Sürücülük vəsiqəsi olmadan avtobus sürən, qadını vurub üstündən keçən şəxs
cəzasından narazı qalıb
Bakı Apellyasiya Məhkəməsində avtomobillə piyadanı vuraraq öldürməkdə
təqsirləndirilən F.Mahmudovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti
üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Murquzovun sədrliyi ilə
keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, onun apellyasiya şikayəti
təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Mahmudov beş il altı ay
müddətinə azadlıqdan məhrum edilib. Barəsində seçilmiş başqa yerə getməmək
haqqında iltizam qətimkan tədbiri ləğv olunaraq həbs qətimkan tədbiri ilə əvəz
olunub və dərhal məhkəmə zalında həbsə olunub.
İttihama görə, 1972-ci il təvəllüdlü F.Mahmudov nəqliyyat vasitəsini idarə
etmək hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq
ehtiyatsızlıqdan zərərçəkmiş X.Vəliyevanın ölümünə səbəb olub. Belə ki, o, 19
may 2014-cü ildə, saat 18:19-da şirkətlərin birinə məxsus avtobusla paytaxtın
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi ilə Bakıxanov
qəsəbəsindən Qaraçuxur qəsəbəsi istiqamətində saatda 15 kilometr sürətlə
hərəkətdə olarkən yolu keçmək istəyən piyada, zərərçəkmiş X.Vəliyevanı vurub,
üstündən keçib. Ağır bədən xəsarətləri alan qadın dünyasını dəyişib. Hadisədən
doqquz il sonra F.Mahmudov məhkəmə qarşısına çıxarılıb. İstintaq orqanı
tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya
nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat
vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham
irəli sürülüb