56e2eccf-4468-4b66-83c8-ed69e535391b..jpg

Suriyada “Azəri camaatı”nın tərkibində vuruşmuş azərbaycanlı zərgər necə həbs edilib?

Baxış sayı: 549 dəfə baxılıb.

Suriyada “Azəri camaatı”nın tərkibində vuruşmuş azərbaycanlı zərgər necə həbs
edilib?

Ölkə xaricində qanunsuz silahlı birləşmələrdə fəaliyyət göstərməkdə ittiham
olunan Akif Osmanovun məhkəməyə verdiyi ifadəsi məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin
hakimi Cavid Hüseynovun sədrliyi ilə keçirilən iclasda ona qarşı Cinayət
Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasının qanunvericiliyi ilə
nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların
yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı
ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz
etmə) maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilib.

Akif Osmanov ifadəsində göstərib ki, 2013-cü ilin aprel ayında iş yoldaşı
Elşad və onun tanışı Cavidlə birlikdə Gəncə hava limanından Türkiyəyə gedib,
Suriyaya keçmək imkanları olmadığından onlar iki ay orada qalıblar. İki aydan
sonra Salman adlı şəxs onlara köməklik göstərib. Həmin şəxslər Adanaya
gediblər, orada yol hazır olandan sonra – 2013-ci ilin təxminən iyul ayında
qaçaq yolla atla Suriyaya keçiblər. Suriyaya keçəndən sonra Akif orada “Abu
Yahya” dini ləqəbli Nicat Aşurov adlı azərbaycanlının rəhbərlik etdiyi “Azəri
camaatı”na daxil olub, idman təlimlərində, dini təlimlərdə və hərbi təlimlərdə
iştirak edib. Üzv olduğu qruplaşmada 30-35 nəfər olub. Lakin qrup üzvlərinin
hamısı azərbaycanlı olmayıb. Azərbaycan dilini bildikləri üçün özbəklər,
türklər də həmin qruplaşmaya üzv olublar. Həmin şəxslərdə ağır texnikalar, yəni
tank və ya top olmayıb, yalnız “Kalaşnikov” avtomatı varmış. Təlimlərdə avtomat
silahların sökülüb-yığılması öyrədilib.

O dindirilərkən hərbi təlimlərdə ara-sıra iştirak etdiyini söyləyib. Belə ki,
əvvəllər Azərbaycanda hərbi qulluq keçdiyi üçün silahların sökülüb-yığılmasını
bilib və bunu öyrənməyə əlavə ehtiyac qalmayıb. Şeyx Süleymanda olduğu
vaxtlarda silah çatışmadığından ona silah verilməyib. Yeni gələnlər orada təlim
keçiblər, sonra camaatlara bölüşdürülərək Haritan qəsəbəsinə göndəriliblər.
“Abu Yəhya camaatı”na keçib, iki-üç gündən sonra onlar Haritana gediblər. Akifə
ərəbcə “Abu Ömər” adı verilib. Orada gündüz növbətçi çıxanda həmin şəxslərə bir
saatlığa silah verilib. Həmin silah tam işlək vəziyyətdə, patronlarla dolu olub.

Akif Osmanov deyib ki, Suriyada günorta vaxtlarında keşikçilikdən başqa
fəaliyyəti olmayıb, heç kimə atəş açmayıb, heç bir aktiv döyüşdə iştirak
etməyib. Ailələri Türkiyə sərhədində yerləşən Atma şəhərində qalıb. O, təlimə
getdiyi uşaqlarla birlikdə maşın olandan-olana Şeyx Süleyman bölgəsindən iki-üç
gündən bir evinə, ailəsinin yanına gedib, subaylar isə orada qalıblar.

Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərib ki, 2013-cü ilin noyabr
ayında onun gözü zəif gördüyündən əməliyyatlara buraxılmayıb. Həmin ərəfədə
onların camaat üzvləri mühasirəyə düşüblər, onları yeddi-səkkiz nəfərlə köməyə
göndəriblər. Həmin şəxslər mühasirə yerinə çatıb maşından düşərkən yanlarında
mina partlayıb və Akif ayağından qəlpə yarası alıb. Bundan sonra bir müddət
müalicə olunub və normallaşdıqdan sonra, 2014-cü ilin yanvar ayında ailəsi ilə
birlikdə Suriyadan Türkiyəyə keçib. Suriyada təxminən altı ay qalıb. 2016-cı
ilin noyabr ayınadək Türkiyənin İstanbul şəhərində yaşayıb, sonra Düzcə
şəhərinə köçüblər.

