097e653a-3ed8-46ff-8d1e-8efdc65a54a2..jpg

Tam və birmənalı qələbə – “Kaspi”nin TƏHLİLİ + FOTO

Baxış sayı: 589 dəfə baxılıb.

Tam və birmənalı qələbə – “Kaspi”nin TƏHLİLİ + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan daha bir tarixi ana şahidlik etdi. Fevralın 7-də ilk dəfə olaraq
bütün suveren ərazilərimizdə növbədənkənar prezident seçkisi uğurla təşkil
olundu. Gözlənildiyi kimi, bu dəfə də xalqımızın seçimi qalib Prezidentİlham
Əliyev oldu. Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatlarına əsasən, İlham
Əliyev seçicilərin 92 faizindən çoxunun səsini alaraq inamlı qələbə qazanıb. Bu
seçki prosesi müstəqillik tariximizdə bir çox ilklərə imza atılmaqla da yadda
qaldı.

“Kaspi”

qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

İlk dəfə doğma yurdlarında səs verənlər

Öncə də qeyd edildiyi kimi, bu seçkini əvvəlki analoji proseslərdən
fərqləndirən ən başlıca cəhət onun artıq ərazi bütövlüyü, suverenliyi tam təmin
olunmuş Azərbaycanda keçirilməsi idi. Üç il öncəyə qədər dünyada 20 faiz
ərazisi 30 ildən artıq işğal olunmuş bir ölkə kimi tanınırdıqsa, indi vəziyyət
tam başqadır. Seçkinin bütün suveren ərazilərimizdə təşkili həm də Azərbaycanın
dünyada güclü, müstəqil və öz ərazi bütövlüyünü tam təmin etmiş bir ölkə olaraq
imicinin yüksəlməsinə səbəb olub. İlk dəfə olaraq işğal dövründə yurdlarından
didərgin düşmüş soydaşlarımız doğma el-obalarında səsvermə hüququndan istifadə
etdilər. Böyük qayıdış çərçivəsində Laçında, Şuşada, Ağalıda, Talış kəndində,
Füzulidə məskunlaşan minlərlə vətəndaşımızın seçkidə iştirakına beynəlxalq
müşahidəçilər, dünyanın aparıcı media orqanları şahid oldular. Onlar həm də
işğal dövrünün dağıntılarını, buna paralel olaraq qısa zamanda Azərbaycanın
şəhərlərini, kəndlərini necə sürətlə bərpa etməsini əyani olaraq gördülər. Bu
seçki həm də dünyaya bir daha Ermənistanla Azərbaycan arasındakı əsas fərqi
göstərdi. Bir tərəfdə qurulanı dağıdan, ekoloji, maddi-mənəvi terror əsdirən,
minalarla ölüm saçan bir dövlət. Digər tərəfdə isə quran, yaradan, yaşadan,
özünün olana sonuna qədər sahib çıxan Azərbaycan.

Xankəndidə ilk seçki

Növbədənkənar seçkidə ən çox diqqəti cəlb edən məqamlardan biri də Prezident
İlham Əliyevin səsvermə hüququndan Xankəndidə istifadə etməsi oldu. Bu addım
həm siyasi, həm də mənəvi mahiyyət daşıyır. İllərlə bu şəhər terror, separatizm
yuvası olaraq Azərbaycan dövlətinin milli maraqlarını, suverenliyini təhdid
edib.

Burada məskunlaşmış erməni separatçıları çoxsaylı “seçki” keçirərək
dövlətimizi təhdid edib. Azərbaycan ərazisində “ikinci erməni dövlətinin
yaradılması” ideyasının əsas qaynağı məhz Xankəndi olub. Xocalı soyqırımının,
digər faciələrimizin törədilməsi ilə bağlı qərarlar məhz buradakı xunta
rejiminin rəhbərliyi tərəfindən verilib. İndi bu qərarları verənlərin
əksəriyyəti ədalət məhkəməsinin onlar üçün çıxaracağı hökmü Bakıda dəmir
barmaqlılar arxasında gözləyir. Onlar Azərbaycan Prezidentinin Xankəndidə səs
verməsini də oradan izləyirlər.

Ali Baş Komandan Xankəndidə səsvermə hüququndan istifadə etməklə həm
Ermənistandakı revanşistlərə, həm də onların arxasında dayanaraq dövlətimizə
qarşı məkrli planlar quranlara birbaşa mesaj verdi: Qarabağ Azərbaycandır!
Xankəndi Azərbaycandır! Artıq Azərbaycan ərazisində separatizm ocağı yoxdur.
Azərbaycan Konstitusiyası, qanunlarımız dövlətimizin hər bir yerində tətbiq
olunur. Biz dövlət olaraq bir daha müstəqilliyimizi, ərazi bütövlüyümüzü,
suverenliyimizi, sərhədlərimizi təhdid edənlərin əl-qol açmasına imkan
verməyəcəyik.

