Bakıda tələbə qıza mesajlar yazaraq ona əxlaqsız təkliflər edən şəxs
məsuliyyətə cəlb edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, oktyabrın 7-si Sabunçu RPİ-nin
13-cü Polis Şöbəsinə müraciət edən Sosial-İqtisad Kollecinin tələbəsi
A.Nemətova (şərti soyadlı) Fikrət adlı şəxsin ona nalayiq mesajlar yazdığını və
hədələdiyini bildirib.
Şikayətçi ərizəsində həmin şəxsin müxtəlif vasitələrlə onu narahat etdiyini
deyib:
“İki gün əvvəl “Telegram” tətbiqindən Fikrət adlı şəxs mənə yazaraq təhsil
aldığım kollecdə məni gördüyünü və tanış olmaq istədiyini bildirmişdi. Mən ona
etirazımı bildirdikdə bu dəfə “Instagram”dan narahat etməyə başladı. Fərqli
hesablardan yazaraq qeyri-etik ifadələr işlədib, mənə əxlaqsız təkliflər edib.
7 oktyabr 2024-cü il tarixdə təhsil aldığım kollecdə dərs zamanı yenidən
yazaraq və dəfələrlə zəng vuraraq narahat edib. Məni hədələyərək kollecdən
kənarda gözlədiyini bildirib. Həmin şəxsə onu polisə verəcəyimi deyəndə isə
bundan çəkinmədiyini söyləyib. Onun bu əməlləri məndə çox böyük psixoloji təsir
yaradıb”.
Müraciət əsasında araşdırma aparılıb və 1994-cü il təvəllüdlü Fikrət Mehdiyev
saxlanılıb. Onun barəsində polis tərəfindən İnzibati Xətalar Məcəlləsinin
510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilərək Sabunçu Rayon
Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə 30 yaşlı F. Mehdiyevə dörd sutka inzibati həbs cəzası
verilib.