f12392e8-2186-45d1-834c-13d7658908bd..jpg

Təbiət dəyişir, bəs biz? – “Kaspi”nin ARAŞDIRMASI + FOTO

Baxış sayı: 401 dəfə baxılıb.

Təbiət dəyişir, bəs biz? – “Kaspi”nin ARAŞDIRMASI + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkəmizin bəzi bölgələrində yay aylarında temperatur hətta 44-47 dərəcəyə
çatıb. Bu, həm insan sağlamlığına, kənd təsərrüfatına, həm də su ehtiyatlarına
təsir göstərir. Nəticədə su ehtiyatlarımız son 30 ildə 15 faizədək azalıb.

Son zamanlar iqlim dəyişikliyinin fəsadlarını daha çox hiss edirik. Alimlərin
proqnozlarına görə, qarşıdakı illərdə dünyada sel və daşqınların sayı 80 faiz
artacaq. Həmçinin, Azərbaycanda da 2023-cü ilin yay fəslində daşqınlar əvvəlki
illərdən üç dəfə çox olub. Bu, ölkəmiz üçün rekord göstəricidir. Xəzər dənizi
ilə bağlı da vəziyyət ürəkaçan deyil. Kür çayı artıq iki ildir ki, Xəzər
dənizinə şirin su gətirə bilmir. Xəzərdə suyun səviyyəsinin düşməsi gəmilərin
hərəkətinə mane olur. Bir sözlə, təbiət tamamilə yeni iqlim şərtləri
formalaşdırır. Bəs biz bu yeniliklərə nə dərəcədə hazırıq?

“Kaspi”

qəzeti mövzu ilə bağlı araşdırma aparıb.

İsti günlərin sayı artır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin rəis
müavini Rafiq Verdiyev deyib ki, son illər iqlim dəyişmələri özünü dünyanın bir
çox bölgələrində büruzə verir. Bu, qlobal xarakter daşıyır deyə, “qlobal iqlim
dəyişmələri” adlanır: “Atmosferə atılan istixana qazlarının miqdarı kifayət
qədər yüksəkdir. Bu qazlar günəş radiasiyasının yer səthində əks olunmasını
çətinləşdirir. Nəticədə qlobal səviyyədə temperaturun artması müşahidə edilir.
Dünyanın bir çox bölgəsində temperatur son 30 ildə orta hesabla 1,7 dərəcəyədək
artıb. Azərbaycanda bu göstərici 1,4 dərəcədir. İsti günlərin sayı artır”.

44-47 dərəcə istilər

R.Verdiyev bildirib ki, qlobal istiləşmə mülayim tərzdə baş verir:
“Temperatur, buxarlanma tədricən artır, yağıntılar azalır və quraqlıq baş
verir. Eyni zamanda, təhlükəli hidrometeoroloji hadisələrin sayında və
təkrarlanmasında da artım müşahidə olunur. Ölkəmizin bəzi bölgələrində
temperatur hətta 44-47 dərəcəyə çatıb. Bu, həm insan sağlamlığına, kənd
təsərrüfatına, həm də su ehtiyatlarına təsir göstərir. Nəticədə su
ehtiyatlarımız son 30 ildə 15 faizədək azalıb. Xəzər dənizinin səviyyəsi düşür.
Birbaşa dəniz səthinə düşən yağıntılar da azalır”.

Orta temperatur 4-5 dərəcə arta bilər

Müsahibimizin sözlərinə görə, əgər atmosferə atılan istixana qazlarının
miqdarı tənzimlənməsə, proses gələcəkdə daha da kəskinləşə bilər: “Əsrin
sonunda temperatur 4-5 dərəcə də artacaq. 2016-cı ildə Paris razılaşmasına biz
də qoşulduq. Həmin razılaşmada qeyd olunur ki, xüsusilə sənaye ölkələri bu
sahədə ciddi addım atmalıdır ki, temperatur artımını 1,5 dərəcədə saxlaya
bilsinlər. Bu yaxınlarda Qlazqoda keçirilən tədbirdə də bu, xüsusi qeyd edilib.
Xüsusilə Amerika Birləşmiş Ştatları, Çin, Rusiya kimi iri sənaye ölkələrindən
tələb olunur ki, atmosferə atılan qazların miqdarını tənzimləsinlər”.

Nəm qurşaqlarda hündürlük səviyyəsi azalır

R.Verdiyev qeyd edib ki, Azərbaycan da təbiəti qorumaq üçün müəyyən addımlar
atır: “Biz həmin siyahıya daxil olan ölkələr sırasında deyilik. Çünki ölkəmizdə
sənaye tullantısı o qədər yoxdur. Lakin beynəlxalq konvensiyalar, razılaşmalara
qoşulduğumuz üçün könüllü öhdəlik götürmüşük ki, yaxın illər ərzində atılan
qazların miqdarını 35 faizə qədər azaldaq”.

