7f9bb928-da54-467a-8f94-f21e157b48b0..jpg

Taleh Məmmədov: “İranlı güləşçilərlə qarşılaşmaya əlavə motivasiya ilə çıxmışdım” – MÜSAHİBƏ + FOTO

Baxış sayı: 1. 105 dəfə baxılıb.

Taleh Məmmədov: “İranlı güləşçilərlə qarşılaşmaya əlavə motivasiya ilə
çıxmışdım” – MÜSAHİBƏ + FOTO

Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov karyerasına 2009-cu ildə
başlayıb.

63 kq çəki dərəcəsində çıxış edən idmançı 2019-cu (bürünc) və 2021-ci (bürünc)
illərdə Avropa, 2022-ci ildə (bürünc) dünya çempionatının mükafatçısı olub.

34 yaşlı güləşçi son olaraq Xorvatiyada keçirilmiş “Zaqreb Open” reytinq
turnirində qızıl medala sahib çıxıb.

Taleh Məmmədov bu yarış və gələcəkdəki planları ilə bağlı “Report”a müsahibə
verib.

– İlin ilk yarışında qalib oldunuz. Təəssüratınız necədir?

– İlk olaraq məndən qələbə gözləyən, bu uğuruma sevinən hər kəsə təşəkkür
edirəm. Tam formada olmasam da, xarakterim hesabına güləşdim və ölkəmə qızıl
medal bəxş etdim. Hər zaman olduğu kimi, bu turnirdə də qızıl medalsız
qalmadığımız üçün sevinirəm.

– Yarışın səviyyəsi barədə nə deyə bilərsiniz?

– Avropa və dünya çempionatlarında hər ölkənin 1 nömrəli idmançısı burada
mübarizə aparırdı. Amma bu kimi yarışlarda ölkələr bir çəkidə 3 nəfərlə də
təmsil oluna bilir. İki iranlı ilə üz-üzə gəldim və bunlar bir-birindən ağır
görüşlər oldu.

– İki iranlı güləşçini məğlub etdiniz. İndiki dönəmdə bu, sizin üçün nə qədər
önəmli idi?

– Bir ay əvvəl Bakıdakı Dünya Kubokunda bu iranlılardan birinə uduzmuşdum.
Bəzilərinin ürəyincə idi və haqqımda nə gəldi yazırdılar. Deyirdilər ki, idmanı
atmalıdır, qocalıb və yarışa aparılmamalıdır. Məni həqiqətən istəyənlər şəxsidə
yazıb fikirlərini bildirə bilərdilər. Bunlar bizim ölkəmizin qələbələrinə
sevinməyən insanlardır. Amma sübut etdim ki, idmanda qalib gəlmək də, məğlub
olmaq da var. Bunun yaşla əlaqəsi yoxdur, uduzduğum rəqibə də qalib gəldim.
Hazırda ölkəmə qarşı haqsızlıqların olduğunu da bilirəm. Bir az da olsa, qalib
gələrək xalqımızı sevindirə bildim. Məqsədlərimiz böyükdür. Digər yarışlara
yaxşı hazırlaşıb, bizi istəməyənləri nailiyyətlərimizlə susdurmalıyıq.

– Həmin görüşlərə əlavə motivasiya ilə çıxmışdınız?

– Əlbəttə. Çünki İrandakı səfirliyimizdə törədilən terrordan sonra onlara
qarşı ancaq qələbə haqqında düşünürdüm. Xalqımızın az da olsa, iranlı idmançı
üzərində qələbəmə sevinəcəyini bilirdim.

– Yarışdakı qələbənizi kimə həsr etdiniz?

– Bu, bizi istəyən hər kəsin uğuru idi. Mənim üçün xüsusi bir nəfər var,
qələbəmi də ona həsr edirəm (gülür).

– 2023-cü ilə yaxşı start verdiniz. Artıq olimpiya çəkisində güləşməyi
hədəfləyirsiniz?

– Bu il 63 kq-da güləşmək niyyətindəyəm. Əgər 60 kq-da bu il lisenziya qazanan
olmasa, növbəti il turnirlərin birində 60 kq-da özümü yoxlamaq istəyirəm.

– Lisenziya qazanacağınız təqdirdə olimpiadada hədəf nə olacaq?

– Artıq Avropa və dünya çempionatında qızıl medal qazanmağı hədəfləyirəm.
Qismət olsa, olimpiadada iştirak etsəm, medal üçün əlimdən gələni edəcəyəm.
Bundan sonra isə karyeramı bitirəcəyəm. Çünki bu şans bir də olmayacaq.

Source link