d13ce4da-cebe-40a0-9a71-4e4a854eda7f..jpg

Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirildi – YENİLƏNİB

Baxış sayı: 599 dəfə baxılıb.

Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirildi – YENİLƏNİB

Dövlət İmtahan Mərkəzi martın 12-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə
buraxılış imtahanı keçirib.

Mərkəzdən verilən məlumata görə, 5 şagirddə və 1 nəzarətçi-müəllimdə mobil
telefon, 1 nəfərdə isə “ağıllı” saat aşkarlanıb və araşdırma aparılması üçün
imtahan qərargahına təhvil verilib.

Qeyd olunan halla bağlı araşdırılma davam edəcək. Bundan əlavə, imtahanın
gedişi zamanı imtahan binasında əvvəlcədən gizlədilən 1 ədəd mobil telefon
aşkar edilib. Həmçinin Ağcabədi rayonunda imtahan keçirilən binaların birinin
arxa pəncərəsindən 2 nəfər kənar şəxs daxil olmağa cəhd edib və həmin şəxslər
saxlanılaraq polis əməkdaşlarına təhvil verilib. İlkin araşdırma nəticəsində
məlum olub ki, həmin şəxslər ötən illərin məzunlarıdır.

Bir nəfər ümumiyyətlə buraxılış imtahanlarında iştirak etməyib, digər şəxs isə
ötən il imtahanda iştirak edərək 20 bal toplamışdır. Faktla bağlı polis
əməkdaşları tərəfindən araşdırılma aparlır.

İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan –
şəxsiyyət vəsiqəsini evdə unudan, etibarlılıq müddəti başa çatan, şəxsiyyəti
təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı
üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.

Növbəti imtahanlarda iştirak edəcək şagirdlərə tövsiyə edirik ki, sənədləri
ilə diqqətli olsunlar. İmtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti
təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər
sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri
yapışdırılmış arayışı gətirməyi unutmasınlar.

Martın 13-dən etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin
emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların
yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 1 ay ərzində elan
olunması nəzərdə tutulur.

09:12

Bu gün Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami
rayonlarında, Gəncə (II zona), Naxçıvan, Mingəçevir şəhərlərində, Abşeron,
Samux, Daşkəsən, Ağstafa, Qazax, Tovuz, Sabirabad, Saatlı, İmişli, Qobustan,
Zərdab, Şamaxı, İsmayıllı, Cəlilabad, Yardımlı, Lerik, Biləsuvar, Ağcabədi,
Beyləqan, Füzuli, Ağdam, Zəngilan (Ağalı kəndi), Qax, Balakən, Zaqatala, Quba,
Şabran, Qusar rayonlarında, həmçinin xüsusi məktəblərdə (internat məktəbləri,
cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə), tədrisi gürcü dilində olan
məktəblərdə ümumtəhsil müəssisələrinin məzunları üçün buraxılış imtahanı
keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, imtahan saat 11:00-da
başlanır.

İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa
çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan
iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib
və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə
də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə
olunur.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

– İmtahana buraxılış vərəqəsi;

– Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar
da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti
tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar
və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı,
təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı
(arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə
təsdiqlənir).

Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 215 imtahan
binası, 3 880 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 629 ümumi
rəhbər və imtahan rəhbəri, 4 832 nəzarətçi-müəllim, 689 buraxılışı rejimi
əməkdaşı (mühafizə), 215 bina nümayəndəsi ayrılıb.

Martın 12-də keçiriləcək imtahanda 50 823 şagirdin iştirakı gözlənilir.

İmtahanda 47 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, serebral iflic,
eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin
rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb,
gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib.

Bu gün Zəngilan rayonu, Ağalı kənd tam orta məktəbində də buraxılış imtahanı
keçiriləcək. Bu Dövlət İmtahan Mərkəzinin işğaldan azad olunan rayonlarda
təşkil edəcəyi ilk imtahandır.

Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə
əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış
keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi
üçün zəruri şərait yaradılıb.

Source link