Ekspertin fikrincə, prosesin qarşısı alınmasa, gələcəkdə sel, daşqın, isti
hava dalğaları, kəskin hidrometeoroloji proseslər daha da kəskinləşəcək. Su
ehtiyatlarımız azalacaq, Xəzərin səviyyəsinin aşağı düşməsi prosesi,
səhralaşmağa meyillilik daha da yüksək olacaq. Daha rütubətli, mülayim, nəm
qurşaqlar quru qurşaqlarla əvəzlənəcək. Bu, xüsusilə son dövrdə hiss olunub.
Nəm qurşaqların hündürlüyü təxminən 400-500 metr yuxarı qalxıb.

İqlim dəyişmələrinə uyğunlaşma strategiyası hazırlanır

Müsahibimiz bildirib ki, iqlim dəyişmələrinə həssaslıq çox yüksək olduğundan,
biz mübarizəni daha səmərəli aparmaq üçün ciddi işlər görməli, beynəlxalq
qurumlarla əməkdaşlıq etməliyik: “İqlim dəyişmələrinə adaptasiya proqramı,
iqlim dəyişmələri üzrə Dövlət Komissiyası fəaliyyət göstərir, işçi qrup var.
Məqsəd iqlim dəyişmələrinə uyğunlaşma strategiyasının hazırlanmasıdır ki, orada
da müxtəlif sektorlar, sahələr üzrə müvafiq tədbirlərin həyata keçirilməsi
nəzərdə tutulur. Planın hazırlanması sahəsində artıq işlər aparılır. Yaxın
zamanlarda plan hazır olduqdan sonra nəzərdə tutulan işlərin mütəmadi, ardıcıl
olaraq həyata keçirilməsi lazımı səviyyədə aparılarsa, biz də iqlim
dəyişmələrinin təsirinə müqavimət göstərə biləcəyik”.

Çaylarda normal axın yoxdur

Ekoloq Rövşən Abbasovun fikrincə, son 150 ildə atmosferdə karbon qazı
konsentrasiyalarının artması nəticəsində ekstremal təbiət hadisələrinin tezliyi
artır. Məsələn, əgər çayda əvvəl daha çox normal axın görürdüksə, indi daha çox
daşqınlar və quraqlıq görürük. Yəni axının il ərzində paylanılması elə dəyişib
ki, biz daha çox təbiətin ekstremal şəraiti ilə qarşılaşırıq.

R.Abbasov qeyd edib ki, bu təbiət hadisələrinə uyğunlaşmaq lazımdır: “Hazırda
əksər ölkələrdə milli adaptasiya layihələri həyata keçirilir. Azərbaycanda da
BMT-nin İnkişaf Proqramı ilə birlikdə milli adaptasiya proqramına dəstək
layihəsi həyata keçirilir və ekstremal təbiət hadisələrinin, quraqlığın,
daşqınların idarə olunması sahəsində müxtəlif işlər görülür. Bu, əsasən su
ehtiyatlarının və sahil ekosistemlərinin idarə olunmasını nəzərdə tutur.
Məsələn, bu yaxınlarda Prezident fərman verib ki, 10 yeni su anbarı tikilsin.
Bu da uyğunlaşmanın bir növüdür. Quraqlığın idarə olunmasının əsas yollarından
biri az su tələb edən texnologiyalara keçiddir. Quraqlığa davamlı bitkilər əkə
bilərik. Damcı, damla, çiləmə suvarması var. Bunlar ənənəvi suvarma ilə
müqayisədə daha az su tələb edir və nəticələri daha yaxşıdır”.

Erkən xəbərdarlıq sistemləri

Ekoloq düşünür ki, daşqınların idarə olunmasında erkən xəbərdarlıq
sistemlərinin rolu çox böyükdür: “Düzgün proqnozlar tərtib olunmalıdır. Erkən
xəbərdarlıq sistemləri vasitəsilə əhali əvvəlcədən məlumatlandırılmalıdır.
Azərbaycanda artıq bu sistemlər fəaliyyət göstərir”.

R.Abbasov deyib ki, digər ekstremal hadisə yay aylarında baş verən istilik
dalğalarıdır: “İstilik dalğası deyəndə 35 dərəcədən yuxarı olan temperaturu
nəzərdə tuturuq. Bu zaman meteohəssas, ürəyi xəstə olan insanlarda müəyyən
fəsadlar əmələ gələ bilər. Bu istiqamətdə spesifik proqnozlar hazırlanmalı və
yerli icmalar məlumatlandırılmalıdır”.

Source link