Tanınmış ilahiyyatçının qardaşının işi ekspertizaya göndərildi

Tanınmış ilahiyyatçının qardaşının işi ekspertizaya göndərildi

Baxış sayı: 3. 049 dəfə baxılıb.

Tanınmış ilahiyyatçının qardaşının işi ekspertizaya göndərildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümünə səbəb olan sürücü Şamil Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

ÇıxışYolu.Com-ın xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə mərhum Vüsal Quliyevin hüquqi varisi, onun anası Rəfiqə Quliyeva çıxış edib.

O bildirib ki, Ş.Həsənov hadisə zamanı avtomobili saatda 175 km-lə sürətlə idarə edib. Ş.Həsənov isə avtomobilini saatda 60 km-lə sürətlə idarə etdiyini söyləyib. Daha sonra məhkəmə cinayət işini yenidən ekspertizaya göndərilməsi barədə qərar çıxarıb.

Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, yol-nəqliyyat hadisəsi bu il martın 12-də Sumqayıt şəhərində baş verib.

Belə ki, Həsənov Şamil Bəhram oğlunun sərxoş halda idarə etdiyi “Hyunday Azera” markalı, 99 DV 039 dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Koroğlu küçəsində hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud şəkildə pozması nəticəsində Həsənov Eldar Cəmşid oğlunun idarə etdiyi 50 BE 671 dövlət qeydiyyat nişanlı, “Oka” markalı avtomobillə toqquşub. Nəticədə E.Həsənov və sərnişin Quliyev Vüsal Vidadi oğlu hadisə yerində vəfat edib.

Faktına görə Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263-1.4-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Ş.Həsənov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Ş.Həsənov Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin məzunudur. O, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənovun qardaşıdır.

Etibar Məmmədov
www.ÇıxışYolu.Com