345bd5a3-9f1f-4e02-940a-5e7bfad01619..jpg

“Tamaşaçılar narazıdırlar, dublyaja tanışlarını çağırırlar, peşəkarlar kənarda qalıblar” – FOTO

Baxış sayı: 527 dəfə baxılıb.

“Tamaşaçılar narazıdırlar, dublyaja tanışlarını çağırırlar, peşəkarlar kənarda
qalıblar” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkəmizdə dublyaj sənəti 1937-ci ildə yaranıb. Müasir zamanda dublyaj olunan
filmlər bəzən izləyicilərin zövqünü oxşamır.

Moderator.az-a açıqlama verən Xalq artisti Sabir Məmmədov dublyaj sahəsində
maddi-texniki bazanın qıtlığından gileylənib.

“Tamaşaçılarımız hər zaman haqlıdırlar. Elə dublyaj filmləri var ki, doğrudan
da, tamaşaçıların ürəyincə deyil. Mən bunu açıq etiraf edirəm sizə. Çünki orada
tərcümə məsələsi, digər texniki məsələlər var. Məsələn, aktyor seçimi, səs
məsələsi və s. Dünya kinosunu Azərbaycanda təbliğ etmək üçün o nümunələri
dublyaj etdirmək ehtiyacı yaranır. Burada kompleks məsələlər var. Orijinal
filmlərin alınması, aktyorların seçilməsi, tərcümə, texniki avadanlığın yüksək
səviyyədə olması – bunların yoxluğu səsə və orijinala yaxınlaşmağa mane olur”,
– deyə aktyor bildirib.

Uzun müddətdir dublyaj sahəsində çalışan Gənc Tamaşaçılar Teatrının aparıcı
aktrisası Yasəmən Malik isə bu sahə ilə qeyri-peşəkarların məşğul olduqlarını
deyib.

“O vaxt “bu səs bizə lazımdır” deyib sırf o sənətçini dəvət edirdilər. İndi
səs axtarmırlar, kim kimin tanışıdırsa, onu çağırırlar. Buna görə də bəzən
peşəkarlar kənarda qalırlar. Halbuki, dublyajı vaxtilə biz başlamışıq. Bəzi
filmləri götürürdülər, amma yazmırdılar, saxlayırdılar. Deyirdilər ki, bu səs
yalnız bu aktyorun, bu aktrisanın səsidir. Həmin sənətçinin vaxtı, imkanı
olanda o film yazılırdı. İndi biz dublyajdan uzaq qalmışıq, əsasən də,
qocamanlar. O vaxt seçirdilər, səslərə dəfələrlə qulaq asırdılar, sonra qəbul
edirdilər. Hətta xoşlarına gələndə həmin aktyora, aktrisaya bir neçə dəfə film
yazdırırdılar. İmkan verirdilər ki, o öyrənsin, təkmilləşsin. Görəndə ki onda
həm aktyorluq bacarığı var, səsi gözəldir, həm də texnikası yaxşıdır, o zaman
daimi işləməyə başlayırdılar”, – deyə aktrisa bildirib.

Əməkdar artist Nəcibə Hüseynova bildirib ki, dublyajın hazırkı vəziyyəti onu
qane edir.

“Əvvəlkilərlə müqayisədə xeyli irəliləyiş var. Ən azından, nə qədər aktyor
yetişib, öz işlərini çox gözəl bacarırlar, öhdəsindən gəlirlər. Hələ cavanlar
gəlməkdədir. Dublyajı öyrənmək istəyənlər çoxdur. Digər tərəfdən, texnikada da
inkişaf var. Əvvəl alt səs eşidilirdi və yaxud da orada interşumlar o qədər də
eşidilmirdi. Ümumi səs götürülürdü, azaldılırdı və sonra bizim səs o səslərin
üzərinə qoyulurdu. Bütün bunlar keyfiyyətə təsir edirdi. Amma bunun da yolunu
tapıblar. Söhbət lisenziyalı filmlərdən gedir. Son vaxtlar daha çox lisenziyalı
filmlər dublyaj olunur. Ayrı-ayrı treklər göndərilir, bizim səsimiz yazılır və
oraya montaj olunur. Məncə, bizim hazırkı dublyaj olunan filmlərin keyfiyyəti
heç də pis deyil”, – deyə aktrisa bildirib.

Source link