ce3cb7f9-4e7d-47e0-8a20-2ea011fa0f3e..jpg

“Tələbələrimin bazarda kartof satması mənim üçün alçaldıcı vəziyyətdir” – Xalq rəssamı ilə MÜSAHİBƏ + FOTO

Baxış sayı: 1. 234 dəfə baxılıb.

“Tələbələrimin bazarda kartof satması mənim üçün alçaldıcı vəziyyətdir” – Xalq
rəssamı ilə MÜSAHİBƏ + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sənət aləmi Xalq rəssamı Xanlar Əhmədovun yaradıcılığına yaxşı bələddir.
Monumental layihələrin müəllifi olan sənətkar ideoloji və ictimai-mədəni
hadisələri əsərlərində əks etdirib və birmənalı olaraq insanların rəğbətini
qazanıb.

Amma hər hansı abidəyə bir nöqtədən deyil, müxtəlif tərəflərdən baxmaq
lazımdır. Biz də Xanlar müəllimin həm fərdi yaradıcılığı, həm də cəmiyyətdə
geniş müzakirəyə səbəb olan, ölkəmizdə ucaldılan heykəllərlə bağlı fikirlərini
öyrənmək istədik.

Teleqraf.com Xanlar Əhmədovla müsahibəni təqdim edir:

– Xanlar müəllim, siz uşaq vaxtı ürək ağrılarından əziyyət çəkmisiniz. Buna
baxmayaraq, vətəndən uzaqda oxumusunuz, peşəkar mütəxəssis kimi yetişmisiniz.
Belə çıxır ki, sənət sizə məlhəm olub.

– Düzdür, ürək ağrıları mənə əziyyət verirdi. Elə ona görə də Daşkənddə təhsil
aldım. Rusiyanın iqlimi mənə düşmədi. Sənət məni həm müalicə edib, həm də iki
dəfə infarkt olmuşam. Amma üzüm bərkdir (gülür).

– Çox görkəmli insanların heykəllərini ərsəyə gətirmisiniz. Hansı şəxsiyyətin
obrazını yaradanda daha çox çətinlik çəkmisiniz?

– Çətinliyi mən özüm özümə yaratmışam. Fikirləşmişəm ki, obrazı açmaq üçün
daha nələr edə bilərəm. Məsələn, ulu öndərin heykəlini düzəldəndə xeyli
düşünmüşəm. Bu obrazın o qədər çalarları var ki, ən düzgününü tapmaq çətin
məsələ idi. Mimika, baxış, baxışların hansı səmtə yönəlməsi – hər biri incə və
vacib detaldır.

Məsələn, heykəldə əllər ikinci portret sayılır. Ola bilər, portret çox
möhtəşəmdir, amma əllər zəif alınıb. Elə obraz ola bilər ki, mən heç üzü,
simanı işləməyim, əllərlə, barmaqlarla, duruşla obrazı aça bilim. Bunlar çox
qəliz məsələlərdir.

– Rəngkarlıqda da əlləri işləmək çətin iş sayılır. Hər rəssam əlləri yaxşı
çəkə bilmir.

– Elədir, o vaxtlar bir rəssam vardı, portreti yaxşı çəksə də, əllə ayağı
düzgün işləyə bilmirdi. Ona görə onun əsərlərinin səksən faizində əllər cibdə
olurdu, ayaqlar da otun içində…

– Xanlar müəllim, Hacı Zeynalabdin Tağıyevin heykəli ilə bağlı müsabiqədə 26
layihə arasından sizin əsəriniz qalib seçilib…

– Müsabiqəyə üç əl işi – Tağıyevin faytonda əyləşmiş, ayaq üstə dayanmış və
oturmuş vəziyyətdə hazırlanan heykəlləri ilə qatılmışdım. Bu üç işin
içərisindən ayaq üstə olan variant seçildi.

– Nəyə görə məhz o variant? O biri obrazlarınız da maraqlı idi.

– Bilmirəm, mən hər üç obrazı sevə-sevə yaratdım. Ayrı-seçkilik etmədim.
Yəqin, orada bir çox cəhətlər nəzərə alınıb. Məsələn, faytonda olan obraz daha
çox maliyyə tələb edərdi.

