Tələbələrə ŞAD XƏBƏR – Təcrübə keçmə qaydalarında YENİLİKLƏR EDİLDİ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ali və orta ixtisas təhsili
müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçmə qaydalarında yeniliklər
edilib.
Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, yeni qaydalar bu ilin
sentyabr ayının 15-dən tətbiq olunacaq.
Qaydalara əsasən, təcrübənin təşkili zamanı tədris-öyrənmə və təcrübə arasında
davamlı əlaqənin qurulması, tələbənin yaradıcılıq və tədqiqat işlərində
iştirakının təmin edilməsi, tələbənin müasir texnologiyalarla, iş üsulları və
digər yeniliklərlə tanış edilməsi, təcrübə bazasının infrastrukturunun əlilliyi
olan tələbələr üçün müyəssər olması, tələbələrin təcrübə bazasında məşğulluq
imkanlarının nəzərə alınması əsas öhdəliklər kimi müəyyən olunub.
Təcrübə təhsil müəssisəsindən kənarda keçirildiyi halda, təhsil müəssisəsi ilə
təcrübə bazaları arasında müqavilə bağlanılacaq. Tələbənin əmək fəaliyyəti
təcrübə komissiyası tərəfindən təcrübə kimi tanına bilər. Bu zaman əmək
fəaliyyətinin hər bir həftəsi 1,5 kreditə bərabər tutulur. Tələbənin təcrübə
müddətində beşgünlük iş rejimi üzrə həftəlik təcrübə keçməsi müddəti ən azı 20
saat olmalıdır. Bu müddət, ixtisasın profilindən asılı olaraq, təhsil
müəssisəsi tərəfindən artırıla bilər.
Yeni qaydalara əsasən, təcrübənin qiymətləndirmə üsul və meyarlarının
hazırlanması və təcrübə komissiyasının yaradılması ali və orta ixtisas təhsili
müəssisələrinin səlahiyyətinə verilib. Təcrübə tələbənin təklifi əsasında
təhsil müəssisəsinin yerləşdiyi şəhərdən (rayondan) kənarda və ya xarici ölkədə
keçirildiyi halda, nəqliyyat və mehmanxana xərcləri onun tərəfindən ödənilir.
Qeyd edək ki, bu qaydalar xarici ölkə ali təhsil müəssisələrinin filiallarına
şamil olunmur.