Təqaüdçülərin asudə vaxtlarının təşkili layihəsinə start verilib - FOTO

Təqaüdçülərin asudə vaxtlarının təşkili layihəsinə start verilib – FOTO

Baxış sayı: 3. 512 dəfə baxılıb.

11 May “Azərkitab” Kitab Təbliğatı Mərkəzində “Təqaüdə çıxmış insanların asudə vaxtlarının təşkili” layihəsinin təqdimatı keçirilib. Layihə Azərbaycan Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşıb. 

ÇıxışYolu.Com xəbər verir ki, layihənin əsas məqsədi cəmiyyətdə yaşlı insanların fəal iştirakına və onların həyat keyfiyyətinin yaxşılaşdırılmasına şərait yaratmaqda yardım göstərməkdir. 

Layihə çərçivəsində psixoloqlar Samirə Axundova və Günel Əliyeva təqaüdçülər üçün həyat keyfiyyətinin yaxşılaşdırılması mövsuzunda psixoloji təlim keçiblər. Hər iki mütəxəssis 15 ildən çox şəxsi təcrübəyə malikdirlər. Tədbirdə 60 – 80 yaş arası əksəriyyəti qadın olmaqla 50- yə yaxın təqaüdçü iştirak edib.

Psixoloq-qeştalt terapevt Samirə Axundova öz çıxışında yaşlıların əsas stress mənbəyinin aydın həyat ritminin olmaması, kommunikasiya sahəsinin daralması, aktiv fəaliyyətdən kənar olmasını və digər bir çox məqamların olduğunu vurğulayıb.  

Öz növbəsində ailə terapevti Günel Əliyeva əlavə edib ki, yaşlı adamların ən böyük problemi ətrafdakıların laqeydliyi və anlayışın olmaması nəticəsində tənhalığa qapılmaqlarıdır.  Hər iki ekspert yekun olaraq bildirdilər ki, “Fəallıq və yaradıcılıq yaşlı adamlarla işləmək üçün iki əsas prinsipdir”.

Layihə iştirakçıları ünsiyyət və keyfiyyətli vaxt keçirməyə ehtiyac duyduqlarını dilə gətiriblər. Elmlər Akademiyasının üzvü olan Nailə Əliyeva təlimə dair fikirlərini bölüşərək bildirib: 

“Biz istəyirik ki, vaxtımızı səmərəli keçirmək üçün şərait olsun və keçirilən tədbir məhz bu səbəblə idi. Təşkilatçılara yaradılan şəraitə görə təşəkkür edirəm”.

Layihənin digər iştirakçısı, qadınlar klubunun təmsilçisi Gülşən Məmmədova bildirib ki, belə tədbirlərə ehtiyac duyulduğu üçün mütəmadi keçirilməsini arzu edir: 

“Mən istəyərdim ki, vaxtımı öz həmyaşıdlarımın əhatəsində bizi ilhamlandıracaq maraqlı işlərlə məşğul olaraq keçirim”.  

Qeyd edək ki, növbəti tədbir iyun ayının əvvəlində keçiriləcək. 

Daha ətraflı məlumat üçün: 0503654571 

www.ÇıxışYolu.Com