Bu heykəllərin hamısını tarixə istinadən ərsəyə gətirdim. Kresloda oturmuş
vəziyyətdə olan obrazın da öz tarixçəsi var. Tarixi faktların içində mənə
xüsusilə xoş gələn o idi ki, rus çarının qarşısında hamı ayaq üstə dayanırdı,
yalnız Tağıyevə oturmağa icazə verilirdi.

– İmperiyada çox böyük nüfuzu vardı…

– Elədir. O vaxt çara deyib ki, siz ibadət vaxtı kilsələrə gedirsiniz, biz
müsəlmanların ibadət edəcəyi yer yoxdur. Mənə yer ayırın, bir məscid tikim
burada. Həmin məscid indiyə kimi qalır Rusiyada. Möhtəşəm bir tikilidir.

O biri obraza gəlincə, o vaxt məlum idi ki, hamı faytonda, qazalaqda gəzirdi.
Onunla bağlı rəvayətlər də çoxdur. Bir dəfə hacı faytonla keçəndə görür ki, ac
şairlər, lotular restoranın qabağında dayanıblar. Restoranın sahibini çağırır
ki, bunları mənim hesabıma qonaq elə. Bir həftədən sonra oradan keçəndə
restoranın sahibindən soruşur ki, borcum nə qədərdir? Deyir, hacı, hələ də
yeyib-içirlər…

Bu obrazlar həmin rəvayətlərə istinad idi. Hansının seçilməsinin fərqi yoxdur.
Hamısı mənim balamdır.

– Heykəlin pyedestalda qoyulmaması ilə bağlı müzakirələr isə hələ də bitmək
bilmir. Yəqin ona görə ki, heykəlləri həmişə əlçatmaz yüksəklikdə görməyə
alışmışıq.

– Müzakirə obyekti hər şey ola bilər. Əgər pyedestalda qoyulsaydı, belə
fikirlər yaranacaqdı ki, bu adam xalq içindən çıxıb, niyə göydə dayanmalıdır?

– Xanlar müəllim, sizin işiniz qalib seçildiyinə görə siz Hacı Zeynalabdinin
obrazını daha dərindən görmüsünüz. Təbii ki, istedadınız, təcrübəniz öz
yerində. Mənə elə gəlir ki, bunun bir səbəbi də sizin Zeynalabdin Tağıyevlə
hansısa mənada oxşarlığınızdır. Hətta sizin də əlinizdən yerə qoymadığınız
təsbehiniz var.

– Amma böyük bir fərqimiz də var. Onun pulu var idi, xərcləyirdi, mənim pulum
yoxdur, gəlib dərs deyirəm (Gülüşürük).

Təsbehə gəlincə, hacının təsbehi, bildiyiniz kimi, iki dəfə qırıldı, səhərə
kimi restavrasiya etdik. Mənim fikrimdə var idi ki, heykəl hündürdə olacaq və
təsbehə əl çatmayacaq. Bu heykəlin zərif, incə yeri təsbeh idi. Çünki o, əllə
bir nöqtədə birləşirdi, onu da sındırmaq asan idi.

Təsadüf nəticəsində də sına bilərdi, kimsə çiyni ilə dəyə bilərdi. İndi iki-üç
yerdən bağlamışam ki, sınmasın.

– Mən oxudum ki, təsbehi qıranların məhkəməsində siz müdafiə xarakterli çıxış
etmisiniz. Sizin çıxışınızın məhkəmənin qərarına təsiri oldumu?

– Təsiri oldu deyəndə ki, hakimdə belə bir sual yarandı ki, sizin bunlarla
qohumluğunuz yoxdur ki? Siz bunları tanıyırsınız? Dedim, birinci dəfədir
görürəm. Onlarla heç bir əlaqəm yoxdur. Mən bir vətəndaş mövqeyindən, müəllif
mövqeyindən çıxış edirəm.

