“Tərtər işi” ilə bağlı ittiham edilənlərin 12 ilə qədər həbsi istənildi
“Tərtər işi” ilə bağlı ittiham olunan polkovnik Vüsal Ələsgərov, sabiq
qərargah rəisi, polkovnik- leytenant Rəşid Niftəliyev, Müddətdən artıq həqiqi
hərbi xidmət hərbi qulluqçuları Ramil Qarayev və Rüstəm Ələsgərovun cinayət işi
üzrə məhkəmə istintaqı başa çatıb.
“Qafqazinfo”nun məlumatına görə, prosesdə prokuror ittiham nitqi ilə çıxış
edib.
Prokuror Vüsal Ələsgərovun 10 il, Rüstəm Ələsgərovun 12 il, Rəşid Niftəliyevin
9 il, Ramil Qarayevin isə 8 il 6 ay müddətə azadlıqdan məhrum edilməsini
istəyib.
Qeyd edək ki, sözügedən şəxslər hərbi qulluqçulara işgəncə verməkdə, onları
qanunsuz azadlıqdan məhrum etməkdə və vəzifə səlahiyyətlərini aşmaqda
təqsirləndirilirlər.
Vüsal Ələsgərov, Rüstəm Ələsgərov, Ramil Qarayev Cinayət Məcəlləsinin (CM)
145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab
olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza),
341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri, Fuad Axundov
CM-nin 127.2.2 (qəsdən sağlamlığa az ağır zərər vurma), 145.3, 293.3, 341.2.2
və 341.2.3 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək
barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.