Tahir Budaqov: Statistika Komitəsinə 1,2 milyon ABŞ dolları dəyərində qrant ayrılıb

Tahir Budaqov: Statistika Komitəsinə 1,2 milyon ABŞ dolları dəyərində qrant ayrılıb

Baxış sayı: 1. 924 dəfə baxılıb.

Tahir Budaqov: Statistika Komitəsinə 1,2 milyon ABŞ dolları dəyərində qrant ayrılıb

Azərbaycan müstəqillik qazandıqdan sonra, xüsusilə 2003-cü ildən başlayaraq böyük iqtisadi inkişaf yolu keçib. Bu illər ərzində ölkə iqtisadiyyatı 3,3 dəfə, qeyri-neft-qaz sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, əsas kapitala yönəlmiş vəsaitlərin həcmi 3 dəfə artıb. 

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə rəsmi statistik məlumatların istehsalında İKT və kadr potensialının gücləndirilməsi ilə bağlı konfrasda çıxış edən komitə sədri Tahir Budaqov məlumat verib.

O bildirib ki, beynəlxalq aləmdə bir sıra dövlətlərlə əməkdaşlıq çərçivəsində əhəmiyyətli layihələr həyata keçirilib:

“Qazanılan nailiyyətlərin dayanıqlılığını təmin etmək üçün dünyada baş verən qlobal siyasi, iqtisadi, sosial proseslər fonunda çevik qərarların qəbul edilməsi və onların icra vəziyyətinin qiymətləndirilməsi üçün adekvat informasiya təminatının təşkili zərurəti, statistika sisteminin qarşısında da yeni çağırışlar, tələblər qoyub.

Azərbaycan BMT-nin təsdiq etdiyi Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub və bununla bağlı ölkədə bir sıra tədbirlər həyata keçirilir. Eyni zamanda, Strateji Yol Xəritəsindəki hədəflərə çatmaq üçün bir sıra məsələlərdə statistik informasiya dəstəyinin göstərilməsi də xüsusi önəm daşıyır. Bununla əlaqədar Dövlət Statistika Komitəsi tərəfindən sistemli islahatlar həyata keçirilir”.

T.Budaqov 2015-ci ildən başlayaraq ölkədə milli statistika sisteminin inkişafı üçün çox böyük işlər görüldüyünü də diqqətə çatdırıb:

“Dövlət başçısının tapşırığı ilə ən böyük məqsəd milli statistika sisteminin beynəlxalq standartlara çatdırılması və ən əsası Avropa standartlarına çatdırılması istiqamətində qoyulan vəzifələrdir. Bununla bağlı Dövlət Statistika Komitəsinin müraciəti əsasında 2016-2017-ci illər ərzində müxtəlif qurumlar, o cümlədən, BMT-nin Statistika Komissiyası, Avropa Statistika Komissiyası və bir sıra beynəlxalq ekspertlərin iştirakı ilə Azərbaycanda milli statistika sisteminin auditi keçirilib.

Beynəlxalq auditlə altı ay davam edən proses nəticəsində hesabat hazırlanıb. O hesabatda Azərbaycanın milli statistika sisteminin mövcud vəziyyəti və inkişaf etdirilməli olan sahələr müəyyən edilib. Bu səviyyədə ölkə qarşısında milli statistika sistemimizin ümumilikdə Avropa standartlarına uyğun olduğu rəsmən təsdiq edilib.

Dövlət Statistika Komitəsi müxtəlif ölkələrlə əməkdaşlıq aparıb. Beynəlxalq təşkilatlarda ən əsas partnyorlarımızdan biri “Avrastat”dır. Artıq Avropa İttifaqı ilə 3-cü layihəmizi həyata keçiririk. Layihənin adı “Azərbaycanın milli statistika sisteminin Avropa standartlarına çatdırılması” adlanır.

Bu istiqamətdə həyata keçirilən üçüncü layihəmiz başa çatmaq üzrədir. Gələn ilin yanvar ayında bununla bağlı böyük konfrasın keçirilməsi nəzərdə tutulub. Bu əməkdaşlıq çərçivəsində Azərbaycanın milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində çox önəmli addımlar atılıb”.

T.Budaqov Dövlət Statistika Komitəsinin strukturunda çox ciddi dəyişikliklər həyata keçirildiyinə də toxunub:

“Komitənin nəzdində Statistik İnnovasiyalar və Elmi Tədqiqat mərkəzi yaradılıb. Həmin mərkəzin fəaliyyəti nəticəsində statistika sahəsində innovativ yanaşmaların tətbiqi istiqamətində elmi tədqiqat işləri aparılıb və praktiki tövsiyələr verilib.

Milli statistika sistemində keyfiyyət standartlarının tətbiqinə uğurla start verilib. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi rəsmi statistika proseslərinin istehsalında xüsusi önəm daşıyır. Görülən tədbirlər nəticəsində elektron statistik hesabatlılıq səviyyəsi respublika üzrə 95 faizi ötüb. Düşünürəm ki, yaxın zamanlarda 100 faizlik nəticəyə nail olacağıq”.

T.Budaqov bildirib ki, Koreya Statistika Komitəsi ilə əməkdaşlıq böyük əhəmiyyət daşıyır:

“Biz artıq iki layihə həyata keçirmişik. 2018-ci ildə həyata keçirilən Azərbaycanın statistika potensialının gücləndirilməsi layihəsi çərçivəsində ölkəmizdə ilk dəfə olaraq müasir standartlara cavab verən Statistik məlumatların yayım sistemi tətbiq edilib. Bu sistem artıq istifadəçilərə təqdim edilib. 2019-cu ildə Azərbaycanda həyata keçirilən statistik kadr potensialının inkişafı üçün 35 nəfər Koreyada təlimlərə cəlb edilib, 50-dən çox əməkdaşa isə Azərbaycanda təlimlər keçirilib. 

T.Budaqov bildirib ki, ümumilikdə Azərbaycan və Koreya Statistika Komitələri arasında həyata keçirilən layihələr üçün Koreya Statistika Komitəsi tərəfindən Azərbaycanın Dövlət Statistika Komitəsinə 1,2 milyon ABŞ dolları dəyərində qrant ayrılıb. Eyni zamanda Koreya ilə Azərbaycan Statistika Komitələri arasında yeni əməkdaşlıq sazişinin imzalanması da nəzərdə tutulur.

Könül Cəfərli