Suriyada terrorçulara qoşulan azərbaycanlı yenidən hakim qarşısında
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakı Apellyasiya Məhkəməsində Suriyada silahlı birləşmə tərkibində döyüşməkdə
ittiham olunan Bəxtiyar Şıxıyevin barəsindəki cinayət işi üzrə qərardan yenidən
verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elbəy Allahverdiyevin sədrliyi
ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları
dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası noyabrın 22-nə təyin edilib.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) beynəlxalq terrorçuluqla
mübarizə istiqamətində apardığı kompleks əməliyyat-istintaq tədbirləri
nəticəsində Azərbaycan vətəndaşı, 1989-cu il təvəllüdlü Bəxtiyar Səttərxan oğlu
Şıxıyevin ölkə hüdudlarından kənarda terror aktlarının törədilməsi ilə müşayiət
olunan, dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində aparılan
silahlı münaqişələrdə iştirak etmək məqsədilə müxtəlif vaxtlarda Suriya Ərəb
Respublikasının Rifil-Muhandis qəsəbəsində xüsusi hazırlıq düşərgəsində
təlimlər keçməsinə, müxtəlif odlu silahlardan istifadə qaydalarına yiyələnərək
“Cundul Şam” adlı qanunsuz silahlı dəstənin fəaliyyətində iştirakına əsaslı
şübhələr müəyyən edilib.
DTX-də başlanılan cinayət işi üzrə Bəxtiyar Şıxıyev şübhəli şəxs qismində
saxlanılaraq Azərbaycan Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycan
Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək
məqsədilə sabit qruplar yaratma, həmin qruplarda, təlimlərdə və ya silahlı
münaqişələrdə iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət
məsuliyyətinə cəlb olunub, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan
tədbiri seçilib.
B.Şıxıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə
azadlıqdan məhrum edilib.