Bilirəm ki, o heykəlin ən zərif yeri təsbehdir. O təsbeh biz heykəli maşınla
gətirəndə də sına bilərdi. Bir də ki mən o cavanların gözündəki qorxunu hiss
etdim və dedim ki, bu təsadüf də ola bilərdi. Bu fikirlər hakimə bir az qəribə
gəldi.

– Məncə, Hacı Zeynalabdin özü də belə edərdi, həmin uşaqları bağışlayardı.

– Əlbəttə, bağışlayardı. Onların qəbahəti o olub ki, bir az içkili olublar, nə
etdiklərini dərk etməyiblər.

– Xanlar müəllim, çağdaş günümüzün əksər abidələri cəmiyyət tərəfindən qəbul
edilmir. Özü də bu heykəllərin çoxu görkəmli rəssamlara aiddir. Məsələn, Müslüm
Maqomayevin heykəlini, – müəllifi Xalq rəssamı Ömər Eldarovdur, – bu yaxınlarda
yazarlardan biri kəskin tənqid etmişdi, bu çəlimsiz heykəlciyin böyük
şəxsiyyətə yaraşmadığını yazmışdı. Nə baş verir? Cəmiyyət müasir heykəllərin
dəyərini anlamır, yoxsa Azərbaycan heykəltəraşlığında problem var?

– Məncə, problem heykəltəraşların özlərindədir. Mən elə böyük şəxsiyyət Müslüm
Maqomayevi nümunə göstərmək istəyirəm. 60 yaşında dedi ki, mən oxumağı
dayandırıram. Daha konsert verməyəcəyəm. Ayrı-ayrı tədbirlərdə xahiş edirdilər,
gəlib oxuyurdu.

Niyə belə elədi? Əgər Müslüm axıra kimi oxusaydı, konsert salonunda səsi
titrəsə, ya sınsaydı, ömür boyu qazandıqlarını bir gündə itirə bilərdi.

Hər bir sənət növündə “stop” düyməsi var, o “stop” zamanında basılmalıdır.
Rəssam, heykəltaraş özü bunu saxlamalıdır.

– Yəni yaş öz işini görür?

– Mütləq. Məsələn, mənim 35 yaşındakı fiziki gücüm indi yoxdur. Bir də baş
yaxşı işləməlidir (başını göstərir), bu mexanizmi korlamaq olmaz. Korlandısa,
daha heç nə. Belə gülməli şeylər əmələ gələcək. O fikirdə qalıram ki, vaxtında
“stop”u basmaq lazımdır.

– Lütfi Zadənin heykəlini də bəyənməyənlər çox oldu. Bəyənməyənləri
zövqsüzlükdə günahlandıranlar da tapıldılar. Obrazın məramı bəllidir, amma
forma etibarilə sanki alınmayıb.

– Ömər Eldarov mənim aspiranturada müəllimim olub. Ona görə, düzü, tənqid
etmək də istəmirəm, düz çıxmır bir az…

– Sadəcə bu suala cavab verin: heykəltaraş Lütfi Zadənin mahiyyətini aça
bilibmi?

– Yox, orada obraz açılmayıb. Bu fikirlə düzəldib ki, dünyaya yeni qapı açdı,
elmə yeni baxış gətirdi. Amma açığı, mən bunu hiss eləmədim…

– Xanlar müəllim, “Güllələnmiş heykəllər”in müəllifi də sizsiniz. Onların
güllə yarası aldığı zamanı necə xatırlayırsınız?

– Bilirsiniz, ən çox güllələnmiş heykəl müəllifi mənəm. Oğurlanmış, əridilmiş
heykəllərin müəllifi də mənəm. Siyahıya baxanda ürəyim ağrıyır. O vaxt Qanlı
Yanvar hadisələrində Türkiyə səfirliyinin üstündəki “Qardaşlar” əsərim də güllə
yarası aldı. Həmin heykəlin içində hələ də güllələr qalıb.

Sonra Şuşadakı Üzeyir bəyin və Bülbülün büstləri… Gördüyünüz kimi onlar da
güllələnmişdi. Bundan başqa, mənim Qarabağda bir əsərim də vardı – Aşıq Pərinin
heykəli. Üç metr yarımlıq tuncdan tökülmüş heykəl idi. O yox olub getdi,
ermənilər aparıb əritdilər…

Bülbülün ev muzeyinin qarşısında da heykəl vardı, o da itib batdı, mən onu
yenidən restavrasiya etdim.

