Bu gün Bakıda saat 11:00-dan 14:00-dək nəqliyyat monitorinqi keçiriləcək.
Cixisyolu.com xəbər verir ki, bu barədə Bakıda nəqliyyatın idarə olunması planı və bu
istiqamətdə icrası nəzərdə tutulan kompleks tədbirlər barədə ictimaiyyəti
məlumatlandırmaq məqsədilə COP29 Azərbaycan Əməliyyat Şirkəti, Baş Dövlət Yol
Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) iştirakı ilə
COP29 nəqliyyat planının təqdimatına dair keçirilən dünənki brifinqdə məlumat
verilib.
Məlumata əsasən, nəqliyyat monitorinqi bu gün – 3 noyabr tarixində saat
11:00-dan 14:00-dək keçiriləcək. Monitorinq tədbirləri Heydər Əliyev,
İstiqlaliyyət, Nərimanov, Xətai, Tbilisi, Azadlıq və Neftçilər prospektləri,
eləcə də Lermontov, Teymur Elçin, Niyazi, Nizami, Yusif Səfərov, Mikayıl
Hüseynov, Rəşid Behbudov, Xəqani Rüstəmov, Puşkin, Abdulla Şaiq, Nizami, İzmir,
Bakıxanov küçələri, həmçinin Mərdəkan, Zığ və Aeroport şoselərini əhatə edəcək.
Sözügedən müddətdə qeyd edilən yollarda nəqliyyatın hərəkətinə tətbiq ediləcək
məhdudiyyətlər nəzərə alınaraq sürücülərdən alternativ yollardan və ictimai
nəqliyyat vasitələrdən istifadə edilməsi xahiş olunur.
Ölkəmizdə keçirilən beynəlxalq COP29 konfransı zamanı paytaxtda nəqliyyat
hərəkətinin idarə olunmasının optimallaşdırılması, şəhər nəqliyyatının
təhlükəsiz və nizamlı təşkili, eləcə də hərəkət iştirakçılarının rahatlığının
təmin edilməsi məqsədilə noyabrın 3-də saat 10:00-15:00 arası bir sıra müntəzəm
avtobus marşrutlarının hərəkət sxemləri və son dayanacaq məntəqələri
dəyişdiriləcək.
Yolların bağlanması ilə əlaqədar, hərəkət sxemləri dəyişdirilən avtobus
marşrutlarının siyahısını təqdim edirik:
Məmmədli, Buzovna, Maştağa, Bilgəh, Nardaran, Ramana, Balaxanı qəsəbələri və
Albalılıq, Savalan (139 nömrəli marşrut) yaşayış massivlərində fəaliyyət
göstərən marşrut avtobusları Zabrat şosesindən Balaxanı yolu ilə “Ulduz” metro
stansiyasınadək;
Badamdar, Lökbatan və Bayıl qəsəbələri, Yasamal Yaşayış Kompleksi, Yeni
Yasamal yaşayış massivi, 9-cu mikrorayon, Bakı Beynəlxalq Avtovağzal
Kompleksindən şəhər mərkəzi istiqamətində fəaliyyət göstərən marşrut
avtobusları “Elmlər Akademiyası” metro stansiyasınadək;
Sabunçu dəmiryol stansiyasından Bakıxanov qəsəbəsi və “Neftçilər” metro
stansiyası istiqamətində fəaliyyət göstərən marşrut avtobusları Asif
Əsədullayev və Yavər Əliyev küçələri ilə;
Ramana qəsəbəsindən və Sabunçu dəmiryol stansiyasından Qara Qarayev prospekti
istiqamətində fəaliyyət göstərən marşrut avtobusları Balaxanı yolu ilə;
“Dərnəgül” metro stansiyasından Sabunçu dəmiryol stansiyasına fəaliyyət
göstərən marşrut avtobusu Balaxanı yolu ilə;
“Dərnəgül” metro stansiyasından Badamdar qəsəbəsinə, həmçinin Yeni Yasamal
yaşayış massivindən 7 saylı “ASAN Xidmət” mərkəzinə fəaliyyət göstərən marşrut
avtobusları Ş.Mehdiyev, H.Əliyev, S.Vurğun, Mərdanov qardaşları, Bakıxanov
küçələri, əks istiqamətdə isə N.Yusifbəyli, S.Vurğun, H.Əliyev, Ş.Mehdiyev
küçələri ilə hərəkət edəcək.
Bundan başqa COP29 konfransının baş tutacağı məkanları istiqamətində nəqliyyat
hərəkətinin intensivləşəcəyi nəzərə alınaraq, bu ərazilərdə sıxlığı azaltmaq,
sakinlər və qonaqlar üçün təhlükəsiz və səmərəli nəqliyyatı təmin etmək
məqsədilə bəzi avtobus marşrutlarının son dayanacaq məntəqəsi dəyişdirilib.
