Tanınmış aktrisanın etirafı: “O hadisə məni tamam dəyişdi…” – MÜSAHİBƏ + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Amaliya xanım dünyasını dəyişəndən sonra idarəçiliyi qızı Aynur xanım edir və
o da teatra eyni nəfəsi gətirib”.
Bunu tanınmış aktrisa Zülfiyyə Qurbanova Teleqraf.com-un suallarını
cavablandırarkən deyib.
Onunla söhbəti təqdim edirik:
“Onda soruşsaydınız, deyəcəkdim ki, sevmişəm”
– Xoşbəxt aktrisa, yoxsa xoşbəxt qadınmı?
İndi həyatımda yaradıcılıq daha ağır basır. Amma ümid edirəm ki, bir gün hər
ikisi balansı qoruyub saxlayar. Müəyyən yaşa gələndən sonra sən bilmirsən ki,
həyatda gerçək olan nədir… İndi daha realistəm, romantikaya qapılmıram. İnsan
həyatda sevirmi və o sevgidirmi? Bəlkə beş il, ya səkkiz il öncə məndən sevgi
ilə bağlı fikrimi, həmçinin sevib-sevmədiyimi soruşsaydınız, deyəcəkdim,
sevmişəm. Amma indi bilmirəm. Müəyyən həyat hadisələrindən sonra çox
dəyişmişəm. Mənim üçün sevgi, yaxud əbədi sevgi ana sevgisidir.
Amma hər kəslə dil tapan, uyumlu insanam. Bəlkə də, kənardan iddialı və sərt
görünürəm.
“Ağzı söz tutmayan aktrisalar səndən çox pul alanda…”
– Azərbaycanda bahalı aktyor, bahalı aktrisa yoxdur. Axı bizdə filmlərin
büdcəsi nə qədərdir ki, hələ bahalı aktyor və aktrisadan da söhbət getsin…
O qədər qiyməti yuxarı deyib sənət göstərməyən adamlar var. Halbuki onlarla
müqayisədə orta bir qiymətə çəkilib mükəmməl aktyor işi ortaya qoyan aktyor və
aktrisalarımız var. Mənim üçün sənət kamera önündədir, müqavilədə yazılan
deyil. Sadəcə adama toxunan odur ki, bütün rollarını eyni oynayıb, bacarıqsız,
istedadsız, ağzı söz tutmayan aktyor-aktrisalar müqavilədə səndən çox pul
alırlar. Yalan deməyəcəm, bu, adama təsir edir.
Bölgü olmalıdır. Hər kəsə qonorar aktyor işi, istedadı, imza atdığı
layihələri, təcrübəsi nəzərə alınaraq hesablanmalıdır.
Türkiyədə aktyorlar istədiyi qonorarı özləri tərtib edir və menecerləri,
prodüserləri bu işə təhkim olunurlar. Bizim nə menecerimiz, nə prodüserimiz, nə
maliyyəçimiz var. O qədər qazanmırıq ki, onlara əlavə büdcə də ayıraq.
Aktyorun dərdini dediyi, sözünün keçdiyi yer olmalıdır. Bunu kimsə
yaratmalıdır və bizi ətrafında toplamalıdır. Səmimi desək, bizdə aktyorların
birləşmə problemi var.
Hərdən deyirəm ki, daha aktyorların problemləri barədə danışmayacağam. Mən də
başqaları kimi ancaq özümə aid məsələlərdən söz açacağam. Məsələn, 39 yaşım
var, indiyə kimi heç bir işdən başıaşağı çıxmamışam, yaradıcılığım göz
qabağındadır. Fəxri adım və ya mükafatım da yoxdur. Çox istəyərəm olsun, bu,
sənət adamı üçün stimuldur.
“Aktyorlar sevgi adamlarıdır”
– 17 ilə yaxındır mərhum aktrisa Amaliya Pənahovanın yaratdığı Bakı Bələdiyyə
Teatrında işləyirəm. Mənim və eləcə də bir çoxlarının Bələdiyyə Teatrına
sadiqliyi düşünürəm ki, birinci növbədə Amaliya xanıma olan sevgidən irəli
gəlir. Çünki Amaliya xanım bizi, biz də onu çox sevirdik.
Bizi həmişə qorumağa çalışırdı. Amaliya xanım dünyasını dəyişəndən sonra
idarəçiliyi qızı Aynur xanım edir və o da teatra eyni nəfəsi gətirib. İnsanlar
heç vaxt doğma olan yerlərdən getmək istəmirlər. Biz bəyəm əziyyət çəkdiyimiz,
amma doğma bildiyimiz yerləri tərk eləyirik? Yox. Çünki orada sevgi tapmışıq.
Aktyorlar sevgi adamlarıdır.
“Onu polisə verdim, məlum oldu ki…”
– Tez-tez eşidirəm, deyirlər, heç kimin oynamadığı rolları oynayır, elə
bilirsiniz, mən hər rol təklifinə razılaşıram? Yox… Təmas səhnəsi, bu və ya
digər cəhətdən məni qane eləməyən səhnələrin olduğu rollardan imtina etmişəm.