Bülbüllə Üzeyir bəyin büstlərini biz o vaxt Gürcüstandan gedib aldıq.
Ermənilər Gürcüstana satmağa gətirmişdilər. Material kimi.

– Yaxşı ki, vaxtında xəbər tutmusunuz…

– Hə, Polad Bülbüloğluya oradan zəng etmişdilər… Gedib pulla alıb gətirdik.
O vaxt bir məsələ qalxdı ki, biz bunu restavrasiya edək, güllə yaralarının
üstünü örtək. Müəllif kimi mənim fikrimi soruşanda, dedim, lazım deyil.

Biz yaddaşı zəif olan xalqıq. 30 il, 50 il keçəcək, yenə yadımızdan çıxacaq.
Amma bu cür qalanda, gələcək nəsil soruşacaq ki, bu heykəllər niyə bu haldadır?
Onda deyəcəklər ki, bu, ermənilərin işidir, onların bu hərəkətləri vandalizmdir.

Prezident bu fikrimizi qəbul etdi, dedi, onda elə belə qalsın. Məsələn,
Natəvanın baş barmağı yoxdur. Onu düzəltmək bizim üçün heç nədir. Bir həftəyə
barmağı yerinə qoymaq olar. Amma bu, tarixi fakt kimi qalmalıdır.

– Xanlar müəllim, biz bilirik ki, ana tərəfdən şuşalısınız. Yenidən o yurdları
görmək necə bir hiss idi?

– Şuşaya gedəndə hələ Zəfər yolu təzə çəkilirdi. Məni dəvət etdilər, getdim.
Tozlu-torpaqlı, ağır bir yol idi. Amma hər dəfə yollarda görünən “Zəfər yolu”
yazısını oxumaq adama ruh verirdi.

Şuşanı çox sevirəm. Yay tətillərimi həmişə Şuşada keçirirdim. Ona görə o
yerlərin hamısı tanışdır. Düzdür, uşaq hafizəsi başqadır, amma yenə də bəzi
şeyləri yadıma sala bilirdim. Mən hələ 70-ci illərdə Üzeyir bəy və Bülbülün
büstlərini orada quranda rayonun rəhbərinə dedim ki, mənim burada baba evim
var. Dedi, göstər mənə.

Getdik, tanıdım, dedim, bax, bu evdir. Dedi, siz neçə ildir gəlmirsiniz, ona
görə indi burada erməni ailəsi yaşayır. İstəyirsinizsə, evi boşaldım, heç
olmasa yaydan-yaya gəlin yaşayın.

Dedim, yox, yazıqdırlar. Biz beləyik də. Dedim, siz mənə yer ayırarsınız,
gəlib ev tikərəm yavaş-yavaş. Sonra ara qarışdı…

O ev indi də yadımdadır. Amma gedib baxmadım. Ürəyimə pis gəldi. Hətta Polad
Bülbüloğlu dedi ki, gedək, göstər mənə ev haradadır. Dedim, yox, istəmirəm.
Sonra yaxşı bir vaxtda gəlib baxarıq.

İlk səfərimin bir xoş nəticəsi də oldu. Anam iki il əvvəl rəhmətə gedib, 94
yaşında. Son vaxtlar tez-tez deyirdi ki, nə vaxt məni Şuşaya aparırsan?
Deyirdim ki, ana, darıxma, az qalıb, gedəcəyik. Mənə ən çox təskinlik verən bu
oldu ki, Şuşada bir kisə torpaq yığdım, qəbri üstünə səpdim. Bu elə bil mənə
sakitlik gətirdi.

– Siz bu günlərdə Xankəndidən qayıtdınız. Orada hansı işlər aparıldı?

