Taksi sürücülərinin NƏZƏRİNƏ: “Şəhadətnamələrin saxtalaşdırılması cinayət
məsuliyyəti yaradır” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Son zamanlar sosial şəbəkələrdə müəyyən ödəniş müqabilində təlimlərdə iştirak
etmədən taksi minik avtomobillərinin sürücülərinə xüsusi hazırlıq keçmələri
barədə şəhadətnamələrin verilməsi ilə bağlı məlumatlar yayılır.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü
Nəqliyyat Agentliyinin (AYNA) açıqlamasında bildirilir.
Qurum bəyan edib ki, bu məlumatlar tam əsassızdır.
“Taksi sürücülərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədi
daşıyan təlimlərdə əyani iştirak mütləqdir. Xüsusi hazırlığı müvəffəqiyyətlə
bitirən sürücülərə verilən şəhadətnamələr isə elektron sistemdə saxlanılır. Bu
halda sənədin saxta olub-olmaması müəyyən edilə bilər. Taksi minik
avtomobilləri ilə sərnişindaşıma fəaliyyəti üçün buraxılış vəsiqəsi və
buraxılış kartının verilməsi zamanı şəhadətnamənin həqiqiliyi yoxlanılacaq.
Rəsmi sənədlərin saxtalaşdırılması cinayət tərkibi yaradan haldır”, – deyə
açıqlamada qeyd olunub.
“AYNA taksi sürücülərinə yalan vədlərə aldanmamağı tövsiyə edir. Vətəndaşlara
təlimlərdə iştirak etmək üçün qurumun Təlim-Tədris Mərkəzinə (ünvan: Bakı
şəhəri, Ziya Bünyadov prospekti, 39C) və Peşə Təhsili üzrə Dövlət Agentliyinin
müəyyən etdiyi peşə məktəblərinə müraciət etmələri xahiş olunur”, – deyə
agentlik bəyan edib.
Xatırladaq ki, “Avtomobil nəqliyyatı haqqında” Qanuna əsasən, taksi minik
avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin
daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlıq
keçməlidirlər. Bu günədək 11 min 691 nəfər təlimlərdə iştirak etmək üçün
müraciət edib. Təlimlər tədris kabinetlərində və təlim meydançasında müvafiq
sahə üzrə yüksək ixtisaslı, təcrübəli müəllim heyəti cəlb olunmaqla keçirilir.