İmtina etdiyim təklif isə məni heç vaxt düşündürməyib. Əgər bir şey mənim
deyilsə, deməli, razılaşmamışam, razılaşmışamsa, deməli, mənimdir.
Bunu bir dəfə müsahibəmdə demişdim, camaata qəribə gəlmişdi. Mən rolları
seçib, qəbul edəndə özümdən, sonra gələcək şərhlərdən də arxayınam. Bəlkə də
bu, çox iddialı səslənir. Amma həqiqətən özümdən arxayınam. Çünki enerjimi
yaradıcılığıma sərf eləyən adamam və mən əminəm ki, orada artıq bir şərh ola
bilməz. Şəxsiyyətimə, əxlaqıma toxunan nəsə olsa, qanun qarşısında cavab
verəcək.
“Əqrəb mövsümü” serialı efirdə yayımlanan ərəfədə belə bir problem olmuşdu.
Oradakı rolumla bağlı bir nəfər sosial şəbəkədə artıq-əskik yazmışdı. Mən o
adamı polisə verdim. Polis o adamı tapdı və məlum oldu ki, əqli problemli
adamdır.
Bilirsiniz, mənə görə hər kəs yazdığı fikrində azaddır. O halda ki, şəxsiyyəti
alçaldan nəsə olmasın.
Kimsə yaza bilər ki, bu qızdan xoşum gəlmir. Bu, çox normaldır, özü bilər.
Bunun mənim həyatıma, yaradıcılığıma, gözəlliyimə heç bir mənfi yaxud müsbət
təsiri yoxdur. Bəyəm hamı hamını sevir? Yox.
“Demişdi, heç bir efirdə bunu danışıb ağlama…”
– Digər tərəfdən cəmiyyət özünə arxayın, iddialı, kamera önündə bütün günü
ağlayıb dərdini tökməyən, dərdini, acısını mərd çəkən insanları çox az sevir.
Anam dünyasını dəyişəndə məni efirə çağırırdılar, kövrəlib ağladığım
hissələrin sonradan kəsilməsini xahiş edirdim. Sağ olsunlar, xətrimi çox
istəyən aparıcı dostlarım xahişi yerə salmırdılar. Amma canlı efir olanda özümü
birtəhər sıxıb otururdum. Mən istəmirəm ki, kimsə məni kövrələn görsün. Ağrımı,
həyatda üzləşdiyim hər hansı bir çətinliyi danışıb insanların duyğularına,
kövrək damarlarına toxunub onlardan yaradıcılığıma sevgi dilənmək istəmirəm.
Buna ehtiyac yoxdur. Məni yaradıcılığımla sevsinlər.
Mənim duyğularım, insan olaraq hisslərim bütün çılpaqlığıyla ancaq doğma
bildiyim – bu, qan doğması və ya sonradan doğmalaşdığım insanların yanında
açıqlana bilər. Kamera önündə heç vaxt… Lazım deyil, hərənin özünə görə
problemləri var. Mən bəyəm problemsiz adamam? Kimsə mənə deyəndə ki, gözlərin
qəribədir, qəmlidir… Deyirəm, hər kəsin yaşadığı gözünə yansıyır.
Bir dəfə aktrisalardan biri efirdə keçmiş həyatı ilə bağlı danışıb, kövrəldi
və hönkür-hönkür ağlamağa başladı. Anam mənə sarı döndü, dedi, bilirəm
kövrəksən, mən rəhmətə gedəndə heç bir efirdə danışıb ağlama… Dedim, ana, bu
nə sözdü danışırsan? Amma o söz mənim beynimdə qaldı.
“Buna görə özümü tənqid edirəm”
– Necə başa salım… Anam rəhmətə gedəndə itki o qədər təzə idi ki, o ağrıya
tab gətirməyə çalışırdım. Emosionallığa qapılıb sosial şəbəkədə tez-tez
paylaşımlar edirdim, paylaşdıqca kədərimin azalacağını sanırdım. Amma heç nə
azalmır, əksinə üstünə gəlir, ona görə gərək heç paylaşmayasan… Buna görə
özümü tənqid edirəm.
“Elə bilirdilər ki, incəsənətdən getmişəm”
– Bəlkə mənim bu sözlərim kiməsə qəddarcasına görünə bilər. Mən anam öləndən
sonra çox dəyişdim. Bir bu mövzuda həssasam və 50 il keçsə, yenə də anam haqda
danışanda kövrələcəm. Hər kəsin başına gələ biləcək bir şeydir.
Mən düz insanam, ya məni sevin, ya sevməyin, orta balansım yoxdur. Çünki mən
özüm verici tərəfəm. O qədər tanıdıqlarım var idi ki, o ağır dönəmlərimdə mənə
yaxın düşmədilər, acıma biganə yanaşdılar, mən də qəti olaraq o insanları
həyatımdan sildim.