– Xankəndi mənə ruhlar şəhəri təsirini bağışladı. Bəzi qapılar açıq qalsa da,
polislərimiz hər şeyi mühafizə edirlər. Biz belə xalqıq, heç nəyə əl vurmuruq.
Sevindirici haldır ki, heykəllər də yavaş- yavaş oradan götürülür.

– Heykəllərin Xankəndidən götürülməsi Avropanın maddi abidələri mühafizə edən
qurumlarında narazılıq doğura bilərmi? Erməni havadarlarının bu barədə hansısa
pretenziyaları ola bilərmi?

– Yox, bunun üçün bizim alternativimiz var. Onların bizim abidələrə etdiyi
vandallıq və bizim onların heykəllərinə münasibətimiz. Biz çox səliqəylə
götürdük. Heç nə əzilmədi, qırılmadı. Xankəndinin mərkəzində Şaumyanın
heykəlindən söhbət gedir.

– Sənət baxımından bu heykəli necə qiymətləndirirsiniz?

– Bu bizim ən böyük heykəltaraşlarımızdan biri Fazil Nəcəfovun işidir. Fazil
güclü heykəltəraş idi, bu yaxında, yayda dünyasını dəyişdi.

SSRİ vaxtıydı. Ermənilər tələb etdilər ki, Stepan Şaumyanın heykəli olmalıdır.
Pul da bizim büdcədən ayrıldı.

– Xankəndidəki “Nənə-baba” heykəlinin tarixi nə vaxta gedib çıxır?

– 1960-cı illərə aiddir. Onların Baqdasaryan adlı heykəltəraşları vardı, o
vaxt Bakıya gəlib gedirdi. Heykəli ona ermənilər sifariş vermişdilər. Adını da
qoymuşdular “Biz qarabağlılarıq”. O illərdə Moskvada bir kitab çıxmışdı –
“Sovet İttifaqının monumental heykəltəraşlığı”. Bu iş o kitaba düşmüşdü,
altında da yazılmışdı: “Biz qarabağlılarıq, Ermənistan SSR”. Hələ 60-cı illərdə!

O vaxt bizimkilər çox ora-bura yazdılar ki, heykəlin qoyulduğu yer Ermənistan
deyil, Azərbaycan ərazisidir. Kitabın tərtibçiləri dedilər ki, yaxşı,
düzəldərik. Düzəltmək isə artıq mümkün deyildi, kitabda elə getmişdi.

– Heykəltaraşın hər bir əsəri onun həyatı, övladı, yaratdığıdır. Sənətkar onu
düzəldir, sonra ideologiya dəyişir və insanlar həmin sənətkarın övladını
parça-parça edərək kənara tullayırlar. Bu heykəltaraşa necə təsir edir?

– Mən bir nümunə gətirmək istəyirəm. Hökumət evinin qarşısında olan Leninin
heykəlinin müəllifi heykəltaraş Cəlal Qaryağdı idi. Bu əsər bəlkə də bütün
SSRİ-də Leninə qoyulan ən yaxşı heykəl idi. Heykəltaraşlıq baxımından,
monumentallıq baxımından, ölçülər, işlənmə texnikası baxımından.

Emalatxanada Cəlal müəllimlə qonşu idik. Tez-tez gəlirdi yanıma. Çay içirdik,
söhbət edirdik. Çox istedadlı insan idi. O heykəl götürüləndən sonra elə bil
dik karandaş idi, sındı yarıdan. Təsəlli verməyə çalışırdım, o isə deyirdi ki,
axı mən o heykələ həyatımı qoymuşdum.

O ərəfədə sovet ideologiyasına xidmət edən bir çox heykəllər götürüldü.
Fioletov, Kirov, Şaumyanın Bakıdakı heykəli. O vaxt Bakı Şəhər İcra
Hakimiyyətində iclas keçirildi. Məni də dəvət etdilər. Çünki artıq 35 ildir
Rəssamlar İttifaqında Heykəltəraşlıq Cəmiyyətinin sədriyəm.

