Tamam Bayatlı: “Bakı-Supsa ilə Qazaxıstan neftinin ixracına dair danışıqlar
aparılır”
“Bakı-Supsa kəməri (Qərb İxrac Boru Kəməri) vasitəsilə Qazaxıstan neftinin
ixracı mümkündür”.
“Report” xəbər verir ki, bunu “bp Azerbaijan” şirkətinin İctimaiyyətlə
Əlaqələr Şöbəsinin müdiri Tamam Bayatlı bu gün Energetika Nazirliyinin Heydər
Əliyevin 100 illiyi münasibəti ilə jurnalistlər üçün Səngəçal terminalına
təşkil etdiyi press-tur çərçivəsində bildirib.
Onun sözlərinə görə, neftin daşınması üçün kommersiya məsələləri həll
edilməlidir:
“Burada yalnız kommersiya məsələləri həll edilməlidir. Düşünürəm ki,
Bakı-Supsanın istifadəsiz qalması düzgün olmaz”.
T.Bayatlı qeyd edib ki, bununla bağlı Qazaxıstanla Azərbaycan arasında
danışıqlar aparılır.
Qeyd edək ki, Qazaxıstan və Azərbaycan arasında 2023-cü ildə
Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 1,5 milyon ton neftin nəqlinə dair razılıq
əldə olunub.
Xatırladaq ki, Bakı-Supsa kəməri başlanğıcını Səngəçal terminalından götürüb,
Gürcüstanın Supsa terminalına qədər uzanır. Bu kəmər “Əsrin müqaviləsi”
imzalanandan sonra Azərbaycanın qısa müddətdə yaratdığı neft ixracı sisteminin
ayrılmaz bir hissəsidir.
Bu kəmər ilə Xəzərin Azərbaycan sektorunda hasil edilən neftin Gürcüstan
üzərindən dünya bazarlarına nəqli həyata keçirilir. Kəmər vasitəsilə xam neft
Qara dəniz sahilinə nəql edilərək Supsa terminalında tankerlərə yüklənir və
Bosfor boğazından keçməklə Avropa bazarlarına daşınır.
Kəmərin tikintisinə Azərbaycan və Gürcüstan arasında 1996-cı ilin martında
imzalanmış Hökumətlərarası Sazişdən sonra başlanılıb. İnşaat işləri 1998-ci
ilin noyabrında başa çatıb. Supsada ilk dəfə neft 1999-cu il aprelin 8-də
gəmilərə yüklənib. Aprelin 17-də isə kəmərin rəsmi açılış mərasimi keçirilib.
Kəmərin ümumi uzunluğu 829,6 km-dir. Onun 456,4 km-i Azərbaycandan, 373,2 km-i
isə Gürcüstan ərazisindən keçir. Kəmərin gəmiyükləmə qabiliyyəti 600 min
bareldən bir milyon barelə qədərdir. Kəmərin ötürmə qabiliyyəti gündə 90 min
bareldir (maksimum 106 min barel/gün).
Bu kəmər “Azəri-Çıraq-Günəşli” (AÇG) konsorsiumuna aid olduğu üçün səhmdarları
AÇG ilə eynidir: Bakı-Supsa boru kəmərində bp (30,37%), SOCAR (25%), “MOL
Group” (9,57%), INPEX (9,31%), “Equinor” (7,27%), “ExxonMobil” (6,79%), TPAO
(5,73%), ITOCHU (3,65%), “ONGC Videsh Limited” (OVL) (2,31%) pay sahibidir.