Tərtərdə minaya düşən şəxsin ayağı amputasiya edildi – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Tərtər rayonunda heyvan otaran zaman piyada əleyhinə minaya düşən Azər
Məmmədovun sol ayağı amputasiya edilib.
“Report”un Qarabağ bürosu xəbər verir ki, o, əvvəlcə Tərtər rayon Mərkəzi
Xəstəxanasına yerləşdirilib.
A.Məmmədova ilkin tibbi yardım göstərildikdən sonra Bərdə rayon Mərkəzi
Xəstəxanasına təxliyə olunub. Burada onun sol ayağı amputasiya edilib.
Məlumata görə, A.Məmmədov bir müddətdir fərdi təsərrüfatında xırdabuynuzlu
heyvanların saxlanılması ilə məşğul olur. Hadisə də işğaldan azad edilən Göyarx
kəndi ərazisində otlaq sahəsində qoyunları otararkən baş verib.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.
12:36
Fevralın 5-də saat 11:45 radələrində Tərtər rayonu Həsənqaya kəndi ərazisində
mina partlayışı ilə bağlı polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki,
1966-ci il təvəllüdlü Azər Əhməd oğlu Məmmədov heyvan otararkən minaya düşüb. O
ayağından xəsarət alıb. Polis əməkdaşları tərəfindən vətəndaş xəstəxanaya
təxliyə edilib.
Faktla bağlı araşdırma aparılır.
12:10
Tərtərdə heyvan otaran şəxs minaya düşüb, araşdırma aparılır.
Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, fevralın 5-də
saat 11 radələrində Tərtər rayonunun Göyarx kəndi ərazisində baş vermiş mina
partlayışı nəticəsində ərazidə heyvan otaran 1966-cı il təvəllüdlü Tərtər şəhər
sakini Məmmədov Azər Əhməd oğlunun sol ayağından xəsarət alması barədə rayon
prokurorluğuna məlumat daxil olub.
Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir,
digər zəruri istintaq hərəkətləri aparılır.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.