Sumqayıt Şəhər Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən
Elvin Ağazadənin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az xəbər verir ki, hakim Samir İsmayılovun sədrliyi ilə keçirilən
prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Elvin Ağazadə cəzasını məntəqə tipli cəzaçəkmə
müəssisəsində çəkməklə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 29 dekabr 2023-cü il tarixdə, saat 19 radələrində
Sumqayıt şəhəri, Koroğlu küçəsində qeydə alınıb.
Belə ki, 2000-ci il təvəllüdlü Elvin Ağazadə etibarnamə əsasında idarə etdiyi
və anasına məxsus olan “KIA Rio” markalı avtomobillə hərəkətdə olarkən piyada,
1953-cü il təvəllüdlü Hacıalı Məcid oğlu Hacıyevi vurub. Yaralı xəstəxanaya
çatdırılsa da, göstərilən müdaxilələrə baxmayaraq, 4 gün sonra həyatını itirib.
Məhkəmədə Elvin Ağazadə elan olunmuş ittihamla özünü təqsirli bilərək
ifadəsində deyib ki, Azərbaycan Texniki Universitetində nəqliyyat mühəndisliyi
və logistika ixtisası üzrə ali təhsil alır.
Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə verən
mərhumun övladı bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
qurumlarının birində direktor vəzifəsində çalışır. O, məhkəməyə ərizə təqdim
edərək təqsirləndirilən şəxs ilə barışdığını, onlara dəymiş maddi və mənəvi
zərərin tam ödənildiyini, bu səbəbdən də Elvin Ağazadəyə qarşı heç bir
şikayətin və tələbinin olmadığını qeyd edib.