7c80ed7f-d5fb-47fc-8e6f-2cb7c7d1df0d..jpg

Tənha qəbirin nağılı: Xalq artistinin macəra dolu həyatı – FOTO

Baxış sayı: 704 dəfə baxılıb.

Tənha qəbirin nağılı: Xalq artistinin macəra dolu həyatı – FOTO

“Onun nə dərdi vardısa, ürəyində qalardı. Əlbəttə ki, bəzi dərdlərini mənə
açıb, danışırdı. Ammna bunların hamısını mən sirr kimi saxlayıram”.

Rəfiqəsi aktrisa Məsumə Babayeva deyir bu sözləri sonra da bir müddət fikrə
gedir.

Hə, əslində onun həyatı sirri-xuda kimi bir şey idi. Ucqar bir kənddə anadan
olasan, Allah sənə ilahi bir gözəllik bəxş edə, bu gözəllik sənə şan-şöhrət
gətirə, sənətdə, həyatda hər şey qazanasan… Və sonucda günlərin bir günü hər
şeyi itirəsən. Evsiz, ailəsiz qalasan. Tale səni ev-eşikdən də məhrum edə. Bir
rəfiqənin dar bir mənzilinə sığınasan. Dərdinin üstünə dərd gələ. Günlərin bir
günü isə ürəyin parçalana. Çox yox, vur-tut 59 yaşında bu həyatdan köçəsən.
Geridə isə indi – ruhun bizi bağışlar yəqin – indi heç kimin yadına düşməyən
Xalq artisti adın qala, özün isə son mənzil kimi doğulduğun kəndin
qəbirstanlığına sığınasan.

Sən bəlkə də Xalq artisti adı alıb, adi bir kənd qəbirstanlığında uyuyan
yeganə sənətkarsan. Elə o qəbirstanlıqda uyuyan yeganə Xalq artisti də sənsən –
Xuraman Hacıyeva.

O, 7 mart 1945-ci ildə Ucar rayonunda doğulub. 1964-cü ildə Azərbaycan Dövlət
Teatr İnstitutunun aktyorluq fakültəsinə daxil olur. Uca boyu, məlahətli səsi,
ən əsası isə fövqəladə gözəlliyi ilə ilk illərdəcə müəllimlərinin diqqətini
çəkmişdi. İkinci kursda oxuyanda “Arşın mal alan” bədii filmində onu Asya
roluna çəkirlər. İnanmarsınız məhz bu rola görə də onu inustitutdan qovurlar.
Onu heç rejissor Tofiq Tağızadə belə xilas edə bilmir.

Təəccüblənməyin, çəkilişlər o qədər uzun çəkir ki, Xuramanın dərsə davamiyyəti
zəifləyir. Onu sadəcə qovurlar.

1966-cı ildə təhsilini yarımçıq qoyaraq Gəncəyə gedir və ordakı dram teatrında
aktrisa işləməyə başlayır. Gəncədəki Dövlət Pedaqoji İnstitutunun
tarix-filologiya fakültəsini bitirir.

1972-ci ildə Bakıya gələrək Gənc Tamaşaçılar Teatrının truppasına daxil olur.

Yeri gəlmişkən Xuramanın atası hüquqşünas, anası isə evdar qadın idi.
Bacı-qardaşlarının içində incəsənətə təkcə Xuraman meylli olur. Amma nə olsun?
Valideynlərinin xeyir-duasını almır. Onlar qızlarının aktrisa olmasına razı
deyillər.

Aktrisa hələ Gəncədə işləyərkən bir nəfərlə tanış olur. Bu qeyri-rəsmi
nikahdan onun bir qızı dünyaya gəlir. Tale elə gətirir ki, aktrisa sonradan
qızını təkbaşına böyütməli olur.

“Xuraman xanımla bizim tanışlığımız 1972-ci ilin oktyabrın 3-də başlayıb. O,
Gəncədən Bakıya gəlmişdi. Ona Gəncədə dövlət tərəfindən ev verilmişdi. Həmin
evi o, təhvil verdikdən sonra Bakıya gəldi. Gənc tamaşaçılar teatrının 50 illik
yubileyində Xuramana ev verildi. Xuraman şikayətlənən biri deyildi”.

Bunu da Məsumə xanım Lent.az-a deyir. Birazdan isə onun adını çəkdiyi başı
bəlalı evdən də danışacayıq sizə.

