Ailələrin tək oğul övladlarının həqiqi hərbi xidmətə çağırılması və ya onların ön cəbhəyə göndərilməsi məsələsi son günlər yenidən ciddi şəkildə gündəmə gəlib.
Qeyd edək ki, bu məsələ zaman-zaman həm cəmiyyətin, həm də siyasi kəsimin – parlamentarilərin gündəmində olub və məsələyə baxışda fikirlər, rəylər haçalanıb, ikiyə bölünüb.
Bir qisim ailənin tək oğul övladlarının həqiqi hərbi xidmətə çağırılmasının və ya cəbhənin ön hissəsinə göndərilməsinin əleyhinə çıxıb, bunun ailənin varisliyinə, nəslin davamlılığına mənfi təsirini qabardıblar.
Digər bir qisim isə bu arqumentlərinin hamısının əleyhinə çıxaraq, tək və ya bir neçə oğul övlad olmasından asılı olmayaraq, hər bir kəsin hərbi xidmət etməsinin gərəkdiyini dilə gətirib və qeyd ediblər ki, müharibə vəziyyətində olduğumuz üçün bu məsələ, ümumiyyətlə, gündəmə gətirilməməlidir.
Konkret olaraq, bir neçə il öncə bununla bağlı məsələ parlamentdə gündəmə gələndə, hazırda birinci vitse-spiker və MM-in müvafiq komitəsinin sədri olan Ziyafət Əsgərov güzəşt hüququnun əleyhinə çıxmışdı.
O, həmin vaxtlar hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili və AzTV-nin keçmiş sədri Nizami Xudiyevin bu məsələ ilə bağlı fikrini kəskin şəkildə qınamışdı. Bu yöndə misalları artırmaq olar, amma…
Bəs görəsən, bu məsələnin yaxın gələcəkdə müzakirəyə çıxarılması, hərbi xidmətlə bağlı qanunvericiliyə düzəliş edilməsi, tək oğul övladlarının həqiqi hərbi xidmətə çağrılmaması və ya çağırıldıqları halda, cəbhənin ön xəttinə göndərilməməsi məsələ mümkün ola, reallaşa bilərmi?
Aydın Mirzəzadə: Bu gün ailələrdə tək oğlan övladı faktoru var
Milli Məclisin (MM) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə ÇıxışYolu.Com-a açıqlamasında bu məsələnin ağrılı olduğunu desə də, onun reallığa çevrilməsini indiki məqamda mümkünsüz hesab edir:
“Bilirsiniz, iş burasındadır ki, bu gün Azərbaycan ailələrinin böyük əksəriyyətində iki uşaq var.
Düzdür, bununla bağlı dəqiq statistikanı bilmirəm, amma ailələrdə ya tək oğul övladı, ya da bir qız, bir oğul övladıdır.
Bildiyiniz kimi, bu gün müharibə vəziyyətindəyik, əgər ailələrin tək oğul övladlarını hərbi xidmətə çağırmasaq, onlara güzəşt hüququ versək, orduda, ön cəbhədə resursumuz çatışmayacaq.
Yenə deyirəm, bu gün ailələrdə tək oğul övladı faktoru var, bu,reallıqdır və bu baxımdan, onların hərbi xidmətə çağırılmaması hələlik real görünmür.
Eyni zamanda, hər bir şəhid xəbəri, hər bir itki ürəyimizi ağrıdır, sızladır. İstəyirik ki, şəhid olmasın, itki olmasın, ailələlər övladsız, gözüyaşlı qalmasın. Bu günlərdə daha bir gəncimiz şəhid oldu, Adil Tatarovu itirdik.
Onun itkisi böyük ağrı kimi hamımızın qəlbini sızlatdı. Ailəsinə başsağlığı verir, səbr diləyirəm, “Başın sağ olsun, vətən!” deyirəm”.