Bu heykəllərin aqibəti ilə bağlı hərə bir fikir söylədi. Kimi dedi ki, əridək,
başqa işlərdə istifadə edək və s. Mənə söz veriləndə dedim ki, bu heykəllər
heykəltaraşlıq ömrünün əsas, çox böyük hissəsidir. Gəlin, belə edək. Şıxovda
“Dostluq” parkı var. Bu heykəlləri yığaq ora, üstünə də yazaq: “Azərbaycan
xalqının düşmənləri”. Amma elə fikir olaraq da qaldı.

– İdeologiya dəyişir, bunda heykəlin nə günahı? Sənət öz ömrünü yaşayır…

– Necə olur ki, Hitlerin, Napoleonun heykəlləri muzeylərdə sərgilənir.
Müəllifi də yazılır, ərsəyə gəldiyi tarix də yazılır. Bu tarixdir, incəsənətdir.

– Ümumiyyətlə ölkənin heykəlqoyma kursu necə olmalıdır, kimlərə, hansı sahənin
insanlarına heykəl qoyulmalıdır?

– Hazırkı durumda biz ən çox Vətən müharibəsində qəhrəmanlıq göstərən
oğullarımızın, şəhidlərimizin obrazlarına müraciət etməliyik. Bu qəhrəmanların
hərəsinin öz vətənində, doğulduğu yerdə bir heykəli olmalıdır. Bu abidələr
səcdə yeri olmalıdır, cavanlar baxıb oradan nəsə götürməlidir.

Bu yaxınlarda Xankəndiyə gedəndə yol boyu baxırdım, hər yerə şəhidlərin şəkli
vurulub. O qəhrəmanlara mən böyük məmnuniyyətlə heykəl qoyardım.

O da mənim bəxtimdən oldu ki, Şirvan şəhərində ilk qələbə heykəlini mən
düzəltdim. Şəhidlərə həsr edilmiş belə heykəllər çox olsa, həm maariflənmə
cəhətdən yaxşıdır, həm onların ailəsinə böyük təskinlikdir.

– Xankəndidə yeni heykəllərin qoyulması gözlənilirmi?

– Məndən bu barədə soruşdular. Dedim ki, burada iki şəxsiyyətə heykəl qoymaq
olar. Biri ulu öndərə, çünki torpaqların azad edilməsində onun böyük zəhməti
var idi. Biri də Pənahəli xanın özünə. Bu abidələr şəhərin girəcəyində olsa,
həm düşmənə gözdağı olar, həm də yerinə düşər.

– Heykəllərin heç də hamısı ucaldılmır, çoxu emalatxana ömrü yaşayır. Bu
mənada heykəltaraşın xəyalları puç olmurmu?

– Hər heykəltəraşın emalatxanasında heykəllər görərsiniz, bunlar onun obrazda
əks olunmuş fikirləridir. Şair misra yazıb qoyur qırağa ki, nə vaxtsa istifadə
edər. Yazıçı bir hekayəni qələmə alıb saxlayır. Heykəltaraş da elə.

Kiçikhəcmli heykəllər əsasən sərgilərdə nümayiş etdirilir. Çox vaxt şəxsi
kolleksiyaçılar gəlib alırlar. Bir kolleksiyaçı şəxsən mənimlə tanış idi, demək
olar ki, ildə üç-dörd əsərimi alırdı. Sonra müflisləşdi, daha gəlmir… Heykəl
vurğunu idi.

Bir məqam məni həmişə qıcıqlandırır. Kimlərsə 10 min dollara bogema (Çexiyada
istehsal olunan bahalı qablar – red.) dolça alıb evin yuxarı başına qoyurlar.
Sonra da bir dəcəl uşaq gəlib onu sındırır. Pul da getdi, bogema da. Amma on
min dollara iki rəsm əsəri, iki heykəl alsan, bu, ömürlük sənin evini, həyatını
bəzəyəcək. Səndən sonra gələn nəsil də bu heykəldə nəsə tapmaq, oxumaq
istəyəcək. Çünki bu tilsimdir, qapalı aləmdir.

Bəzən mən sərgidə bir iş təqdim edirəm. Sonra görürəm ki, onun haqqında
qəzetdə təhlil yazısı çıxdı. Özüm-özümə deyirəm ki, heç mən bu nüansları
fikirləşməmişdim, bunu necə tapdılar?

