Svetlana Babaeva: Jurnalist qurumun hesabına ezamiyyətə gedirsə, obyektiv yaza bilməz

Svetlana Babaeva: Jurnalist qurumun hesabına ezamiyyətə gedirsə, obyektiv yaza bilməz

Baxış sayı: 3. 310 dəfə baxılıb.

Svetlana Babaeva: Jurnalist qurumun hesabına ezamiyyətə gedirsə, obyektiv yaza bilməz

Bu gün yerli və xarici media arasında üslub fərqlərinə dair bir sıra fikirlər səsləndirilir. Gün ərzində sosial şəbəkələrdə paylaşılan əksər informasiyalar mənbəyi dəqiqləşdirilmədən yayılır. Bu isə “fake” xəbərlərin yayılmasına səbəb olur. Bəs bu gün “fake” xəbərlərlə mübarizə aparmaq, sosial şəbəkələrin mediaları yalan-doğru informasiyalarla üstələməsinin qarşısını almaq üçün nə etmək lazımdır?

Mövzu ilə əlaqədar ÇıxışYolu.Com-a açıqlama verən Rusiyanın Qazeta.ru media orqanının redaktoru, eləcə də, dünyanın ən nüfuzlu media orqanlarında çalışan jurnalist Svetlana Babaeva deyir ki, 50 ilə yaxındır mediada fəaliyyət göstərir, lakin mətbuatın operativlik xətrinə “fake” xəbərlər yaymasını başa düşə bilmir:

“Dünyanın bir çox ölkəsində İngiltərədə, ABŞ-da peşəkar jurnalistika ilə məşğul olmuşam. Lakin insanların müxtəlif ölkələrin medialarını müqayisə etməsini başa düşmürəm. Mənə elə gəlir ki, Rusiya və ABŞ, sadəcə, ərazi olaraq bir-birinə bənzəyir, mədəniyyət, ənənə, informasiya paylaşımı cəhətdən isə tamamilə fərqlidir. Azərbaycan mediası da fərqli istiqamətdədir. Bu gün hər hansı bir şəxs maraqlı bir hadisənin şahidi olur. Həmin hadisənin foto və videosunu sosial şəbəkəyə yükləyir.

Medialar paylaşım edən şəxsə istinad verməklə o “fake” xəbərlərin yayılmasına kömək edir. Burada istisnalar var. Təbii ki, hər zaman ilk olaraq uzun-uzun təfərrüat yazmaq önəmli deyil. Bu, auditoriyanın marağında olmur. Görüntülər oxucu üçün yazıdan daha çox maraqlıdır və daha aydındır.

Bəzən bu üsulla köhnə materialların da gündəmə gəlməsinin şahidi oluruq. Texnologiya o qədər inkişaf edib ki, istənilən insanın üz cizgilərini bir başqasına köçürməklə “fake” fotolar hazırlamaq olur. Sən bir anda ağlına belə gəlməyən hadisənin düz mərkəzinə düşə bilirsən. Amma fotolara diqqət edildikdə onların üzərində incə-incə işlənildiyi məlum olur. Bu kimi hallar daha çox siyasətdə və dəhşətli partlayış hallarında özünü göstərir.

Mübarizə üsulu odur ki, texnologiyanın bu qədər inkişaf etdiyi bir dövrdə operativ və dəqiq olmaq hər zaman mümkün olmur. Yeraltı təkanlar, uçqunlar, müxtəlif təbii fəlakətlər istisnadır. Bu hallarda müəllif hüquqlarını qorumaqla həmin fotoları dərhal qoya bilərsiniz, oxucu o an onu istəyir. Amma siz bir neçə saat ərzində həmin hadisənin təfərrüatını bir abzas da olsa, yazmalısınız”.

S.Babaeva onu da əlavə edib ki, bu gün yaxşı jurnalist heç vaxt milyonçu ola bilməz:

“Hər bir məsələyə real yanaşmaq lazımdır. İstənilən peşənin özünə xas keyfiyyətləri, potensialları var. Pul qazanmaq istəyən insanlar, ixtisas və ya qeyri-ixtisas bu sahəni seçməməlidir. Məsələn, bütün ölkələrdə jurnalistlərə olan münasibətə nəzər salaq. İngiltərə və ABŞ-da jurnalistin çalışdığı redaksiya istisna olmaqla, başqa bir qurumun, nazirliyin, təşkilatın hesabına bir yerlərə ezamiyyətə getməyə icazəsi yoxdur.

Onlar bunu rüşvət kimi qəbul edir və jurnalistin bu şərtlərdə yazdığı materialın obyektiv və tərəfsiz olduğuna inanmırlar. Rusiyada xüsusilə buna diqqət yetirilir.

Demək olmaz ki, bütün mətbuat orqanlarında bu kimi hallar dəstəklənir. Amma bunun mənbəyinin də haradan gəldiyinə diqqət etsək, görərik ki, əsas məsələ iqtisadi vəziyyətdir. Jurnalistlərin istənilən ölkədə aldığı məvaciblər normal yaşayış səviyyəsi üçün kifayət deyil. Bu şərtlərdə onların iqtisadi vəziyyətlərini düşünməsi, xərclərini, istirahətlərini nəzərə alması da normaldır.

Bu gün müşahidə etsək, media orqanlarının əksəriyyəti bu sistemlə çalışır. Mətbuatda müşahidə edilən bütün neqativ hallar müəyyən mənada bir-biri ilə əlaqəli olduğu üçün bir çox problemlərin tam şəkildə həllini gözləmək olmur. Bəzi səhvlər artıq müstəvidə “doğru” kimi qəbul edilib”.

Könül Cəfərli
www.ÇıxışYolu.Com