Son dayanacaq məntəqəsi dəyişdirilən müntəzəm avtobus marşrutları
aşağıdakılardır:
“Nəriman Nərimanov” metro stansiyası, 7-ci və 9-cu mikrorayondan şəhər mərkəzi
istiqamətində fəaliyyət göstərən marşrutların son dayanacaq məntəqəsi “28 May”
metro stansiyasının yaxınlığı;
Əhmədli qəsəbəsi, Cəmşid Naxçıvanski küçəsi (“8-ci kilometr” bazarı), Sabunçu
qəsəbəsi (68 nömrəli məktəb) ərazilərdən şəhər mərkəzi istiqamətində fəaliyyət
göstərən marşrutların son dayanacaq məntəqəsi “Xətai” metro stansiyası;
Zabrat qəsəbəsi “Kərpic zavod” və “Yeni məhəllə” adlanan ərazilərdə, həmçinin
71 nömrəli məktəbin yaxınlığında fəaliyyət göstərən marşrutların son dayanacaq
məntəqəsi Sabunçu dəmiryol stansiyası;
Ramana – Yeni yaşayış kompleksi (Ramana qəsəbəsi, 163 nömrəli marşrut),
Suraxanı qəsəbəsi və Ramana qəsəbəsi (“Şuşa şəhərciyi” adlanan ərazi) fəaliyyət
göstərən marşrutların son dayanacaq məntəqəsi “Koroğlu” Nəqliyyat Mübadilə
Mərkəzi (“Piramida” tərəf, dəmiryol stansiyası);
Pirşağı qəsəbəsi, Pirşağı bağlarında və Savalan yaşayış massivində (197
nömrəli marşrut) fəaliyyət göstərən marşrutların son dayanacaq məntəqələri
Zabrat dairəsi;
Hövsan qəsəbəsindən şəhər mərkəzinə fəaliyyət göstərən marşrutun son dayanacaq
məntəqəsi “Həzi Aslanov” metro stansiyası;
Günəşli qəsəbəsindən şəhər mərkəzinə fəaliyyət göstərən marşrutun son
dayanacaq məntəqəsi Ramiz Quliyev küçəsi (Radiozavod, “Bravo” market);
Şüvəlan və Qala qəsəbələrindən şəhər istiqamətində fəaliyyət göstərən marşrut
avtobusları Qala-Pirallahı yolu və Zığ şosesi ilə hərəkət edəcək. Marşrutun son
dayanacaq məntəqəsi “Əhmədli” metro stansiyası;
Binə qəsəbəsindən şəhər istiqamətində fəaliyyət göstərən marşrut avtobusu Zığ
şosesi ilə hərəkət edəcək. Marşrutun son dayanacaq məntəqəsi “Həzi Aslanov”
metro stansiyası;
Bakı Beynəlxalq Avtovağzal Kompleksindən “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi
istiqamətində fəaliyyət göstərən marşrutun son dayanacaq məntəqəsi “Gənclik”
Nəqliyyat Mübadilə Mərkəzi;
“AzərSu” Tikinti Xəstəxanasından Sabunçu qəsəbəsi istiqamətində fəaliyyət
göstərən marşrutun başlanğıc dayanacaq məntəqəsi “AzərSu” Tikinti Xəstəxanası,
son dayanacaq məntəqəsi isə “Neftçilər” metro stansiyası;
Cəmşid Naxçıvanski adına hərbi liseydən “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi
istiqamətində fəaliyyət göstərən marşrutun son dayanacaq məntəqəsi Yavər Əliyev
küçəsi (Bakıxanov qəsəbəsi);
Sahil qəsəbəsindən “Sahil” metro stansiyası istiqamətində fəaliyyət göstərən
marşrutun son dayanacaq məntəqəsi “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzi
(Lökbatan dairəsi);
Keşlə qəsəbəsindən Qara Qarayev prospekti ilə “Koroğlu” Nəqliyyat Mübadilə
Mərkəzinə daxil olan marşrutun son dayanacaq məntəqəsi Azər Manafov küçəsi
(“Qara Qarayev” metro stansiyası) təyin edilib.
Qeyd edək ki, müvəqqəti dəyişikliklər xarici ölkə liderlərinin, iqlim
dəyişikliyi üzrə ekspertlərin və mütəxəssislərin iştirak edəcəyi COP29 zamanı
şəhərdə ictimai nəqliyyatın hərəkətində gecikmələrin qarşısını almağa və
piyadaların təhlükəsizliyini artırmağa kömək edəcək.