Təkbaşına ermənilərə qarşı vuruşduqdan sonra xocalıları xilas etmək üçün
təslim olmuş Natiq Qasımov – VİDEO
Sosial şəbəkələrdə Birinci Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən əsir
götürülən azərbaycanlı döyüşçü Natiq Qasımovla bağlı yeni məlumatlar paylaşılır.
İtaliyalı hərbi fotoqraf Enriko Sarsininin lentə aldığı fotolarda azərbaycanlı
döyüşçünün dindirilməsi prosesi əks olunub.
Dindirmədə azərbaycanlılara qarşı müharibə cinayətləri törətmiş Vitali
Balasanyanın iştirak etdiyi görünür.
Xatırladaq ki, Böyük Britaniyanın “Broken Pot Media” şirkəti Natiq Qasımova
həsr olunan “Oğul” sənədli filmini çəkib.
“Oğul” sənədli filmində 1992-ci ildə Qarabağ müharibəsi zamanı itkin düşən
hərbi əsir Natiq Qasımovun axtarışından bəhs edilir.
Filmin rejissoru və ssenari müəllifi Karan Sinqh üç il ərzində Ermənistan,
Azərbaycan, İtaliya, Böyük Britaniya və Rusiyada şahidlərlə söhbət edib.
Natiq Qasımov erməni zabitlər tərəfindən dindirilən zaman da Enriko Sarsini də
orada olub. Filmdə fotoqrafın müsahibəsi də yer alır. Qırx altı dəqiqəlik
filmin görüntü rejissoru Simon Stanforddur.
Filmi aktyor Azər Aydəmir səsləndirib.
Qeyd edək ki, Natiq Qasımovun işgəncələrlə öldürüldüyü bildirilir. Ancaq onun
ölümü rəsmi olaraq təsdiqini tapmayıb.