32f7a435-b08d-4838-894f-b7431ac06ae2.jpg

Şuşada beynəlxalq forum keçirilib

Baxış sayı: 247 dəfə baxılıb.

Şuşada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin maliyyə kəşfiyyatı
orqanlarının təmsil olunduğu “Maliyyə kəşfiyyatı üçün yüksək texnologiyaların
tətbiqi və məlumat mübadiləsi” mövzusunda beynəlxalq forumda əməkdaşlıq
haqqında fikir mübadiləsi aparılıb.

Cixisyolu.com xəbər verir ki, Türk Dövlətləri Təşkilatının baş katibinin müavini,
Təşkilatın üzv və müşahidəçi ölkələrinin maliyyə monitorinqi orqanlarının
nümayəndələri və digər qonaqlar “Maliyyə kəşfiyyatı üçün yüksək
texnologiyaların tətbiqi və məlumat mübadiləsi” mövzusunda beynəlxalq forumda
iştirak etmək üçün Azərbaycana səfər ediblər.

Qonaqlar Bakıda Fəxri xiyabanda türk dünyasının böyük oğlu və Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək
məzarı önünə əklil qoyub, gül dəstələri düzüblər. Görkəmli oftalmoloq-alim,
akademik Zərifə Əliyevanın da məzarı üzərinə güllər düzülüb və əziz xatirəsi
anılıb.

Türk xalqları arasında qardaşlıq və dostluq münasibətlərinin, eləcə də tarixi
və mədəni əlaqələrin inkişaf etdirilməsi, habelə türk dövlətlərinin cinayət
yolu ilə əldə edilən əmlakın leqallaşdırılması və terrorçuluğun
maliyyələşdirilməsi ilə mübarizədə əməkdaşlığının daha da genişləndirilməsi
məqsədilə Şuşa şəhərində keçirilən Forum, həm də Maliyyə Monitorinqi Xidmətinin
(MMX) yaradılmasının 15 illiyinə həsr edilib.

Forumda Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin maliyyə
kəşfiyyatı orqanları təmsil olunub. Tədbir çərçivəsində panel müzakirələr
keçirilib, maliyyə kəşfiyyatı orqanlarının qarşılıqlı fəaliyyəti və qabaqcıl
təcrübələrin tətbiqi haqqında fikir mübadiləsi aparılıb.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi
nümayəndəsi Aydın Kərimov türk dövlətləri başçılarının ölkələrimiz arasında
əlaqələrin gücləndirilməsi istiqamətində təşəbbüslərinin önəmini vurğulayıb.
Qeyd edilib ki, forumun azad Şuşada keçirilməsi türk dövlətləri arasında
tərəfdaşlığın inkişafı baxımından xüsusilə əlamətdardır.

Türk Dövlətləri Təşkilatının rəsmisi Ömər Kocaman türk dünyası ölkələri
arasında dərin tarixi, mədəni və sosial əlaqələri qeyd edib, münasibətlərin
maliyyə cinayətləri ilə mübarizə sahəsində də gücləndirilməsinin əhəmiyyətindən
danışıb.

MMX-nin İdarə Heyətinin sədri Zaur Fətizadə cinayət yolu ilə əldə edilən
əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə
sisteminin beynəlxalq standartlara uyğun formalaşdırılması və inkişaf
etdirilməsi istiqamətində atılmış addımlar və beynəlxalq əməkdaşlıq haqqında
iştirakçıları məlumatlandırıb. Qeyd olunub ki, maliyyə cinayətlərinə qarşı
mübarizədə türk dövlətləri arasında tərəfdaşlıq önəm kəsb edir. Forumda türk
dövlətlərinin maliyyə cinayətlərinə qarşı əməkdaşlığına həsr edilmiş videoçarx
nümayiş etdirilib.

Tədbirdə maliyyə kəşfiyyatı orqanlarının rəhbərləri təmsil etdikləri ölkələrin
cinayət yolu ilə əldə edilən əmlakın leqallaşdırılması və terrorçuluğun
maliyyələşdirilməsi ilə mübarizə təcrübəsi barədə çıxış ediblər.

Forumda MMX tərəfindən tətbiq olunan qabaqcıl texnologiyalar və süni zəka
əsasında hazırlanmış Şübhəli Əməliyyatların Monitorinqi Sistemi (ŞƏMS) təqdim
edilib. Proqram təminatı 17 moduldan ibarətdir.

Bu yeni proqram təminatında müasir standartlara cavab verən uçot və
hesabatlılıq sistemi yaradılıb, digər dövlət qurumları ilə inteqrasiya təmin
edilib, təhlil işlərində yeni innovativ tətbiqlərdən və vizuallaşdırmadan
istifadə olunmuşdur. Məlumat bazasının tamlığının təmin edilməsi üçün çarpaz
yoxlamalar və risklərin idarə olunması sistemi yaradılıb, ölkənin və
fəaliyyətin spesifikliyinə uyğun proqram təminatında təkmilləşdirmələrin
operativ aparılması imkanı yaradılıb.

Münasibətlərin avtomatlaşdırılmasının təkmilləşdirilməsi, proseslərin idarə
olunmasının asanlaşdırılması məqsədilə proqram təminatının istifadəçilərinin,
yəni öhdəlik daşıyan şəxslər, nəzarət və hüquq-mühafizə orqanlarının elektron
qeydiyyatı sistemi yaradılıb. Rahat elektron qeydiyyat sisteminin tətbiqindən
qısa müddət keçməsinə baxmayaraq, ümumiyyətlə əvvəl istifadədə olmuş sistemdə
qeydiyyatdan keçmiş şəxslərdən 54 faiz çox öhdəlik daşıyan şəxs qeydiyyatdan
keçirilib.

“Davamlı əməkdaşlığın gələcəyi” mövzusunda müzakirələrin nəticəsi olaraq, türk
dövlətlərinin maliyyə kəşfiyyatı orqanları “Şuşa Təşəbbüsü”nü yekdilliklə qəbul
ediblər. “Şuşa Təşəbbüsü”ndə məqsəd türk xalqları arasında maliyyə
cinayətlərinə qarşı mübarizə sahəsində əməkdaşlığı inkişaf etdirməkdir.

Source link