Xoş günlərində iştirak etdiyim insanları qarşılıq olsun deyə xoş günümə məcbur
çağırtdıracağam. Amma acı günlərinə getməyəcəm. Bu qədər kəskin…
Kin saxlamıram, amma unutmuram. Kin saxlayıb pislik eləmərəm. Mən ağrımı özüm
sağaltdım. Yaxşı ki, bu, belə oldu və mən içimdəki bir çox şeylərdən arındım.
Əvvəllər soyuqqanlılığı oynayırdım. Amma indi soyuqqanlıyam. Hissiyyatımı
həmişə gizlətməyə çalışırdım ki, insanlar bundan istifadə eləyib məni
incitməsinlər. Artıq dəyişmişəm.
O çətin günlərimdə elə bilirdilər ki, incəsənətdən getmişəm, daha çəkilməyəcəm.
Anamın vəfatının 8-ci günü serialın çəkiliş meydançasında idim. Hər
səhnələrarası fasilədə otağa girir, hönkürüb ağlayır, sonra makiyajımı düzəldib
özümü toparlayıb kamera önünə çıxırdım.
“Anamın tövsiyəsi…”
– Ümumiyyətlə, incəsənətdə dostlarım yoxdur. Gözəl münasibətdə olduğum
insanlar çoxdur, amma şəxsi dostluqlar qurmuram. Bu mənim anamın tövsiyəsidir.
Yanımda olan hər kəsin yanındayam, başlarına bir şey gəlsə, mənə güvənə
bilərlər. Amma… Anam deyərdi ki, evinə çox girib-çıxan olan adamın evinin
söhbəti danışılır. Qonşu çox gələrsə, yaxşını görüb əsəbiləşib danışacaq,
pisini görüb sözünü danışacaq. Ona görə öz qabımda olmaq mənə rahatlıq verir.
Hərdən soruşurlar ki, nə zaman ailə quracaqsan, deyirəm, inşallah, soruşurlar
yeni iş var, “inşallah olar” deyirəm. Cümlələr sanki əzbərlənib, amma bu,
səmimiyyətsizlik deyil. Çünki məndən onu soruşan adamla daha artığını onsuz da
danışa bilməyəcəm.
Halbuki iç səsimlə danışdığım çox yaxın dostum, rəfiqəm var.
“Şöhrətin ən yaxşı pik həddi…”
– Şöhrət mənim üçün heç nə ifadə etmir. Mən şöhrətin pik həddini çox
yaşamışam. “Həyat, sən nə qəribəsən” serialı efirdə yayımlananda bir küçə yol
gedə bilmirdim. Görənlər tanıyır, saxlayıb fikirlərini deyirdilər. Bu sevgiyə
görə hamısına təşəkkür edirəm. Halbuki orada mənfi obraz oynayırdım, amma çox
sevilirdi. Həm nifrət edirdilər, həm də çox istəyirdilər. Mənə əsəbləşə
bilmirdilər.
Bu fikirdəyəm ki, qəşəng iş görəcəksənsə, deməli, şöhrət də gələcək.
“O bu cür mühitdə var olan bir qadındır”
– Tamaşaçılar tezliklə Səadətlə tanış olacaq. Belə həyat hekayəsi, belə bir
ağır həyat tərzi yaşayan, bu cür mühitdə var olan bir qadın rolunu ilk dəfə
oynayıram. Rol təkliflərində diqqət etdiyim ən vacib nüans yeni obrazın
digərlərinə bənzəməməsidir. Yəni fabrik istehsalı kimi nə gəldi oynayıb
tamaşaçıların ixtiyarına buraxmağı sevməmişəm.
Çalışıram ki, rollar dəyişsin, kəskin şəkildə seçilsin. Səadət bu mənada çox
fərqlənir və bunu yaxın günlərdə tamaşaçılar da görəcək. Mən Səadəti sevərək
oynadım.
“Vətəndaş A” serialı Cəfər Cabbarlının “Almaz” əsərinə xitabən yazılmış serial
ssenarisidir. Ssenari müəllifi Asiman Ağa Rövşən, serialın rejissoru Elvin
Rüstəmzadə, proyektin rəhbəri isə Sevinc Əliyevadır. Çox maraqlı serial
olacağına inanıram. Çəkilişlərimiz digər serialdakı kimi olmadı. Yəni səhnələri
bir neçə günə toplayıb, plan yerinə yetirircəsinə çəkmədik. Sanki bir film
çəkirik təəssüratı yaranır.
İstər rejissor işi, istər aktyorun səhnədəki iş gedişatında rolun həlli
baxımından, istərsə texniki işin keyfiyyəti baxımından hər səhnə film kadrları
kimi çəkildi. Mən bu sözlərimi vaxtilə bir serial haqqında da demişdim. Həmin
serial Azərbaycanda ajiotaja səbəb oldu.
Yaxşı mənada dediklərim öz təsdiqini tapdı. Ümid edirəm və inanıram ki,
“Vətəndaş A” haqqında dediklərim və düşündüklərim də reallaşar.