Təmkin Xəlilzadə: “Avropa çempionluğunun təsadüf olmadığını sübut etməyə
gedirik”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Dünya çempionatına Avropa çempionluğunun təsadüf olmadığını sübut etməyə
gedirik”.
“Report”un məlumatına görə, bunu minifutbol üzrə Azərbaycan millisinin üzvü
Təmkin Xəlilzadə Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə
açıqlamasında deyib.
30 yaşlı futbolçu Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək dünya çempionatına
yüksək səviyyədə hazırlaşdıqlarını bildirib:
“Ab-hava çox yaxşıdır, turnirə yüksək səviyyədə hazırlaşmışıq. Antalyada
ikihəftəlik təlim-məşq toplanışımız oldu. Minifutbol mənim üçün təzə səhifədir,
çox maraqlıdır. Çempionlar Liqasında fərqli ab-hava hökm sürürdü. İndi isə
millinin heyətində çıxış edəcəyik. Azərbaycan adı olan yerdə həmişə can-başla
çıxış etməyə hazırıq”.
T.Xəlilzadə mundialda qarşıya qoyulan hədəfdən də söz açıb:
“Rəqiblər barədə elə də geniş məlumatım yoxdur. Mundiala son Avropa çempionu
kimi yollanırıq. İlk məqsədimiz qrupdan çıxmaqdır. Ondan sonra gücümüz çatan
qədər ölkəmizi layiqincə təmsil etməyə çalışacağıq”.
Böyük futboldan minifutbola gəldiyini xatırladan keçmiş müdafiəçi bunun ona
ciddi çətinlik yaratmadığını vurğulayıb:
“10 il böyük futbolla məşğul olmuşam. Böyük futbolla minifutbolda sistem tam
fərqlidir. Ancaq mənə heç bir çətinlik yaratmır. Çünki futbolçu dönəmlərimdə də
ara-sıra özümüz toplaşaraq minifutbol oynayırdıq. Elə xırda detallar var ki,
böyük futbolda onu sığortalamaq mümkündür. Ancaq minifutbolda adi səhv qola
səbəb olur. Xüsusən də standart vəziyyətlər zamanı səhvin sığortası olmur”.
Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatının G qrupunda İraq, Misir və
Tunislə mübarizə aparacaq. Komanda ilk görüşünü oktyabrın 27-də İraqa qarşı
keçirəcək.