Taleh Kazımova sual verirəm: Ölkədə daha hansı banklar “təhlükəli”dir?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Elə bir günümüz yoxdur ki, barmağımızı dişləyib, “mən bilirdim ki, belə
olacaq” sözünü deməyək.
Nədə stabil olmasaq da, hər gün stres yaşamaqda stabilik.
Təəssüf ki, bizi ən çox narahat edən sabahkı günümüz, sosial durumumuz və onun
sığortasıdır.
İllərlə, min bir əziyyətlə qazanılan halal beş manatımızın ahıl-qoca yaşımızda
əlimizdə olmasını istəyirik ki, heç kimə möhtac olmayaq.
Belə baxanda, villa istəmirik, xarici banklarda hesab istəmirik.
Amma di gəl ki, beş manatımızı sığortaya alıb qoymağa bank tapmırıq. Həm də
iqtisadiyyatdan az-çox anlayışı olan adam bilir ki, pul elə bir məhsuldur ki,
işləməsə, dəyərini itirir. Ona görə də pulu ya işə yatırmaq, ya da normal,
güvənli bir banka qoymaq daha məqsədəuyğundur. Amma bank sistemi də dönüb
Qarabağ iqtisadi rayonunun işğaldan azad olunmuş, lakin minalı ərazisi.
Hansını deyirsən, görürsən ki, sabah çıxdaş olur.
Elə biri də bu gün çıxdaş oldu: “Muğan Bank”.
İndi orada əmanətini saxlayan üç-beş nəfərin halını təsəvvür edirəm. Vallah
ki, imkanlı adamlar əvvəlcədən bilirlər pulu hansı bankda saxlamağı. Vay bizim
kimi adi camaatın halına.
İndi bank bağlanandan sonra əmanətçilərə kompensasiya olunacaqmı,
olunmayacaqmı – onu hələ bilmirəm.
Bundan əvvəl də “Günay Bank” bağlandı, ya da bağlanıldı. Ortaya sual çıxır,
bank işi belə asandırmı? Aç-bağla? Ya necə?
“Günay Bank” bağlananda insanlar haqlı olaraq müvafiq quruma sual
ünvanlamışdılar?
“Günay Bank”dan başqa, daha hansı bankların “təhlükəli” olduğunu soruşmuşdular?
Azərbaycan Mərkəzi Bankının sədri (AMB) Taleh Kazımov jurnalistlərə
açıqlamasında ölkədə ciddi problemi olan bankın olmadığını bildirmişdi:
“Azərbaycanda hər hansı bankın bağlanacağını deyən ekspertlər fakt göstərməli,
iddialarını əsaslandırmalıdırlar. Mən fərziyələri şərh etmirəm. Hazırda ölkədə
ciddi problemi olan bank yoxdur”.
Üstündən cəmi üç ay keçir və xəbər çıxır ki, sən demə, “bankın məcmu
kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az
olduğu, məcmu kapitalının adekvatlıq əmsalının üç faizdən az olması, cari
fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyi, habelə bankın
daxili idarəetmə və nəzarət prosedurlarının adekvat olmadığı” üçün “Muğan
Bank”ı da göndərdilər “Günay Bank”ın yanına.
İndi bir jurnalist kimi mən Taleh Kazımova sual verirəm: Taleh müəllim, o
oturduğunuz kresloda nə hikmət var elə?
Sizin sələfiniz Elman Rüstəmov də eynilə sizin kimi danışardı. Ya da siz
eynilə onun kimi danışırsınız.
Elman Rüstəmov mediaya açıqlama verən kimi ki: “manatın devalvasiyası
gözlənilmir”, səhəri gün manat təpəsi üstə gəlirdi yerə.
Özü də bu hal bir neçə dəfə təkrar olundu deyə Elman Rüstəmov manatın adını
çəkən kimi adamlar gecə ilə gedirdilər başqa valyuta – yəni dollar almağa.