Seçki günündə zəfər ab-havası

7 fevral seçkisini fərqləndirən cəhətlərdən biri də Vətən müharibəsindən sonra
keçirilən ilk seçki olmasıdır. Bu prosesdə hər birimiz artıq məğlub, qüruru
əyilmiş bir xalqın təmsilçisi kimi yox, qalib bir millətin, dövlətin vətəndaşı
olaraq seçim etdik. Seçki günü yaşanan ab-hava, məntəqələrdə müşahidə etdiyimiz
əhvali-ruhiyyə insanların sanki mənəvi bir rahatlıq tapdığını, müharibənin,
işğalın yaratdığı gərginliklərdən azad olduğunu göstərirdi. Təbii ki,
əmin-amanlığın, qələbənin əsas memarı Prezident İlham Əliyevdir. İnsanların
əksəriyyəti qalib ölkənin vətəndaşı olaraq qalib sərkərdəyə səs verdi.

Yüksək seçki mədəniyyəti

Növbədənkənar seçkinin ölkənin daxili ictimai-siyasi həyatında da dərin iz
buraxdığı şəksizdir. Prosesin başlanğıcından sonuna qədər seçki prosesi tam
anlamda sivil, demokratik və yüksək siyasi mədəniyyət dəyərlərinin nümayiş
olunduğu bir məcrada davam etdi. İstər təbliğat, istərsə də seçki günü
namizədlərin bir-birinə qarşı etik çərçivələr, qanunvericiliyin tələblərinə
uyğun formada mübarizə aparması diqqətlərdən yayınmadı.

Ən başlıcası isə seçkinin nəticələrinə, xalqın iradəsinə hər kəs hörmətlə
yanaşdı. Məğlub olanlar qalibi təbrik edərək ona gələcək fəaliyyətində uğurlar
arzuladılar. Əslində sivil, demokratik və hüquqi dövlətdə tələb olunan,
arzulanan və cəmiyyətin gözlədiyi də budur. Azad, ədalətli və şəffaf seçki
nəticəsində xalqın seçimi, iradəsi hər şeydən və hər kəsdən üstündür. Bu seçki
ilə bir daha dünyaya qalib xalq olmaqla yanaşı, yüksək siyasi mədəniyyətə sahib
olduğumuzu da nümayiş etdirdik.

Azərbaycan bir demokratiya dastanı yaşadı

Təbii ki, bizim üçün əsas olan Azərbaycan xalqının seçimidir, onun iradəsidir.
Lakin növbədənkənar seçki bir daha bizə xalqımızın iradəsinin əks olunduğu bu
prosesə beynəlxalq reaksiyaları müşahidə etmək imkanı qazandırdı. Seçkiyə bir
həftə qalmış Avropa Şurası Parlament Assambleyası çərçivəsində Azərbaycana
qarşı başlayan kampaniya fonunda beynəlxalq müşahidəçilərin
dəyərləndirmələrinin necə olacağı maraq doğururdu. Gözlənildiyi kimi, ölkəmizdə
bu prosesi izləyənlərin əksəriyyəti seçkinin tam demokratik, şəffaf və
qanunvericiliyə uyğun təşkil olunduğunu bəyan etdilər. “Seçim Azərbaycan
xalqının iradəsini əks etdirir, biz nə deyə bilərik?” deyən müşahidəçilər də
vardı. Bəli, bu seçki Azərbaycan xalqının iradəsidir. Ona hər hansı müdaxilə,
təzyiq və ya manipulyasiyalar qətiyyən yolverilməzdir. Azərbaycan əhalisi seçki
prosesində yüksək fəallıq nümayiş etdirərək öz Prezidentinə yüksək ehtiram
göstərməklə bu iradəyə qarşı çıxmaq istəyənlərin qarşısına böyük bir sədd çəkdi.

Beynəlxalq müşahidəçi Akkan Suverin də dediyi kimi, “Qarabağ dastanından sonra
Azərbaycan bir demokratiya dastanı yaşadı”.

Seçki dünya mediasının gözü ilə

Prosesə indi də dünya mediasının baxış bucağından baxaq. Qeyd edək ki,
növbədənkənar seçki dünya mediasının da çox böyük diqqətində idi.