Jalə Əliyeva: Ailələrin tək oğul övladları hərbi xidmətə çağırılanda və ya cəbhənin ən qaynar hissəsinə göndəriləndə çox ciddi narahatlıqlar, sarsıntılar yaşanır
Millət vəkili Jalə Əliyeva bu məsələnin düşündürücü, narahatedici və ağrılı olduğunu deyib:
“Təbii ki, hər bir kişinin, hər bir gənc oğlanın hərbi xidmət keçməsi lazımdır, təsadüfi deyilməyib ki, hərbi xidmət, əsgərlik həm də kişilik məktəbdir və bu baxımdan, hər bir oğlanın, gəncin bu kişilik məktəbini şərəflə, qürürla keçməsi, yaşaması gərəkdir.
Amma bir məqam da var ki, bu gün əksər ailələrdə bir və ya iki uşağa üstünlük verilir, əksər hallarda tək oğul övladına. Əslində, bu özü də çox düşündürücü bir məsələ, çox zərərli bir tendensiyadır.
Bu gedişlə sabah oğlanları evləndirmək, ailə-uşaq sahibi etmək üçün qız çatışmayacaq. Bunu valideynlər, cəmiyyətimiz ciddi şəkildə anlamalı, yanlış düşüncə tərzindən uzaqlaşmalıdır.
Qız uşaqlarının ana bətnindəcə məhvinə, belə demək mümkünsə, qız uşaqlarının soyqırımına artıq son verilməlidir. Bu, həm Allaha, həm dinə, həm də insanlığa zidd, günah əməllərdir.
Odur ki, fikrimin əvvəlinə qayıdaraq, demək istəyirəm ki, ailənin tək oğlan övladları hərbi xidmətə çağırılanda və ya cəbhənin ön, ən qaynar hissəsinə göndəriləndə çox ciddi narahatlıqlar, sarsıntılar yaşanır.
Xüsusilə də, zorla cəlb edildiyimiz müharibəni, münaqişəni, itkiləri nəzərə alsaq, ailələrdəki narahatlıqları, üzüntüləri anlamaq, başa düşmək çətin deyil. Heç kim, xüsusilə də qadınlar müharibə, qan-qada, itki istəmirlər, istəməzlər.
Normal düşüncəli insanlar bunu arzulamazlar, mən də bir Azərbaycan xanımı, Azərbaycan anası kimi müharibəni, buna bais olanları lənətləyirəm.
Amma təəssüf ki, bu gün bizlərdən asılı olmayaraq, mühirəbəyə cəlb edilmişik və bəzən də itki, şəhid vermək məcburiyyətindəyik. Ona görə də bu məsələdə birmənalı fikir söyləmək çox çətindir.
Hesab edirəm ki, indi olmasa da, gələcəkdə bu məsələyə qayıtmaq və müəyyən addımlar atmaq olar”.
Vahid Əhmədov: Tək oğlanların hərbi xidmətə çağırılması məsələsində güzəştlər nəzərdə tutulmalıdır
Millət vəkili, baş nazirin sabiq birinci müavini Vahid Əhmədov bu məsələnin heç zaman gündəmdən düşmədiyini və bundan sonra da düşməyəcəyini bildirib:
“Bu məsələ daim gündəmdə, müzakirələrdədir. Doğrudan da, ailələrin tək oğul övladlarının hərbi xidmətə çağırılması və ya cəbhənin ön hissəsinə göndərilməsi düşündürücü, ağrılı məsələdir.
Elə bu günlərdə dörd bacının tək qardaşı, ailənin tək oğul övladı şəhid oldu. Bu, hamımızı çox üzdü. Mən həmin şəhidimiz də daxil olmaqla, cəmi şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyirəm.
Onlar Vətən uğrunda şəhid olublar və daim qəlbimizdə, qəlblərdə yaşayacaqlar. Hesab edirəm, tək oğlanların hərbi xidmətə çağırılması məsələsində güzəştlər nəzərdə tutulmalıdır.
Çünki ailələrin, nəsillərin davamlılığı və sairə məqamlarla bağlı tək oğul övladlarına hərbi xidmətlə bağlı güzəşt hüququ tanınmalıdır. İndiki dövrdə bu, tam real görünməsə də, gələcəkdə bu məsələ öz həllini tapmalıdır. Buna ciddi ehtiyac var”.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com