Yəni hərənin öz fikri, öz münasibəti yaranır. Ona görə rəsm əsərlərini,
heykəlləri sevin. İmkan dairəsində alın, evinizdə saxlayın.

– Şəxsi kolleksiyaçılar, dediyiniz kimi, işlərinizə maraq göstəriblər. Sirr
deyilsə, ən bahalı işinizin qiymətini deyə bilərsiniz?

– Ən bahalı işimi hədiyyə vermişəm. Onu mən qiymətləndirə bilmədim, ona görə
dedim, götür, hədiyyə verirəm, bilirəm ki, yaxşı əllərdə olacaq.

– Həmin heykəllərin taleyi sonra sizi narahat etmir?

– Edir. Bir məşhur adama ad günündə əsərimi hədiyyə etmişdim. Üstündən bir
xeyli keçmiş məni evinə dəvət eti. Qonaq otağında oturub çay içirik, gözüm isə
ona bağışladığım işi axtarır. Bir də baxdım ki, şkafın altına qoyub… Az qala
infarkt keçirəcəkdim.

O adam bu iş barəsində o qədər mənimlə danışmışdı ki, axırda ona
bağışlamışdım. Əgər şkafın altına qoyacaqdınsa… Daha sözüm yoxdur danışmağa.

– Ümumiyyətlə, Azərbaycan rəssamlarının durumu mənəvi cəhətdən həm də ona görə
ağırdır ki, bizdə insanların sənətə münasibəti tutaq ki, Avropada olduğu kimi
deyil.

– Gəncliyimdə xaricdən çox təkliflər gəlirdi. Bizdə də sim var, elə bağlıyıq
ki, vətənə. Heç bir şeyə aldanmırıq. Türkiyədən neçə dəfə dəvət gəlmişdi.
İrandan, Pakistandan dəvətlər gəlmişdi. Onlar bu sənətdən uzaqdırlar, bizdə
olan səviyyə onlarda yoxdur.

– Azərbaycan heykəltaraşlığının bu gün sizin kimi peşəkar təmsilçiləri var.
Bəs bu sənətin gələcəyini necə görürsünüz? Bu gün istedadlı mütəxəssislər
yetişirmi?

– Bilirsiniz, biz o vaxt Azərbaycanda təhsil almadıq, dağıldıq SSRİ-nin
canına. Hər şəhərdə azərbaycanlı tələbələr var idi. Biri Moskvadan, biri
Leninqraddan, biri Daşkənddən gəlirdi. Hərənin də çiynində öz baqajı vardı.
Bunun sayəsində rəngarəng sənət aləmi yarandı.

Məsəlçün, mən Asiya məktəbini gətirdim, o biri Rusiya məktəbini, digəri
Baltikyanı ölkələrin məktəbini.

İndi hər kursda iyirmi, otuz tələbə olur. Onların arasından bir nəfər çıxsa,
böyük göstəricidir. Əslində heç dərs demək istəmirəm. Müəllimi tələbə
həvəsləndirməlidir. Nəyisə izah edirsən, baxırsan ki, biri telefonla oynayır,
biri üzünə pudra çəkir. Mən artıq darıxıram, ruhdan düşürəm. O tələbə ki
görürəm, nəsə eləmək istəyir, mən ondan çox can yandırıram. Əgər mənim
danışığıma sizdə maraq yoxdursa, mən nə danışım?

Amma hara gedirəm, tələbələrimi görürəm – o barədə “yaxşıdır”. Sədərəkdə,
Binədə də tələbələrim var. O gün yoldaşımla dükandan şirniyyat alırıq, bir qız
deyir, “müəllim, məni tanımadınız? Mən tələbəniz olmuşam”. Və dayanıb tərəzi
dalında! Tələbələrimin bazarda kartof satması, sürücülük etməsi mənim üçün
alçaldıcı vəziyyətdir.

İndi kursda oğlan çox azdır, bizim vaxtımızda elə deyildi. Bizim kursda 5
oğlan oxuyurdu, 1 qız. İndi 20 qızdır, 1 oğlan.

