İslam Dünyasının Mədəniyyət paytaxtı Şuşada ICESCO-nun İslam Dünyası İrs
Komitəsinin 12-ci sessiyası keçirilir.
Tədbirdə iştirak üçün Şuşaya gələn qonaqlar üçün öncə mədəni irs yerlərinə
ekskursiya təşkil edilib.
Dünən öz işinə başlayan sessiyada Azərbaycan Respublikası Prezidentinin xüsusi
nümayəndəsi Aydın Kərimov açılış nitqi ilə çıxış edərək qonaqları Şuşada
salamlayıb və komitənin işinə uğurlar arzulayıb. Daha sonra ICESCO-nun Baş
direktoru Salim Muhammed əl-Malikin tədbir iştirakçılarına müraciəti oxunub.
Mədəniyyət nazirinin müavini Səadət Yusifovanın açılış nitqində Azərbaycanın
mədəni irsi və bu irsin qorunması naminə həyata keçirilən dövlət siyasəti
haqqında ətraflı məlumat verib. Ölkəmizin zəngin tarixi-mədəni irsində Qarabağ
irsinin xüsusi yer tutduğunu deyən S.Yusifova, işğal dövründə dağıdılmış
abidələrə dair statistik məlumatları paylaşaraq mədəni mühitin və irsin
canlandırılması üçün hazırda davam edən bərpa-quruculuq işləri haqqında danışıb.
Bununla yanaşı, təbii irsin qorunmasının vacibliyini vurğulayan nazir müavini
Mədəniyyət Nazirliyinin COP29 çərçivəsində planlaşdırdığı beynəlxalq tədbirlər
və yeni təşəbbüslər haqda məlumat verib.
Açılış sessiyasında daha sonra çıxış edən komitənin sədri, Səudiyyə Ərəbistanı
təmsilçisi Alayidarus Muhammed yüksək səviyyədə təşkilatçılığa görə ev sahibi
Azərbaycana təşəkkürünü bildirib və sessiyanın gündəliyi barədə məlumat verib.
Açılış sessiyasının sonunda Şuşa Qoruğuna həsr olunmuş xüsusi təqdimat
izlənilib. Açılış sessiyasının sonunda komitə üzvləri xatirə fotosu çəkdiriblər.
Fasilədən sonra keçirilən birinci sessiyada İslam Dünyası İrs Mərkəzinin
direktoru Vebber Ndoro tərəfindən mərkəzin konsepsiyası, növbəti iki ili əhatə
edən prioritetləri təqdim edilib. Təqdimata dair Azərbaycan, Burkino-Faso,
Qətər, Fələstin və digər ölkələrin təklifləri müzakirə edilib.
Ekspertlər şurasında ölkəmizi təmsil edən Rizvan Bayramovun çıxışında komitə
tərəfindən İslam ölkələrində mövcud olan qeyri-islam irsi, eləcə də,
qeyri-islam ölkələrində mövcud islam irsinin müvafiq siyahıyaalma mexanizmləri
üzrə işin təkmilləşdirilməsi təklif edilib.
İkinci sessiyada 2024-cü ildə həyata keçirilmiş layihələr üzrə hesabatlara
baxılıb, komitə üzvlərinin təklifləri müzakirə edilib.
Sessiya öz işini bu gün davam etdirəcək.