88cc2864-c140-4a16-b901-7da93688ca75..jpg

Tanınmış modelyer məhkəmədən atasının qatillərinə ən ağır cəza verilməsini istəyib – FOTO

Baxış sayı: 770 dəfə baxılıb.

Tanınmış modelyer məhkəmədən atasının qatillərinə ən ağır cəza verilməsini
istəyib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış modelyer Elnarə Bəkirovanın
atasının qətlində təqsirləndirilən Mustafa Zeynalov və Namiq Əliyevin cinayət
işi üzrə məhkəmə prosesi başlayıb.

“Report”un məlumatına görə, hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən
prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, təqsirləndirilən şəxs Mustafa Zeynalov əvvəllər polis
orqanlarında müstəntiq vəzifəsində çalışıb. O, hüquq-mühafizə orqanlarında
törətdiyi cinayətə görə 5 il azadlıqdan məhrum edilib.

Prosesdə iştirak edən zərərçəkmiş Elnarə Bəkirova atasının qatillərinə ən ağır
cəza verilməsini istəyib.

Təqsirləndirilən şəxslər bildiriblər ki, onlar dövlət tərəfindən vəkillə təmin
olunsa da, özləri fərdi vəkillə müqavilə bağlamaq niyyətindədirlər, buna görə
də prosesin təxirə salınmasını istəyiblər.

Zərərçəkmiş Elnarə Bəkirova isə təqsirləndirilən şəxslərə etiraz edib.

Proses noyabrın 2-də davam etdiriləcək.

İttihama görə, bu il aprelin 6-da Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsi,
Ləhic bağları yaşayış massivində 1954-cü il təvəllüdlü Kamran Bəkirovun
üzərində olan 300 min manatla itkin düşməsi barədə polisə məlumat daxil olub.

Polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin
şəxsin öldürülməsi və meyitinin gizlədilməsi məlum olub.

Davam etdirilən təxirəsalınmaz tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli
bilinənlər – əvvələr məhkum olunan 1953-cü il təvəllüdlü Mustafa Zeynalov,
1984-cü il təvəllüdlü Namiq Əliyev saxlanılıb.

İstintaqla Mustafa Zeynalov və qohumu Namiq Əliyevin cinayət əlaqəsinə girərək
üzərində olan külli miqdarda pul vəsaitini ələ keçirmək məqsədilə Kamran
Bəkirovu xüsusi amansızlıqla qəsdən öldürmələri, daha sonra cinayətin izlərini
gizlətmək məqsədilə meyiti su quyusuna atmaları və həmin pulu ələ keçirmələrinə
əsaslı şübhələr müəyyən edilib.

Mustafa Zeynalov və Namiq Əliyevə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4,
120.2.6, 120.2.11 (bir qrup şəxs tərəfindən başqa cinayəti gizlətmək və
quldurluqla əlaqədar xüsusi amansızlıqla adam öldürmə), 181.3.2 və 181.3.3-cü
(külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər
vurulmaqla quldurluq) maddələrilə ittiham elan edilib.

Qeyd edək ki, qətlə yetirilən 69 yaşlı Kamran Bəkirov biznesmen olub. O,
rəssam-modelyer Elnarə Bəkirovanın atasıdır.

Source link