f13cb05b-b91b-4ace-ac4e-e54f135a3611..jpg

Şuşada III “Korkut Ata” Türk Dünyası Film Festivalı keçiriləcək

Baxış sayı: 672 dəfə baxılıb.

Şuşada III “Korkut Ata” Türk Dünyası Film Festivalı keçiriləcək

8-11 oktyabr tarixlərində Bakı və Şuşa şəhərlərində III “Korkut Ata” Türk
Dünyası Film Festivalı keçiriləcək.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, festival Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, TÜRKSOY,
Azərbaycan Respublikası Kino Agentliyi və Bakı Media Mərkəzinin birgə
təşkilatçılığı ilə reallaşacaq.

Festivalın məqsədi Türk dünyasının birliyini və türk xalqları arasında mədəni
əməkdaşlığı inkişaf etdirmək, türk dövlətlərinin iştirakı ilə ortaq audiovizual
məkan yaradaraq türk xalqlarının bu məkana inteqrasiyasına töhfə verməkdir.
2021-ci ildən təşkil olunan festivalın ilki Türkiyənin İstanbul şəhərində, ötən
il isə qardaş ölkənin Bursa şəhərində həyata keçirilmişdi.

Builki festivalda Türkiyə mədəniyyət və turizm nazirinin müavini Batuhan
Mumcu, Özbəkistan Mədəniyyət Nazirliyi yanında Kinematoqrafiya Agentliyinin
direktoru Firdavs Abduxalikov, Özbəkistan Respublikası Kinematoqrafçılar
İttifaqının sədri Matyakub Matçanov, Qazaxıstan Respublikası “Milli Kinoya
Dövlət Dəstəyi Mərkəzi” QSC-nin İdarə Heyətinin sədri Kurmanbek Jumaqali,
“Qazaxfilm”in prezidenti Azamat Satıbaldı və digər türk dövlətlərinin müvafiq
sahə üzrə rəsmi şəxsləri, TÜRKSOY-un rəhbərliyi, eləcə də tanınmış türkiyəli
kinorejissor Semih Kaplanoğlu – ümumilikdə türk xalqlarının
kinematoqrafçılarından ibarət 100-dən çox xarici qonağın iştirakı gözlənilir.

Festivala Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və
Türkmənistanla yanaşı, Qaqauz Yeri (Moldova), Tatarıstan, Altay və
Başqırdıstandan (Rusiya Federasiyası), həmçinin azsaylı türk xalqlarından
təqdim olunan 40-a yaxın bədii, sənədli və animasiya filminin oktyabrın 8-dən
11-dək Nizami Kino Mərkəzində nümayişi baş tutacaq.

Festival çərçivəsində türk dövlətlərindən olan tanınmış kinematoqrafçıların
TÜRKSOY tərəfindən 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan
edilmiş Şuşa şəhərinə tanışlıq səfərinin təşkil edilməsi və Bakı şəhərində
zirvə toplantısının keçirilməsi nəzərdə tutulur.

“Korkut Ata” III Türk Dünyası Film Festivalının oktyabrın 8-də rəsmi açılış və
oktyabrın 11-də bağlanış mərasimləri təntənəli şəkildə Heydər Əliyev Mərkəzində
keçiriləcək.

Source link