Xırda biznesi olan, balaca dükan saxlayan, kiçik alverlə məşğul olan adamlara
Elman Rüstəmovun “gizli” mesajı bəs edirdi ki, adamlar işlərini bərk tutsunlar.
Yoxsa ki “dünya birjası elə getdi”, “yuan belə qalxdı”, “funt belə düşdü” ilə
vaxt itirməyə ehtiyac yoxdu.
İndi belə görünür ki, Taleh Kazımov da eyni taktika və strategiya ilə vəzifə
öhdəliklərini yerinə yetirir.
Üç ay əvvəl deyir ki, “Mən fərziyyələri şərh etmirəm. Hazırda ölkədə ciddi
problemi olan bank yoxdur”, üç ay sonra bank Azərbaycanın iqtisadi tarixinin
uzaq küncünə göndərilir.
Və növbəti sual ortaya çıxır. Hörmətli Taleh Kazımov, baxmayın, siz bizdən
qat-qat savadlı, iqtisadi bilikli, debitlə krediti ayıran, dünyagörüşlü
adamsınız. Bu necə olur ki, üç ay əvvəl bankın problemi olmur, amma üç ay sonra
bir qatar “diaqnozu” çıxır ortaya? Axı bank bir sistemdir. Üç aya xarab olacaq
bir qurum deyil.
Ya sizin də bankların necə çalışması ilə bağlı bilikləriniz elə mənimki
qədərdir, ya da yumşaq desək, “Muğan Bank” xeyli əvvəldən problemin içində
boğulurmuş, siz isə görməzdən gəlirdiniz.
İndi etiraf sizdə. Deyin, bilək, hansı versiya daha doğrudur?
Siz cavab verənə qədər, ya da heç cavab verməyənə qədər sizə bir sirr açım.
Bizim camaatın belini əvvəl sovetin pulu, “Sberkassa”sı, “Zolotoy zayom”ları
qırdı.
Sonra “Vahidbank” və onun kimi dələduz piramida şirkətləri çıxdı.
Aşağı-yuxarı, hamı başa düşdü ki, bu məmləkətdə pulunu döşəyin altına yığmaq
daha məqsədəuyğundur. Uzağı, qapına dəmir barmaqlıq, qapını da dəmir seyf qapı
edəcəksən. Amma bankda pulunun dalından dəyən olmayacaq.
Müstəqillik illərində iqtisadi vəziyyət düzəldikcə, az-çox firavanlıq
yaşandıqca insanımız yavaş-yavaş banklara inanmağa, etibar etməyə başladı.
Xırda-para pulunu əmanət elədi.
Bu gün də sizin kimi yüksəksəviyyəli peşəkar üç ay əvvəl dediyi sözün əksini
edərək bankı yolladı evə.
İndi sual olunur: Daha neçə bank “viruslu”dur?
Bu suala cavab olmadığı üçün də insanımız sabah üç-beş manatını banklardan
çıxartmaq üçün növbəyə düzəlsə, heç təəccüb etmərəm. Üç gün sonra da çıxıb
deyəcəksiniz ki, “bəs banklara etibar edin, pulunuzu sistemdən çıxarırsınız,
iqtisadiyyata zərbə vurursunuz”.
Paho, yenə də xalq günahkar çıxacaq!
Pulu gedən də xalq, malı gedən də xalq, əsəbdən ürək xəstəliyi tapan da xalq,
hələ “dayanıqlı iqtisadiyyata zərbə vuran” da xalq!
Sonda demək istərdim ki, əziz və hörmətli məmurlar! Sizin gizli şifrələrlə
xalqa mesaj göndərməyiniz nəticəsində biz çaş-baş qalırıq.
Xahiş edirik ki, bundan sonra yaranan problemlə bağlı birbaşa məlumat
verəsiniz. Biz də başımıza çarə qılaq.
Belə də ki, uzun ömür, cansağlığı…
Kubra Məhərrəmova