Türkiyədə olarkən o, işləri ilə əlaqədar Qazaxıstana gedib. Sonra Türkiyəyə
geri qayıdan zaman Azərbaycan vəsiqəsi ilə Türkiyə onu qəbul etməyib. Türkiyəyə
qayıda bilməsi üçün o, Qazaxıstanda Salman adlı Türkiyə vətəndaşı ilə tanış
olub. Həmin şəxs pul qarşılığında ona köməklik edib və onun köməkliyi ilə
Özbəkistan vəsiqəsi alıb. Akif həmin vəsiqə ilə Türkiyəyə qayıdıb. Orada
qonşuların şikayəti əsasında polis onları bir yerdə qaldıqları beş nəfər türklə
birlikdə 2016-cı ilin noyabr ayının 9-da tutub. Əvvəlcə onlara, sadəcə, şikayət
olduğunu və üç gündən sonra buraxılacaqlarını desələr də, lakin buraxmayıblar.
2017-ci ilin mart ayında onlar məhkəməyə çıxarılıblar və barələrində İŞİD
terror qruplaşmasına üzv olmaları adı ilə 8 il 9 ay azadlıqdan məhrumetmə
cəzası təyin olunub.

Daha sonra onlar apellyasiya şikayəti veriblər. İkinci dəfə də məhkəmə olub və
şikayətləri təmin edilməyib. Sonra həmin şəxslər Ali Məhkəməyə şikayət ediblər.
2021-ci ilin oktyabr ayında onların İŞİD terror qrupunun üzvü olmalarını təsdiq
edən heç bir dəlil-sübut olmadığından bəraət alıblar və 2021-ci il oktyabr
ayının 7-də azadlığa buraxılıblar. Bəraət aldıqdan sonra Akif xarici ölkə
vətəndaşı olduğundan deportasiya edilməkdən ötrü Kayseri İlgöç idarəsinə təhvil
verilib, altı ay da orada qalıb. Daha sonra 2022-ci ilin aprel ayında
Azərbaycana deportasiya edilib. Azərbaycana gələndə isə hava limanında gecə
DTX-nin əməkdaşları onu qarşılayıblar.

2022-ci ilin may ayının 11-də növbəti sorğu-suala gedəndə isə artıq DTX
tərəfindən saxlanılıb.

Akif Osmanov bildirib ki, o, Suriyaya getməzdən əvvəl Bakı şəhərində “Moskva”
univermağında zərgər işləyib. Elşad da onunla bərabər zərgər imiş.

O söyləyib ki, Suriyaya gedəndə orada daha yaxşı yaşayacağına ümid etməyib,
qazanc məqsədi ilə oraya yollanmayıb. Suriyaya getməkdə məqsədinin nə olduğunu
başa düşməyib, birlikdə işlədiyi uşaqların tələsinə düşüb. Sözdə din yolu ilə
əlaqəli gedib. Suriyaya gedənə qədər əhli-sünnə təriqəti ilə ibadətlə məşğul
olub. Ailəsinin Suriyada qalması xərclərini o özü ödəyib.

Belə ki, Azərbaycandan gedərkən özü ilə müəyyən məbləğdə pul götürüb. Orada
ona cəmi bir-iki dəfə Abu Yəhya hərdən 50 dollar pul verib. Abu Yəhya ləqəbli
azərbaycanlı ölüb. Eyni zamanda Elşadın öldüyünü də eşidib, Caviddən isə heç
xəbəri olmayıb. Suriyaya getdiyinə görə çox peşman olub. Ailəsini altı ildən
artıq bir müddət ərzində görə bilməyib. Onun ailəsi hazırda Şabranda,
valideynlərinin yanında yaşayır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Akif Osmanov dörd il
müddətinə azadlıqdan məhrum edilib.

Source link