rayonundakı Gənclər evində şahmat dərnəyi fəaliyyət göstərir. Dərnəkdə yetmiş gənc şahmatla məşğul olur. “Neftçi” idman-sağlamlıq mərkəzində, rayonun mədəniyyət ocaqlarında, Yeni Günəşlidə “İlkin” şahmat klubu fəaliyyət göstərir.
Suraxanılı gənc şahmatçılardan Fazil Məmmədov, Məmmədbağır Hüseynli, Səyyarə Məmmədzadə və İsmayıl Qurbanov müxtəlif beynəlxalq yarışlarda ölkəmizi təmsil edirlər.
Bundan sonra tədbir iştirakçıları şahmat məktəbində yaradılan şəraitlə tanış olublar. Məlumat verilib ki, ümumi sahəsi 963 kvadratmetr olan binada şahmatın tədrisi üçün sinif otaqları, yarış zalları, müəllimlər otağı, kitabxana, tədris üçün nəzərdə tutulan və xüsusi şahmat proqramları ilə təchiz edilmiş kompüter, həkim, inzibati otaqlar, mətbəx və s. var.
Məktəbdə eyni vaxtda 70-80 nəfərin şahmatın sirlərinə yiyələnməsi üçün hər cür imkan yaradılıb. Bina tədris və yarışlar üçün nəzərdə tutulmuş elektron lövhələr, müvafiq inventar, avadanlıq və ləvazimatlarla tam təchiz edilib.
Şahmat məktəbinin binası müasir havalandırma, yanğından mühafizə və təhlükəsizlik sistemləri, kanalizasiya, elektrik, rabitə, internet xətləri ilə təchiz olunub. Ərazidə içməli və yanğına qarşı ehtiyat su anbarı, nasosxana da tikilib.
Qeyd edək ki, yeni şahmat məktəbi Gənclər və İdman Nazirliyinin maliyyəsi ilə açılıb. Məktəbin hələlik direktoru müəyyənləşməyib.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com