Rusiyanın “Lenta.ru” saytının seçki ilə bağlı reportajında bildirilir ki,
beynəlxalq ekspertlərin fikrincə, Azərbaycan cəmiyyətini çox narahat edən
Qarabağ probleminin həllindən sonra İlham Əliyevin populyarlığı xeyli artıb.
“Bunu nəşrimizin müxbirinin seçkiyə bir neçə gün qalmış Bakı küçələrində
keçirdiyi sorğular da təsdiqləyib”, – məqalədə qeyd olunub. Rusiyalı
jurnalistlər işğaldan azad edilmiş ərazilərdə seçki prosesini də izləyiblər.

“Bütün seçicilər bir nəfər kimi İlham Əliyevi açıq şəkildə dəstəkləyərək doğma
torpaqlarına qayıtmaq imkanına, yeni evlərə görə ona təşəkkürlərini
bildiriblər”, – deyə müəllif qeyd edir.

“Exit poll”un nəticələrinə əsasən, Azərbaycanda keçirilən növbədənkənar
prezident seçkisində Prezident İlham Əliyev 93,9 faiz, Qarabağda isə demək olar
ki, 100 faiz səs qazanıb”, – bu isə “Euronews” kanalının proseslə bağlı ilkin
dəyərləndirməsidir. Qeyd edilib ki, bu, Azərbaycanın əvvəllər işğal olunmuş
bütün torpaqlarını azad edib, ölkənin bütün suveren ərazisini tam nəzarətə
götürməsindən sonra keçirilən ilk seçkidir: “Seçki komissiyası nümayəndələrinin
sözlərinə görə, seçkidə fəallıq yüksək olub və səsvermənin ilk doqquz saatında
səsvermə hüququna malik olanların 70 faizindən çoxu səs verib. Qarabağın tam
azad edilməsi və müharibədə qazanılan qələbə hazırkı prezidentə ictimai
dəstəyin səviyyəsini xeyli artırdı”.

Biz sadəcə iki müxtəlif qütbü təmsil edən medianın prosesə ümumi yanaşmasını
təqdim etdik. Göründüyü kimi, mövcud mənzərə, reallıqlar o qədər aydındır ki,
hansı düşərgəyə yaxın olmasından asılı olmayaraq, hər kəs bir məqamı etiraf
etmək məcburiyyətindədir. Qalib Azərbaycan xalqının seçimi qalib Prezidentidir.

Yeni dövr başlayır

Bəli, artıq Azərbaycan daha bir demokratiya sınağını uğurla başa vurdu.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bir dövr başa çatdı. İndi
dövlətimizin qarşısında yeni başlanğıclar, yeni bir yol var. Bu yol əldə
etdiyimiz tarixi qələbələrin möhürünü vuraraq bütün sahələrdə qarşımıza
qoyduğumuz yeni hədəflərə doğru inamla, qətiyyətlə irəliləməkdir. Bu yol
müstəqil Azərbaycanın daha da güclənməsi, işğaldan azad edilmiş ərazilərimizin
bərpası, keçmiş məcburi köçkün və qaçqınlarımızın öz evlərinə təhlükəsiz, rahat
qayıdışı, suverenliyimizə, ərazi bütövlüyümüzə qarşı təhdidlərin bundan sonra
da uğurla ortadan qaldırılması yoludur. Bu yol, bölgəmizdə sülh yoludur. Təbii
ki, Azərbaycanın milli maraqlarına, şərtlərinə və tarixi qələbələrdən sonra
yaratdığı yeni reallıqların tələblərinə uyğun bir sülh. Bu yolda hədəflərimizə
çatmaq üçün rəhbər olaraq Azərbaycan xalqının seçimi müzəffər Ali Baş Komandan,
qələbələrimizin memarı, adı ilə tarix yazan Prezident İlham Əliyevdir. Dövlət
başçısının da vurğuladığı kimi, onun fəaliyyətinin əsas güc mənbəyi xalqının
ona olan inamı və sevgisi, etimadıdır. Növbədənkənar prezident seçkisi ilə
xalqımız öz liderinə olan etimadını bir daha yenilədi. Xalq qalib liderinin
arxasında bir yumruq kimi birləşdiyini bütün dünyaya nümayiş etdirdi. Təbii ki,
yeni dövrə qədəm qoyarkən ölkə rəhbərliyinin əsas ilham qaynağı xalqından
aldığı bu etimad olacaq. Beləliklə, müstəqillik tariximizdə yeni bir səhifə
açılır. Bu səhifənin ağ vərəqlərini qızılı hərflərlə, uğur hekayələri ilə
yazacağımıza inamımız sonsuzdur. Seçimin mübarək, Azərbaycan!

Source link