Tələbələrə prezident seçkisi ilə bağlı maarifləndirici seminarlar keçirilib –
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı və Mərkəzi
Seçki Komissiyasının (MSK) dəstəyi ilə 2024-cü il fevralın 7-nə təyin edilmiş
növbədənkənar Azərbaycan Respublikası prezident seçkisi ilk dəfə səs verəcək
tələbələr üçün seçki hüququ ilə bağlı maarifləndirici seminarlar silsilə
şəkildə davam edir.
Bu barədə Tələbə Gənclər Təşkilatı məlumat yayıb.
Tədbirdə əsas məqsəd seçki sistemi, seçicinin hüquq və vəzifələri barədə
maarifləndirmə, habelə baş tutacaq seçkidə ilk dəfə seçici kimi iştirak edəcək
tələbələrin məlumatlılıq səviyyəsinin və seçici fəallığının artırılmasıdır.
Mütəmadi təşkil olunan sessiyalara 27 dekabr tarixindən etibarən başlanılıb.
Seminarlar 8-11 yanvar tarixləri aralığında Azərbaycan Memarlıq və İnşaat
Universiteti, Azərbaycan Texniki Universiteti, Naxçıvan Dövlət Universiteti,
Naxçıvan Müəllimlər İnstitutu, Azərbaycan Texnologiya Universiteti, Bakı Dövlət
Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialı,
Mingəçevir Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan
Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala
filialı, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Milli
Konservatoriyası, Dövlət Gömrük Komitəsinin Akademiyası, Gəncə Dövlət
Universiteti, Bakı Avrasiya Universiteti, Dövlət İdarəçilik Akademiyası,
Azərbaycan Dillər Universitetindən olan 4500 dən çox tələbəni əhatə edib.
Sessiyalar müddətində səsvermə hüququna malik yüzlərlə tələbə iştirak edib.
Mərkəzi Seçki Komissiyasının nümayəndələrinin iştirakı ilə reallaşan görüşlərdə
gənclərə səsvermə proseduru, seçki sistemi, seçkilər zamanı önəmli olan zəruri
hüquqi məsələlər barədə məlumatlar çatdırılıb və tələbələri maraqlandıran
suallar cavablandırılıb.
Həyata keçirilən maarifləndirici seminarlar davamlı xarakter daşıyır və ölkə
üzrə fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrində davam
etdirilməsi nəzərdə tutulub.