Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi münasibətilə poçt
markası hazırlanıb – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
TÜRKSOY Daimi Şurasının qərarı ilə Şuşa şəhərinin 2023-cü il üçün “Türk
dünyasının mədəniyyət paytaxtı” elan edilməsi münasibətilə poçt markası
hazırlanıb.
I Türk Dünyası Mədəniyyət Forumu çərçivəsində “Şuşa – Türk dünyasının
mədəniyyət paytaxtı” adlı poçt markasının “Birinci gün zərfi”nin üzərində rəsmi
olaraq möhürlənməsi mərasimi keçirilib.
“Azərpoçt” MMC-nin Marka şöbəsinin müdiri Sitarə Hüseynova poçt markası
haqqında məlumat verib.
O qeyd edib ki, buraxılış 1 markadan ibarət blok şəklində, 5000 tirajla
hazırlanıb. Blokun üzərində “Şuşa-2023” loqosu, TÜRKSOY-a üzv ölkələrin
bayraqları və Şuşanın atributları həkk olunub. Müəllif rəssam Orxan Qarayevdir.
Bildirib ki, ötən il Şuşa şəhərinin 270 illik yubileyi ilə bağlı 21 növdə
müxtəlif poçt markaları dövriyyəyə buraxılıb. Həmin markaların üzərində Şuşanın
tarixi, mədəniyyəti və görkəmli xadimləri ilə bağlı məlumat öz əksini tapıb. Bu
markalardan ibarət “Şuşa poçt markalarında” adlı kitab da nəşr olunub.
Daha sonra mədəniyyət naziri Adil Kərimli və TÜRKSOY-un baş katibi Sultan Raev
tərəfindən markalara möhür vurulub, imzalar çəkilib.
Sonda xatirə şəkilləri çəkdirilib.