a0f4bd18-9be7-49d8-b6df-688a4c058486..jpg

Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında

Baxış sayı: 504 dəfə baxılıb.

Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış modeli döyməkdə təqsirləndirilən Ziya Hüseynzadənin digər cinayət işi
üzrə növbəti məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad
Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

O, ifadəsi zamanı iş üzrə zərərçəkmiş şəxs kimi tanınmış Kənan Rəsulov barədə
danışıb:

“Audit işi ilə bağlı 2019-21-ci illər arasında müqavilə imzalamışıq. Layihədə
qanunsuzluqlar isə 2022-ci ildə ortaya çıxıb. Bizə auditlə bağlı müraciət isə
2022-ci ilin ortasında olub. İlin ortasında müraciət olunub deyə audit üçün il
sonunu gözləməli idik. Bizim audit apardığımız 2019-21-ci illər arasında heç
bir qüsur aşkarlanmayıb”.

Təqsirləndirilən Z.Hüseynzadə zərərçəkmişlə olan əlaqələrindən və imzaladığı
müqavilələrdən danışıb:

“Kənanı “Muğanbankın” şöbə müdiri olan dostuma görə tanımışam. O xarici dili
bilmirdi deyə sənədlər barədə kömək etmişəm. Layihənin davamlılığı üçün Avropa
Yenidənqurma və İnkişaf Bankına hesabatlar təqdim edirdik”.

Məhkəməyə ifadəsi zamanı təqsirləndirilən Z.Hüseynzadə zərərçəkmiş şəxslə daha
əvvəl xidməti müqavilə imzaladığını deyib:

“2022-ci ilin yanvarın 6-da biz Kənan Rəsulovla 224 min dollarlıq xidməti
müqavilə imzaladıq. Kənan bununla razılaşdı. Bizim işimiz kreditin ayrılması
ilə bağlı deyildi. Altı ay sonra isə hüquqi müqavilə imzaladıq. O zaman pulun
necə veriləcəyi ilə bağlı Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Kənan
arasında razılıq əldə edildi. Həm kredit, həm də qrant ayrıldı. Bu işləri Kənan
özü edib”.

Təqsirləndirilən şəxs, həmçinin, bildirib ki, zərərçəkmişlə arasında bağlanan
müqavilə ilə bağlı ona heç bir ödəniş edilməyib.

Məhkəmə prosesi mayın 8-nə təyin edilib.

Növbəti prosesdə təqsirləndirilən şəxsin ifadəsi davam edəcək.

Qeyd edək ki, “PKF Audit Azerbaijan” və “PKF Audit Consultinq” MMC-lərin
təsisçisi olan Ziya Hüseynzadənin dələduzluq, vəzifə saxtakarlığı kimi əməllər
törətməsinə şübhələr müəyyən edilib.

İstintaqla Z.Hüseynzadənin 2022-23-cü illərdə digər şirkət rəhbərləri ilə
əlbir olaraq onlara məxsus obyektlərin fəaliyyətinin genişləndirilməsi təyinatı
üzrə kredit verilməsinə dair Avropa Yenidənqurma və İnkişaf Bankına etdikləri
müraciətlər üzrə külli miqdarda qanunsuz kredit vəsaitləri alınmasına əsaslı
şübhələr aşkar edilib.

Həmçinin, 2022-ci ildə təsisçisi olduğu şirkətin bank hesabında olan pul
vəsaitini nağdlaşdırmaq məqsədilə saxtalaşdırdığı rəsmi sənədlərdən istifadə
etməklə həmin MMC-nin direktorunun xəbəri olmadığı halda onun adından şirkətin
depozit hesabından təsərrüfat xərci adı altında külli miqdarda pul vəsaitini
məxaric etməsi müəyyənləşib.

Xatırladaq ki, təqsirləndirilən Ziya Hüseynzadə tanınmış model Raziyyət
Əliyevanı döyməkdə təqsirləndirilir. Bununla bağlı açılmış cinayət işi üzrə də
hazırda məhkəmə araşdırması davam edir.

Source link