Tərlan Əhmədov: Millinin həkimini məhşər ayağına çəkmək lazımdır

Baxış sayı: 2. 737 dəfə baxılıb.

Tərlan Əhmədov: Millinin həkimini məhşər ayağına çəkmək lazımdır

Azərbaycan Premyer Liqasının XII turunun “Keşlə” – “Qəbələ” (1:2) oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Tərlan Əhmədov qapıçı Kamran Ağayev haqda məsələyə münasibət bildirib.

ÇıxışYolu.Com xəbər verir ki, baş məşqçi futbolçusunun zədəsi olduğunu təsdiqləyib:

“Bilmirəm, onun haqda nə yazırlar. Sosial şəbəkələri, mətbuatı izləmirəm. Belə çıxır ki, Kamran yığmanı pis vəziyyətdə qoyub. Yaxşı, Farer adaları ilə oyunda əvəzləndi və komanda qələbə qazandı. Amma onda heç kim demədi ki, Kamran yoxdur. 

Həqiqət odur ki, ciddi zədəsi var. Əzələsində qan yığılıb. Bunu MRT göstərmir. Bu gün yığma tək Kamrandan asılıdırsa, nədənsə danışmağa haqqımız yoxdur. Mətbuatda əvvəl yazılırdı ki, Səlahət daha yaxşı oynayır, “Neftçi”nin əsas gücüdür. 

İndi isə Kamranın üstünə yıxırlar ki, oynamadı, komanda uduzdu. Çalışırıq ki, növbəti oyuna hazırlaşaq. Belə şayiələri buraxanlar gərək utansın”.

Kamran Ağayev “Qəbələ”nin “Keşlə”ni 2:1 məğlub etdiyi görüşü, demək olar ki, 90 dəqiqə zədələndiyi ayağının üstündə keçirib. Bununla belə, Tərlan Əhmədov lazım gəlsə, onun zədəsinin ciddi olması ilə bağlı sənədi mətbuata təqdim edə biləcəklərini də qeyd edib:

“Heç bir problem yoxdur. Zədələr müxtəlifdir. Azər Salahlının ayağı gipsdədir, onun bazaya gəlməsinə də imkan vermirəm. Kamranda isə başqa cürdür. Əzələsində qan yığılıb və bu, kəskin hərəkət zamanı ciddi problem yarada bilər.

Ona diqqətlə baxsanız, axsadığını görərsiniz. O qədər düşüncəsizik ki, hazır ola-ola onu ehtiyatda saxlayaq? Davud Kərimi çoxdan idi oynamırdı və biz məcburiyyətdən onu meydana buraxdıq. Baxmayaraq ki, onun atası yenicə rəhmətə getmişdi. 

Millinin həkiminin açıqlaması söz-söhbətlərə səbəb olub. Onun özünü məhşər ayağına çəkmək lazımdır. Çünki Farer adaları ilə oyundan öncə Kamranın zədəsi ilə bağlı söhbət olub. Amma oynamasında problem olmayacağını deyib. Nəticə də belədir”.

O, millimizin Kosovoya 0:4 hesablı məğlubiyyətində Qurban Qurbanova qarşı futbolçuların “torba” əməliyyatına isə inanmadığını bildirib:

“Bir dəfə demişdim ki, oyun alqı-satqısı, “torba” sözünü işlədənlər, deməli, nə zamansa bununla məşğul olub. Heç zaman deyə bilmərəm ki, futbolçular bilərəkdən oynamayıblar. Heç vaxt insanları belə şeylərlə ittiham edə bilmərəm. Oyun necə satılır ki? Elə deyənlər gərək sübut etsinlər. Dəfələrlə demişəm ki, belə şeyləri danışanların özləri araşdırılmalıdır. İnanmıram ki, yığmada belə şeylər olsun. Kimsə 100 faiz bilirsə, bunu sübut etsin”.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com