Təcili tibbi yardımla əlaqədar “vahid pəncərə” sistemi qurulur
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Təcili tibbi yardım çağırışlarında “vahid pəncərə” sistemi tətbiq olunacaq.
APA xəbər verir ki, bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq
departamentinin rəhbəri Zamirə Ədilova deyib.
Onun sözlərinə görə, təcili və təxirəsalınmaz tibbi yardımda xidmət
keyfiyyətinin artırılmasında təchizatla yanaşı kadr təminatının da artırılması
vacibdir.
“Urbanizasiya yüksək olan ərazilərdə tələbat daha çoxdur. Əlbəttə ki,
çatışmazlıqlar da var, aradan qaldırılması üçün çalışırıq. Obyektiv və
qeyri-obyektiv səbəblərdən gecikmələr də qeydə alınır. Faktlar aşkarlandıqda
ölçü götürülür”, – deyə Zamirə Ədilova bildirib.
TƏBİB rəsmisi hazırda xidmətin optimallaşdırılmasının həyata keçirildiyini
deyir.
“Söhbət Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, “113”
Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Təcili və Təxirəsalınmaz
Tibbi Yardım Stansiyasının Avtobazasının fəaliyyətinin bir mərkəzdə –
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi kimi
birləşdirilməsindən gedir. “Vahid pəncərə” sistemi qurulur ki, bu da xidmət
keyfiyyətinin yüksəldilməsi, təcili, təxirəsalınmaz tibbi yardım xidməti
göstərən əməkdaşların bilik və bacarıqlarının eyni dərəcədə artırılması, vahid
standartlar əsasında iş prinsipinin tətbiqinə hesablanıb”.