Çoxları deyir ki, aktrisanın ölümünə səbəb qızı olub. Qızı bir Türkiyə
vətəndaşı ilə ailə qurubmuş. Xuraman xanım özü də elə bir müddət qızı ilə
bərabər orada qalıbmış. Amma çox da Türkiyədə qala bilmir. Bir müddət sonra
geri qayıdır. Bir qədər sonra qızı və əri də onun yanına gəlir. Hansısa biznes
qurmaq üçün Xuraman xanıma dövlət tərəfindən verilən evi satdığa qoyurlar.
Nəticədə o, evsiz qalır. Bunu da xifət edir. Bir yandan da kürəkəni onu məcbur
edirmiş ki, tanıdığı-tanımadığı adamlardan borc alsın. Elə borclar da üst-üstə
yığılıbmış, qaytara bilmirmiş.

Aktrisa ürəyi dözmür, infrakt keçirir. Onun küçədə qaldığını görən rəfiqəsi
Məsumə Babayeva Xuramanı evinə gətirir. Düz il yarım ona qulluq edir.

“Xuraman evini-eşiyini satmışdı. Onun kirayə qalmasına icazə vermədim. Bir il
yarım müddətində mənimlə qaldı. Xuramanın dərdi qızını ölkəyə gətirmək idi. Bir
müddət sonra qızı və həyat yoldaşı Azərbaycana qayıtdı. Kürəkəni yaxşı evdə
qalmaq istəyirdi. Onlar mənim evimi bəyənmədilər. Xuraman qızı üçün 600 dollara
ev tutdu. Ordan-burdan pul tapıb onları saxlayırdı, evin pulunu ödəyirdi. O,
hər dərdini ürəyində saxlayan biri idi. Elə ürəyindən də öldü”.

Məsumə xanım deyir ki, çox gözəl əl qabiliyyəti olub:

“Dadlı yeməklər bişirməyi, paltar tikməyi bacarrmış. Sirrini çox az adamla
bölüşürdü. Heç mənə də açmırdı”.

Bəlkə də çox az adam bilir ki, o, ikinci dəfə ərə gedir. Teatrda işləyən və
özündən yaşca çox kiçik olan birisi ilə ailə qurur. Amma bu izdivac da çox
çəkmir. Həmin adam vəfat edir. Onun vəfatı da Xuramana bir ayrı dərd olur.

Amma bəlkə də çox adam bilir ki, onun aktyor, özü kimi Xalq artisti Tariyel
Qasımovla isti münasibətləri olub. Sonradan Tariyel Qasımov müsahibələrinin
birində deyəcəkdi:

“Xuraman çox gözəl xanım idi. İndi desəm ki, ona qarşı heç bir hissim olmayıb,
düz çıxmaz. Mən də gənc vaxtlarımda çox yaraşıqlı idim. Xuraman da mənə qarşı
biganə deyildi. Hətta onun yaxın rəfiqəsi, xanım həmkarlarımızdan biri mənə
demişdi ki, “sən hara baxırsan, onun sənə qarşı olan sevgisini görmürsən?”. Heç
nə edə bilməzdim. Çünki tərəf müqabili idik, tez-tez səhnəyə çıxırdıq. Əgər ona
hisslərimi ifadə etsəm, ailə qursaydıq, onda bir yerdə çalışmaqdan da imtina
etməli olardıq. Hisslərimizi işimizə görə kənara qoyduq, yaxın dost olduq.
Qəribə gələcək sizə bəlkə, amma ailə quracağım xanımı sonralar Xuraman
seçmişdi. İstəyirdi ki, hər şeyin yaxşısı mənim olsun, xoşbəxt olum”.

Nə qədər pozitiv insan olsa da sevinə bilmirmiş deyir Məsumə xanım. Son günlər
isə əsəbi, qaraqabaq bir adama çevrilmişdi. 2005-ci il fevralın 15-də işdən evə
qayıdırdı. Yolda ürəyində sancılar hiss edir. Bir qədər dayanır, səkidə oturur,
azca toxdadıqdan sonra qalxıb yoluna davam etmək istəyir. Amma üzü üstə yerə
yıxılır. Küçədən keçən insanlar onu xəstəxanaya çatdırırlar. Nə həmin insanlar,
nə də elə xəstəxananın işçiləri bilmirlər ki, son nəfəsini onlarla bölüşən
Azərbaycan gözəli, Xalq artisti Xuraman Hacıyevadır.

Onu iki gün sonra morqdan götürürlər. Anadan olduğu Ucar rayonu, Müsüslü
kəndinə aparırlar. Həmin kənddəki qəbirstanlıqda ucqar bir yerdə dəfn edirlər.
Biz bilmirik onun qəbrini kimlər və nə vaxt sonuncu dəfə ziyarət edib. Amma
görünən odur ki, bu qəbir baxımsızdır. Və hələ də kiminsə yolunu gözləyir…Bəs
kimin?

Source link