15 iyun Azərbaycan və Türkiyə tarixində ən önəmli və strateji günlərdən biridir.
Məhz 2021-ci il iyunun 15-də “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalandı.
Bu strateji mesaj baxımında o dövrü həm regionda, həm də dünyada ən çox diqqətçəkən gediş idi. Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır.
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu.
Sonrakı dövrlərdə Şuşa Bəyannaməsinin önəmi və strateji əhəmiyyəti çox aydın şəkildə göründü.
Deputat Bəhruz Məhərrəmov mövzu ilə bağlı “Cebhe.info”ya açıqlamasında deyib ki, üç il öncə “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması postmünaqişə dövrünün əsas siyasi hadisələrindən biridir və Prezident İlham Əliyevin diplomatik zəfəri kimi ciddi geostrateji əhəmiyyət kəsb edir:
“Mahiyyətini və əhəmiyyətini dərk etmək üçün ilk növbədə Şuşa Bəyannaməsinə konseptual yanaşma vacibdir. Yəni, biz bu sənədə Azərbaycan və Türkiyə arasında bütün əməkdaşlıq istiqamətlərini əhatə edən mexanizmdən daha çox, bütövlükdə bölgənin gələcək siyasi kursunu müəyyən edən “yol xəritəsi” kimi baxmalıyıq.
Məhz cənab İlham Əliyevin də böyüklüyü ondadır ki, çox mürəkkəb geosiyasi coğrafiyada belə bir mexanizmin imzalanmasına və digər 3-cü tərəflərin bu reallığı qəbul etməsinə nail olub.
Uzun illərin təcrübəsi olan ənənədən aydındır ki, Şuşa Bəyannaməsində Ankara ilə beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi, iqtisadi, ticari məsələlər, o cümlədən mədəniyyət, təhsil, idman, gənclər siyasəti kimi bir çox önəmli məsələlər öz əksini tapıb.Şübhəsiz ki, daha çox nəzərə çarpan yaxud, diqqət yetirməli olduğumuz məqam müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləridir.
Ermənistanın məğlubiyyəti ilə barışmayaraq yeni reallıqları qəbul etmək istəməyən üçüncü tərəflər üçün Azərbaycan və Türkiyənin bundan sonra da hər zaman bir yerdə olacağı və bir-birimizin təhlükəsizliyimizi təmin edəcəyimizi rəsmən bəyan etməyimiz çoxları üçün ciddi çəkindirici siqnal oldu.
Necə ki, cənab İlham Əliyev döyüş meydanında Müzəffər Ali Baş Komandan kimi qələbəyə nail oldu, elə də diplomatiyada da düşmənin havadarlarını faktiki pat vəziyyətinə qoydu. Digər tərəfdən, müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri barədə aydın “yol xəritəsi” müəyyən edilməklə, Ankara-Bakı tandeminin müddətsiz, güclənən xətt üzrə inkişaf edən müttəfiqlik olduğu mesajı verildi”.
Deputat qeyd edib ki, birlikdə verilən mesajlar önəmlidir, lakin ondan da önəmlisi bu mesajların realizəsi istiqamətində fəaliyyətdir:
“Ötən üç ilik müddəti təhlil edərkən, Azərbaycan və Türkiyə prezidentlərinin bu fəaliyyətə sadiqliyi mənzərəsinin şahidi oluruq. Yəni, Şuşa Bəyannaməsi kifayət qədər ciddi fəaliyyətə çevirmək mümkün olub.
Azərbaycanda Türkiyə ordusunun kiçik, lakin daha mütərəqqi modelinin yaradılması istiqamətində həlledici hərbi islahatlar aparılıb. Ötən ilin sentyabrında zərgər dəqiqliyi ilə keçirilən lokal xarakterli antiterror tədbirləri bunu bir daha sübut etdi.
Ən müasir müdafiə sənayesi məhsullarının istehsalına başlanıldı ki, təbii ki, bu barədə ictimaiyyətə detallı məlumat verilə bilməz. Habelə, başda Qarabağ və Şərqi Zəngəzurda quruculuq-bərpa prosesi olmaqla, Ankara və Bakı tam mənada vahid hərəkət nümunəsi ortaya qoydu. Daha dəqiq desək, Ümummilli Liderin “Bir millət, iki dövlət” ideyasını cənab İlham Əliyev Şuşa Bəyannaməsinin icraatında tam mənada reallaşdıra bildi.
Bəyannamədə diqqət çəkən digər vacib məqam, enerji təhlükəsizliyi məsələsidir ki, biz heç bir il ötmədən cənab İlham Əliyevin siyasi uzaqgörənliyinin bir daha şahidi olduq. Qərbi enerji ehtiyaclarının artığı bir dönəmdə, Rusiya-Ukrayna münaqişəsi fonunda Cənub Qaz Dəhlizinin yalnız Türkiyə və Azərbaycan üçün deyil, bütövlükdə Avropa üçün önəmi daha aydın formada göründü”.
Bəhruz Məhərrəmov onu da əlavə edib ki, Prezident İlham Əliyevin digər mühüm addımı Şuşa Bəyannaməsi imzalandıqdan sonra digər qonşuların narahatlığı üzərində qurulmuş bəzi spekuliyasiyalara kökündən son qoyması ilə bağlı oldu:
“Rusiya öncə Zəngəzur dəhlizi məsələsində rəsmi Bakı ilə həmfikir olduğunu bəyan etdi, daha sonra isə Şuşa Bəyannaməsinə paralel olaraq Bakı ilə Moskva arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamə imzalandı.
Həmçinin, zamanla İranla münasibətlərdə tamamilə yeni bir səhifə açaraq, bu ölkəni cənubi Zəngəzur dəhlizinin iştirakçısına çevirməklə, cənab İlham Əliyev sözün əsl mənasında çoxlarına ustad dərsi keçdi.
Beləliklə, imzalanmasının üçüncü ildönümündə görünən odur ki, bu gün Şuşa Bəyannaməsi güclənən Azərbaycan-Türkiyə qardaşlığını, daimi birliyini bütün dünyaya bildirən bir mesaj olmaqla bərabər, həm də regionun təhlükəsizliyini ehtiva edən keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır”.