– Qadın heykəltaraşlar yəqin kişilər qədər ümidverici olmurlar.

– Bizim dövrümüzdə ən yaxşı heykəltaraşlardan biri elə mənim müəlliməm Həyat
Abdullayeva idi. Onun bir gözü görmürdü, qəzada xəsarət almışdı. Amma bir
gözüylə necə gözəl əsərlər yaradırdı. Həcəri, Natəvanı işləyib. “Xoşbəxtlik”
əsəri var – iki gənc baş-başa dayanıb.

Elmira Hüseynova da böyük heykəltaraş idi. Zorgenin, İçərişəhərdə Zərdabinin
heykəli onun işləridir. Başqa istedadlı qadın heykəltaraşlarımız da olub. Mən
həmişə düşünürdüm ki, heykəltaraşlıq qadın işi deyil, amma onlar əksini sübut
etdilər.

– Xanlar müəllim, klassik rəssamların demək olar ki, hamısı tənha yaşayıb. Həm
onları anlayan olmayıb, həm də özlərini sənətə həsr ediblər. Bu mənada ailə
qayğıları sizin sənətinizə maneə törətməyib ki?

– Yox, yox. Düzdür, xanımım çox qısqancdır. Cavan vaxtı məni divara yeridirdi.
Hətta mən mağazaların vitrininə baxanda deyirdi ki, ora qəşəng qızların əksi
düşüb, sən onlara baxırsan. Deyirdim, nə yaxşı mənə öyrətdin, bundan sonra elə
baxaram (gülür). Başa salırdım ki, mən heykəltaraşam, min cür fikrim var…
İndi özü də şəkil çəkir, gözəl portretlər yaradır.

– Bir televiziya proqramında siz İntizar xanımın sonradan bu sənətə
başladığını söyləmişdiniz. Yəqin ki, sizə daha yaxın olmaq istəyi onda
rəssamlıq istedadını üzə çıxarıb.

– Bəlkə də. Həm də hissiyyatlıdır, bəzən əsər haqqında elə fikir deyir ki,
görürəm ki, haqlıdır. Bu mənada köməyi dəyir.

– Emalatxananızı da həyat yoldaşınızla bölüşmüsünüz.

– Hörmətli prezidentimiz mənə ev bağışlamışdı. Mən onu satdım, emalatxanamı
böyütdüm, əlavə otaqlar tikdim. Orada həm yaşayırıq, həm də işləyirik.

– İntizar xanım “Hətta mən onu heykəllərinə də qısqanırdım” deyir. Bir dəfə də
sizə sual verib: “Mən, yoxsa sənət?” Sizin cavabınız gecikəndə, o anlayıb ki,
cavab üçün sizin üzərinizə getməməlidir, cavab onun xeyrinə olmaya da bilər.

– Elə suallar var ki, verilməməlidir. Bu, düzgün sual deyil axı.

– Amma sənət sizin üçün hər şeydən öndədir, eləmi?

– Əlbəttə ki.

– Elə isə sənətlə bağlı ən böyük arzunuz nədir?

– Allah ömür versin, bir az da işləyim, fikirlərim, planlarım çoxdur. Düzdür,
iki infarkt ağır məsələdir. Üstəlik, siqaret də çəkirəm.

– Niyə tərgitməyi düşünmürsünüz, bir halda ürəyinizə ziyandır.

– Yox, daha keçib. Kardioloqların biri deyir ki, birdən at, biri də deyir ki,
atmaq olmaz, birdən şəkər baş qaldırar. Məndə siqaret alışqanlığı lap çoxdur,
gecə də ağlıma nəsə fikir gələndə durub siqaret çəkirəm.

Cəfər Cabbarlıya həkim demişdi ki, nə içki iç, nə də siqaret çək. Yoxsa
öləcəksən. O da demişdi baş üstə. Nə siqaret çəkdi, nə içki içdi. Üç il heç nə
yaza bilmədi. Üç ildən sonra siqaret də çəkdi, araq da içdi, nə qədər də əsər
yazdı. Düzdür, dünyasını dəyişdi, amma tarixə düşdü…

Source link