Şuşaya atılan “İskəndər” yedəyində çoxlu suallar gətirib – TƏHLİL

Baxış sayı: 1. 896 dəfə baxılıb.

 

İkinci Qarabağ müharibəsində “İskəndər” raketlərindən Azərbaycana qarşı istifadə edilməsi faktının ictimailəşməsi özü ilə bir sıra suallar da gətirdi.

ANAMA deyir ki, Şuşa ərazisində minatəmizləmə zamanı Rusiya istehsalı olan və böyük dağıdıcı gücə malik “İskəndər-M” raketlərin qalıqları tapılıb.

Yayılan fotolardan görünür ki, atılan raket partlayıb və onun böyük hissələri əraziyə səpələnib.

İndi isə gəlin sualları təsnifatlaşdıraq. İlk olaraq elə “M” modifikasiyalı “İskəndər”in ora hansı ərazidən atılması sual doğurur. Axı, bu zamana qədər Ermənistanda ancaq “İskəndər-E” kompleksinin olduğundan bəhs edilirdi – ən azından açıq internet mənbələrində.

“İskəndər”in “E” variantı dağıdıcılıq gücünə və uçuş məsafəsinə görə “M”lərdən qat-qat aşağıdır. Birinci 280, ikinci isə 500 kilometrədək məsafə qət edə bilir. Bəzi mənbələrdə isə “İskəndər-M” kompleksinin raketlərinin 700 kilometrə qədər uçduğu yazılır.

Əgər Ermənistanda “M” tipli “İskəndər” yoxdursa, bəs o zaman Şuşaya o raket haradan atılıb? Rusiyadanmı? Əslində dəqiq cavab yoxdur. Yalnız məntiqi mühakimələr belə deyə bilər ki, o raket Rusiyanın Ermənistan ərazisindəki 102 saylı hərbi bazasından (Gümrüdə) buraxılıb. Hərçənd bu da versiyalardan sadəcə biridir.

İkinci sual: Raket bu qədər güclüdürsə, niyə hədəfə dəyməyib? İki versiya önə çıxır. Ya Azərbaycan hava hücumundan müdafiə qüvvələri raketi zərərsizləşdirib, ya da bu vaxtadək “İskəndər” haqqındakı təqdimatlar blef olub.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib ki, müharibədə “İskəndər” raketləri tətbiq olunmayıb.

Lakin qalıqların tapılması bu açıqlamanı şübhə altına qoyur.

Hərçənd ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan “nə ət, nə balıq” prinsipi ilə İrəvanın mövqeyini dilə gətirib. Onun açıqlamasında təkzib yoxdur, əksinə təsdiqə yaxın ifadələr var.

“Heç bir şey deyə bilmərəm, çünki bu məlumatın açıqlanması nəzərdə tutulmayıb”, – deyə A.Davtyan bildirib.

“İskəndər” təhlükəsi

Rusiya “İskəndər-M” operativ-taktiki raket komplekslərini Kalininqrada yerləşdirib. “İskəndər-M” raketlərinin Avropa Birliyinin şərq hissəsində – Kalininqrad ərazisində yerləşdirilməsi 10 ildən çoxdur ki, beynəlxalq hərbi çevrələrin əsas müzakirə predmetlərindən biridir. Rusiya bunu daimi əsaslarla edir, yoxsa müvəqqətidir – bu da müzakirə mövzusudur. Birinci varianta isə üstünlük vermək olar, çünki Rusiya daim Avropanı və NATO-nu qorxu altında saxlamaq üçün daimi yerləşdirməni önə çıxara bilər.

Moskvanın “İskəndər” taktikasını Rusiyanın NATO-nun sərhədlərinə qədər gəlib çıxması ilə əlaqələndirənlər də az deyil.

NATO isə bu cür silahları sabitliyə təhdid olaraq dəyərləndirir. Daha da qorxulusu odur ki, “İskəndər-M” raketləri nüvə başlıqları ilə təchiz oluna bilər.

İndi hər dəfə “İskəndər”in niyə bu qədər müzakirələr yaratdığını anlayırıqmı?

Qeyd edək ki, aprelin 2-də Bakıda Şuşaya atılan həmin raketin qalıqları nümayiş olunub.