Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Əziz Əbdüləzizin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
ÇıxışYolu.Com-ın xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
İttihama münasibət bildirən özünü təqsirli bilməyib.
Sonra zərərçəkmiş şəxs qismində İxtiyar Həsənov ifadə verib. O deyib ki, 1997-ci ildən tikinti şirkəti ilə məşğul olan şirkəti var. Onun sözlərinə görə, Xanoğlan adlı işçisinin vasitəsilə tanınmış rejissor Arif Qazıyevin köməkçisi Abdulla ilə tanış olub:
“Söhbət zamanı Abdulla mənə dedi ki, Arif Qazıyevin bir tanışı var və o, tikinti işi təşkil edə bilər. Sonradan Arif Qazıyevlə tanış oldum.
Arif Qazıyev mənə dedi ki, tender yolu ilə məktəb tikintisini tanışı vasitəsilə alıb, mənə verə bilər. Sonra mən Arif Qazıyevlə birgə Əzizin ofisinə getdik və orada danışdıq. Əziz isə bu işləri görmək üçün məndən 50 min manat pul istədi.
Mən də Arif Qazıyevin yanında 50 min manat pulu Əzizə verdim. İşi düzəltdiyinə görə, halallıq olması üçün Arif Qazıyevə də əlavə 10 min manat pul verdim. Ancaq sonradan Əziz işin alınmadığını əsas gətirərək, pulumun bir hissəsini qaytardı. Mən də Arif Qazıyevdən 10 min manatımı tələb etdim. O isə pulun əvəzində mənə Şamaxıda özünə məxsus torpaq sahəsini verdi”.
Zərərçəkmiş onu da əlavə edib ki, Ə. Əzizova sərhəddən 40 ədəd boru yüklənmiş “TIR”ın keçirilməsi üçün də pul verib:
“Üç yüz min manat pul verdim. Bu pulu da Türkiyə şirkəti vermişdi. Mən işin alınmadığını görüb, sonradan öz şirkətimin hesabına türklərin pulunu geri qaytardım”.
İttihama görə, Ə. Əbdüləziz aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tikinti işləri ilə məşğul olan tanışı, “ALFA LTD” şirkətinin rəhbəri İxtiyar Həsənova məktəb tikintisi işlərini tender yolu ilə alıb ona verəcəyinə dair yalan vəd verib.
Belə ki, o, İ. Həsənovdan 2011-ci ildə 50 min manat pul alıb. Bu pulun 25 min manatını sonradan geri qaytarıb, qalan hissəsini isə dələduzluq yolu ilə ələ keçirib.
Bundan başqa, Ə. Əziz Türkiyədən gətirilmiş plastik borularla yüklü 40 ədəd “TIR” tipli avtomaşını gömrük rüsumundan müəyyən qədər azad edəcəyini və tez bir zamanda sərhəddən buraxdıracağını vəd edərək, İ. Həsənovdan 300 min manat məbləğində pul alıb. Lakin o, vədinə əməl etməyərək, zərərçəkmişi növbəti dəfə aldadıb.
Etibar Məmmədov
www.ÇıxışYolu.Com