“Şuşa – tələbələrin gözü ilə” layihəsi çərçivəsində yekun forum başa çatıb –
FOTO
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclər Fondunun
dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ)
təşkilatçılığı ilə həyata keçirilən “Şuşa – tələbələrin gözü ilə” layihəsinin
yekun forumu 29 sentyabr tarixində Bakı Gənclər Mərkəzində uğurla başa çatıb.
300-ə yaxın gəncin iştirak etdiyi yekun forumun əsas məqsədi Azərbaycan
Respublikasının Gənclər Fondunun dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə 3 və 5
sentyabr tarixlərində 180-dən çox gəncin iştirakı ilə həyata keçirilən “Şuşa –
tələbələrin gözü ilə” layihəsi çərçivəsində təşkil olun iki səfərin ümumi
nəticəsini ictimaiyyətə təqdim etmək olub.
Açılış mərasimində Gənclər Fondunun icraçı direktoru vəzifəsini müvəqqəti icra
edən Qədir Xəlilov və ATGTİ-nin sədri Pərviz Mirələmli çıxış edərək tələbələrə
uğurlar arzulayıblar. Açılış mərasimi Milli Konservatoriyanın tələbələrinin
segah muğamı ilə davam edib.
Tədbirdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının baş katibi Rəşad
Zeynalovun moderasiyası ilə “Şuşanın, eləcə də Qarabağın beynəlxalq
münasibətlərdə Azərbaycan üçün əhəmiyyəti” adlı panel müzakirəsi keçirilib.
Paneldə spikerlər mövzuya və tələbələrin suallarına uyğun olaraq insan
hüquqları, mədəni irsimizin qorunması və media savadlılığının əhəmiyyəti kimi
vacib məqamları vurğulayaraq interaktiv müzakirələr aparıblar.
Layihə çərçivəsində səfərlərdə iştirak edən memarlıq, hüquq, diplomatiya və
jurnalistika ixtisasları üzrə təhsil alan yerli və xarici tələbələrin layihənin
gedişatında göstərdiyi fəaliyyətin hesabatı təqdim olunub.
Sadalanan ixtisaslarda təhsil alan tələbələrin hazırladığı təkliflər
mükafatlandırılıb. Belə ki, tələbələrə layihənin gedişatında hazırladıqları
beynəlxalq məhkəmələrə ünvanlanacaq “ən yaxşı müraciət”, Qarabağın beynəlxalq
münasibətlərdəki əhəmiyyətinə dair “ən yaxşı hal araşdırması”, kütləvi
informasiya vasitələrində Şuşa ilə bağlı həqiqətlərə dair məzmun paylaşılması
istiqamətində “ən yaxşı məqalə”, Şuşanın, eləcə də işğaldan azad olunmuş
ərazilərdə infrastrukturun bərpasında memar yanaşmasına dair “ən yaxşı layihə”
nominasiyalarında mükafatlar təqdim olunub.
Layihədə iştirak edən əcnəbi gənclər də sosial media platformalarında
təəssüratları ilə bağlı paylaşımlarına görə mükafatlandırılıblar.