Suriya səmasında Rusiya ordusuna aid “uçan radarlar” və kəşfiyyat təyyarələri qeydə alınıb.
ÇıxışYolu.Com xəbər verir ki, videogörüntünü terrorçuların fəaliyyətinin monitorinqini aparan “Directorate 4” təşkilatı öz “Telegram” kanalında yayıb.
Həma vilayətinin üzərindən uçan təyyarələrin “İL-20” radio-elektron kəşfiyyat təyyarəsi və uzaq məsafəli radiolokasiya tuşlama sistemi olan “A-50U” hərbi təyyarəsi olduğu bildirilir.
Hələ fevral ayında, Rusiyanın Suriyadakı Hmeymim bazasına dörd “SU-35C” və bir “A-50U” radiolokasiya təyyarəsi göndərdiyi barədə xəbərlər yayılıb.
Uzaq məsafəli radiolokasiya aşkarlama və idarəetmə sistemi ilə təchiz olunmuş “A-50U” təyyarəsi “İL-76” hərbi-nəqliyyat maşınının bazasında hazırlanıb.
Göyərtəyə quraşdırılmış çoxfunksiyalı radiotexnika kompleksi hava, su və quru hədəflərini aşkarlamağa, hədəfləri ötürməyə və müttəfiq qüvvələrlə əlaqələndirməyə imkan verir.