Milyonçu iş adamı Əbülfəz Babayevin külli miqdarda pulunu dələduzluq yolu ilə
mənimsəyənlər – Əliyar Abbasov, Ümid Abbasov, Asiman Əzizov, Məhərrəm
İbrahimli, Pərvin Zeynallı, Ramal Əzimov və Xəyalə Hüseynovanın cinayət işinin
məhkəmə hazırlıq iclası keçirilib.
Cixisyolu.com-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aytən
Əliyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərin anket
məlumatları dəqiqləşdirilərkən onlardan biri Ramal Əzimovun onkoloji xəstəliyi
ilə bağlı prosesdə iştirakı təmin olunmadığından məhkəmə noyabrın 7-dək təxirə
salınıb.
Külli miqdarda dələduzluqda təqsirləndirilən Əliyar Abbasov, Ümid Abbasov,
Asiman Əzizov, Məhərrəm İbrahimli, Pərvin Zeynallı, Ramal Əzimov və Xəyalə
Hüseynovanın məhkəmə prosesinin hazırlıq iclası keçirilib.
Təqsirləndirilən Ramal Əzimov onkoloji xəstəlikdən əziyyət çəkdiyinə görə
məhkəmə prosesində iştirak edə bilməyib. Digər təqsirləndirilən Pərvin Zeynallı
və Məhərrəm İbrahimli barəsində polis nəzarəti altında qətimkan tədbiri seçilib.
Qeyd edək ki, cinayət işində zərərçəkmiş şəxs qismində tanınan Əbülfəz
Əmirastan oğlu Babayev “Olympus” şirkətlər qrupunun təsisçisidir. Bakı-Şamaxı
yolunda “Lukoyl” yanacaqdoldurma məntəqəsinin sahibidir. Həmçinin bir çox
tikinti layihələrində təsis payı var. İttihama görə, təqsirləndirilən şəxslər
qabaqcadan əlbir olub zərərçəkənin 2 milyon 500 min manat pulunu ələ keçirib
dələduzluq ediblər.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusi külli
miqdarda dələduzluq etmə), 193-1.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən
istifadə etməklə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər
əmlakı leqallaşdırma) və 228.4-cü maddəsi ilə ittiham irəli sürülüb. Onu da
qeyd edək ki, mübahisə predmeti olan mülklərdən biri hazırda ARB telekanalının
fəaliyyət göstərdiyi Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən binasıdır.
Elgün Həsənli