TANAP layihəsi üzrə işlərin 93 faizdən çoxu tamamlanıb

TANAP layihəsi üzrə işlərin 93 faizdən çoxu tamamlanıb

Baxış sayı: 3. 279 dəfə baxılıb.

Bu gün Ankarada TANAP-ın İdarə Heyətinin ümumi iclası keçirilib.

ÇıxışYolu.Com xəbər verir ki, iclasda artıq tamamlanmaqda olan TANAP-ın birinci fazası üzrə görülən işlər barədə İdarə heyəti üzvlərinə ətraflı məlumat verilib.

Qeyd edilib ki, Türkiyənin Əskişəhər bölgəsinə qədər olan birinci faza üzrə işlərin təqribən 99%-i yekunlaşıb. Avropaya qədər olan işlərin isə təqribən 80%-i həyata keçirilib. Ümumilikdə layihə üzrə işlərin 93%-dən çoxu tamamlanıb.

Hazırda bütün işlər ilkin qrafikə uyğun şəkildə, yüksək dəqiqlik və tikinti keyfiyyəti nəzərə alınaraq davam etdirilir.

 “Cari ilin ikinci yarısından etibarən əvvəlcədən planlaşdırıldığı kimi TANAP-la 6 milyard kubmetr həcmində qaz Türkiyəyə ixrac olunacaq. Tikinti işlərinin qrafikə uyğun olaraq vaxtında və yüksək keyfiyyətlə tamamlanması üçün bütün tərəflər üzərlərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməlidirlər”, – deyə SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.

Xatırladaq ki, 2015-ci ildə təməli qoyulan 1850 kilometrlik TANAP vasitəsi ilə başlanğıcda ildə 6 milyard kubmetr həcmində qaz Türkiyəyə ötürüləcək, 2020-ci ilin əvvəlindən TAP kəmərinə birləşdiriləcək TANAP-ın ümumi ötürücülük həcmi 16 milyarda çatdırılacaqdır.

Sonrakı mərhələlərdə isə kəmərin ötürücülük həcmi 31 mlrd. kubmetrə çatdırıla bilər.

Layihədə Azərbaycan 58%, BOTAŞ 30% və BP isə 12% paya malikdir.

www.ÇıxışYolu.Com