Şuşada TÜRKSOY Daimi Şurasının 40-cı iclası keçirilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Oktyabrın 13-də Şuşada TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 40-cı
iclası keçirilib.
“Report” xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə
təşkilatçılığı ilə gerçəkləşib.
İclasda çıxış edən mədəniyyət naziri Adil Kərimli iclasın əhəmiyyətindən
danışıb. İclasda müzakirə olunacaq məsələlərin çox olduğunu bildirən nazir
iştirakçıları qərarların qəbul edilməsində fəal olmağa çağırıb.
TÜRKSOY-un Baş katibi Sultan Raev builki iclasın əhəmiyyətli bir ilə təsadüf
etdiyini bildirib. Deyib ki, bu il ulu öndər Heydər Əliyevin anadan olmasının
100 illiyi, Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi və TÜRKSOY-un 30
illik yubileyləridir.
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev iclasın mühüm
qərarlarla yadda qalacağını bildirib.
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın
Kərimov qeyd edib ki, 2022-ci il martın 31-də Türkiyənin Bursa şəhərində
TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının növbədənkənar
iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü il üçün “Türk
dünyasının mədəniyyət paytaxtı” elan edilib. Bununla bağlı tədbirlər haqqında
Prezidentİlham Əliyev tərəfindən müvafiq Sərəncam imzalanıb. Sərəncama uyğun
olaraq, bu il Şuşada müxtəlif tədbirlər həyata keçirilib.
Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti
nazirinin birinci müavini Kayrat İmanaliyev Şuşada olmasından məmnunluğunu qeyd
edib, iclasda alınacaq qərarların ölkələrimizin gələcək əməkdaşlığına öz
töhfəsini verəcəyini diqqətə çatdırıb.
Özbəkistan mədəniyyət nazirinin birinci müavini Bahodir Axmedov son illər Türk
dünyasının müxtəlif əhəmiyyətli layihələrə imza atdığını bildirib. Qeyd edib
ki, bu layihələr xalqımızın birliyini daha da gücləndirəcək.
Türkiyə mədəniyyət və turizm nazirinin müavini Serdar Çam Azərbaycan Ordusunun
qəhrəmanlığı sayəsində düşməndən azad edilmiş Şuşada belə bir iclasın
keçirilməsinin təqdirəlayiq olduğunu söyləyib. O, iki il əvvəl Şuşaya səfər
etdiyini, bu müddətdə şəhərin çox gözəlləşdiyini vurğulayıb.
Şimali Kipr Türk Respublikası Baş nazirinin müavini – turizm, mədəniyyət,
yaşayış və ətraf mühit naziri Fikri Ataoğlu Türk dünyasının bir araya gəlməsi
adına TÜRKSOY-un missiyasını yüksək qiymətləndirib, Şimali Kiprin Türk
dünyasının bir parçası olmasından qürur duyduqlarını deyib.
Sonra Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Mehmet
Süreyya Er, Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev və
başqalarının çıxışları dinlənilib.
İclas daha sonra qapalı formatda işini davam etdirib, qarşılıqlı maraq doğuran
məsələlər ətrafında fikir mübadiləsi aparılıb.