Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxsin növbəti məhkəmə prosesi olub:
Şahidlər dindiriliblər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
2017-ci ildə Azərbaycan gözəli seçilən, tanınmış model Raziyyat (Razi)
Əliyevanı döyərək şantaj etməkdə təqsirləndirilən Ziya Hüseynzadənin növbəti
məhkəmə prosesi baş tutub.
“Unikal”ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səyavuş
Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər dindiriliblər.
İş üzrə şahid qismində ifadə verən Urfan Məcidli, Nizam Vəliyev, Elçin Bədəlov
və Rövşən Əkbərov bildiriblər ki, Raziyyat Əliyevanın özünə məxsus olduğu iddia
etdiyi avtomobilin texniki pasportunda Razinin deyil, məhz Ziya Hüseynzadənin
adının qeyd olunduğunu görüblər.
Şahid Yafət Həsənov isə təkcə avtomobilin evakuatorla götürülməsinin şahidi
olduğunu bildirib. Onun sözlərinə görə, Ziya Hüseynzadənin zərərçəkmiş şəxsin
anası olan Xadijat Əliyevanı evinə qalxdığını, orada olan qapısını sındırdığını
və təhqiramiz ifadələr işlətdiyini görməyib:
“İstintaq dövründə verdiyim ifadə mənə aid deyil, o izahatı təzyiq altında
imzalamışam”.
Zərərçəkmiş şəxsin anası Xadijat Əliyeva isə şahidin ifadəsinə narazılıq edib.
Şahid isə “Nə qədər ki ruhum üstümdədi, dedikləriniz heç vaxt olmayıb və
yalandır!” deyib.
Zərərçəkmiş şəxsin anasının sözlərinə görə, təqsirləndirilən şəxs Ziya
Hüseynzadədən heç vaxt pul almayıb. Lakin təqsirləndirilən şəxsin vəkilləri
tərəfindən təqdim edilən maddi sübutlar bunun da yalan olduğunu üzə çıxarıb.
Daha sonra məhkəmə iclasında şahid qismində zərərçəkmiş şəxsin yaxın
rəfiqələri Kamila Süleymanova və Aytən Muxtarova da ifadə veriblər. Onlar
ümumiyyətlə Raziyyat Əliyevanın Ziya Hüseynzadə tərəfindən döyüldüyünü
görmədiklərini, ancaq döyülməsi barədə məlumatları Razi Əliyevanın özündən
eşitdiklərini bildiriblər.
Təqsirləndirilən şəxs Ziya Hüseynzadə bildirib ki, Razinin ən yaxın rəfiqəsi
olan Kamila Süleymanova ilə daha yaxın münasibətləri olub və bir müddət
Gürcüstanda onunla birlikdə yaşayıb.
Hakim zərərçəkmiş şəxs Razi Əliyevanın prosesə gəlməməsi ilə bağlı onun anası
Xadijat Əliyevaya xəbərdarlıq edib. Bildirib ki, bu hal növbəti dəfə
təkrarlansa, zərərçəkmiş barəsində polis nəzarəti altında məcburi gətirilmə
barədə qərar qəbul edəcək.