Suriya Qolan təpələrinə görə BMT-yə müraciət etdi

Baxış sayı: 2. 617 dəfə baxılıb.

Suriya Qolan təpələrinə görə BMT-yə müraciət etdi

Suriya ABŞ-ın Qolan təpələrini İsrail ərazisi olaraq tanıması ilə əlaqədar BMT Təhlükəsizlik Şurasında iclasın keçirilməsinə dair vəsatət qaldırıb.

Bu barədə “France Press” agentliyi məlumat yayıb.

Bundan əvvəl, martın 25-də ABŞ prezidenti Donald Tramp İsrailin Qolan təpələri üzərində suverenliyinin tanınması haqqında bəyannamə imzalayıb. Sənəd İsrail baş naziri Benyamin Netanyahu ilə Ağ Ev rəhbəri arasında keçirilən görüş zamanı imzalanıb.

Xatırladaq ki, 1944-cü ildən bəri Suriyaya məxsus olan Qolan təpələri 1967-ci ildə altıgünlük müharibənin gedişində İsrail tərəfindən zəbt olunub. 1981-ci ildə İsrail parlamenti “Qolan təpələri haqqında qanun” qəbul edərək, adıçəkilən bölgə üzərində birtərəfli olaraq suverenliyini elan edib.

BMT Təhlükəsizlik Şurası 17 dekabr 1981-ci il tarixli, 497 saylı qətnamə ilə Qolan təpələrinin İsrail tərəfindən ilhaq edilməsini qanunsuz sayıb.