Talassemiyalı uşaqlara qarşı bir milyon manatlıq dələduzluqla bağlı yeni İDDİA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Talassemiyalı uşaqlar üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ
keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel
Məmmədovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən
prosesdə hakim Azad Məcidov məhkəməyə iki mülki iddia daxil olduğunu elan edib.
Məhkəməyə mülki iddia ilə müraciət edən Günay Ağayeva uşağının müalicəsi üçün
xalqdan dəstək alaraq yığdığı 25 min manatı tələb edib. Digər müraciət edən
Nərgiz Mahmudova isə ona dəymiş doqquz min manat ziyanın ödənməsini istəyib.
Daha sonra hakim təqsirləndirilən Aynur Bayramovanın qızı Əsmər Əlizadə
adından məhkəməyə ərizə daxil olduğunu elan edib. Azad Məcidov ərizə barədə
bunları deyib:
“Ərizədə məni tənqid etmisiniz, lap yaxşı. Yazmısınız ki, yuxarı dairələrə
müraciət etmisiniz. Bəs ərizədə niyə ananızın tutulma səbəbini yazmamısınız?”
Daha sonra təqsirləndirilən Aynur Bayramovanın vəkili Elnur Quliyev onun ev
dustaqlığına buraxılmasını istəyib. Bundan başqa, iş üzrə məhkəməyə baxılması
üçün disk təqdim edib. Vəkil hakimlərdən xahiş edib ki, diski izlədikdən sonra
vəsatətə baxılsın.
Digər təqsirləndirilən Nuridə Seyidovanın vəkili isə məhkəmədən vəsatətin
təmin edilməsini xahiş edib.
Müşavirədən sonra ev dustaqlığı ilə bağlı vəsatətin təmin edilmədiyi açıqlanıb.
Vəkilin məhkəməyə təqdim etdiyi diskə isə sənədlərin tədqiqi mərhələsində
baxılacağı elan edilib.
A.Bayramovanın digər vəkili məhkəmənin düzgün aparılmadığını bildirib,
hakimlərə etiraz edib.
Verilən etiraz qəbul edilməyib.
Sonda iş üzrə zərərçəkmiş Aysel Abdullayeva mülki iddia ilə çıxış edib.
Zərərçəkən ona dəymiş 20 900 manat və mənəvi ziyan kimi isə səkkiz min manat
pulu təqsirləndirilən Aynur Bayramovadan tələb edib. Mülki iddia icraata
götürülüb.
Proses mayın 29-da davam etdiriləcək.
Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq
edilməsi ilə bağlı ötən ilin fevral ayında daxili işlər orqanlarına məlumat
daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə
Seyidova adlı şəxs Aysel Məmmədova adlı qadınla əlbir olaraq 36 nəfər
talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin
şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlıq
dələduzluq edib. Nuriyə Seyidova barəsində həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq,
külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.